Gəncə işi ilə bağlı prezidentə və vitse prezidentə müraciət edildi-"Axı siz də valideyinsiniz..."
Featured

02 May 2019

Bu barədə məhkumun bacısı Nigar Verdiyeva vetenugrunda.az-a açıqlama verib.

O, bildirib ki, qardaşının vəziyyəti ağır olsa da ona heç bir tibbi yardım göstərilməyib: "Qardaşım Verdiyev Şahin Səməndər oğlu Gəncə hadisələri ilə bağlı şərlənərək həbs edilib. Uşaqlqıdan o, nevroloji xəstəlikdən əziyyət çəkirdi. Daim həkim nəzarətində olub. Həbs edildikdən sonra ona istintaq müddətində ağlasığmaz işgəncələr verilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin müstəntiqi Orxan Babayevin göstərişi ilə qardaşımın başına torba keçirib, əllərini arxadan qandallayıb "tok veriblər". Bu ona verilən işgəncələrdən hələ biridir. Qardaşıma "tok" verilən zaman o, iki dəfə huşunu itirib. Hər dəfə üstünə təcili yardım çağırıblar, ayılandan sonra yenidən başına torba keçirib "tok"la işgəncə veriblər. Əllərini arxadan bağlayıb, huşunu itirənə qədər təpikləyiblər, dubinkalarla döyüblər. Başına o qədər vurublar ki, huşunu itirib".

N.Verdiyeva deyir ki, Nizami rayonunun polis rəisi Ədalət Sadıqovun göstərişi ilə qardaşına işgəncə veriblər. Qardaşına verilən işgəncələr, üstəlik 9 ay müddətində yaxınları ilə görüşməsinə, hətta telefon danışığına qoyulan qadağa onun bütün sağlamlığını məhv edib: "Qardaşımın onsuzda sağlamlığını məhv etmişdilər istintaq zamanı. Amma məhkəmədə hakimin və dövlət ittihamçısının kobud rəftarı qardaşıma elə ağır zərbə vurdu ki, axır bu gərginlik onun infarktı ilə nəticələndi".

N.Verdiyeva deyir ki, "aprelin 21-də qardaşımın vəziyyəti pisləşib, o, infarkt keçirib. Saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında iki həkim olub, biri yaşlı, bir cavan. Yaşlı həkim qardaşıma tibbi yardım edilməsinə imkan verməyib. Cavan həkim qardaşıma bir ağrıkəsici vurub. Aprelin 23-də axşamüstü qardaşım Müalicə Müəssisəsinə köçürülüb. Bu günə qədər ona heç bir tibbi yardım edilməyib. Qardaşım deyir ki, Mərkəzin Məhhərəm adlı həkimi analiz götürüldüyün deyib. Həkim deyib ki, analizin cavabı nə zaman gəlsə, o zaman müalicəyə başlayacağıq. İnfarkt keçirən insana bir həftədir ki, heç bir tibbi yardım edilməyib. Qardaşımın kürəyi göyərib. O, sinəsindəki şiddətli ağrılardan dayana bilmir. Sol ayağını tərpədə bilmir.  

Qardaşımın qolları işləmir. Bizim gözümüzün önündə, heç bir günahı olmayan qardaşım ölümlə üz-üzədir. Lakin biz heç nə edə bilmirik. Media vasitəsilə ölkə başçısına, onun xanımına, birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edirik, xahiş edirik, qardaşımın öldürülməsinə imkan verməsinlər. Axı onlar da valideyindir". 

Müstəntiq Orxan Babayev

Hazırda Sabunçu rayon Məhkəməsində Şahin Verdiyevin də təmsil olunduğu 8 nəfərlik qrupun məhkəmə prosesi davam edir. Hər həftənin 4-5 -ci günləri saat 11:00-da məhkəmə başlayır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə iştirak edən media nümayəndələri və hüquq müdafiəçiləri bildirib ki, məhkəmədə Şahin Verdiyevə qarşı edilən kobudluq və hakimin Orxan Babayevi müdafiə etməsi, eyni zamanda zərəçəkmiş qismində gələnlərin əslində ittiham edilənlərə polis idarəsində işgəncə verən şəxslər olması məhkəmədə çox aqressiv durum yaradıb.

Картинки по запросу imanov dadaş hüseyn oğlu

Hakim Dadaş İmanov

Polis idarəsində saxlananlara olmazın işgəncələr verən şəxslərin zərərçəkmiş qismində məhkəmədə iştirak etməsi, eyni zamanda təqsirləndirilən şəxlərin işgəncə faktlarına toxunarkən, onların gülüşüb, bir-birinə him -cim etməsi dəmir çərçivədə, əlləri bağlı oturdulan məhkumlarda və onların zalda oturan yaxınlarında çox ciddi psixoloji gərginlik yaradıb. Bütün bu gərginlik Şahin Verdiyevin ifadə verərkən halının pisləşməsinə səbəb olub. Lakin hakim Dadaş İmanov məhbusa ilkin tibbi yardım göstərilməsinə şərait yaratmayıb. Valideyinləri hakimə Şahinin səhhətindəki problemlərlə bağlı xəstəlik kağızını təqdim ediblər: "Qardaşım 8 yaşından nevroloji müalicə alır. Onun sağalması üçün Rusiyada da müalicə etdirmişik. Hakim Dadaş İmanov isə deyir ki, sizin təqdim etdiyiniz sənədlərdən xəbərim var, tanış olmuşam."

Qeyd edək ki, mayın-2-də saat 11.00- da Sabunçu rayon məhkəməsində Şahin Verdiyevin də daxil olduğu qrupun və Gəncə işi ilə bağlı şərlənərək həbs edilən digər bir qrupun açıq məhkəməsi keçiriləcək.  

YADDAŞ 

Şahin Səməndər oğlu Verdiyev 2018- ci ilin iyulun 10-də Gəncədə icra hakimiyyətinin qarşısında baş verən etiraz aksiyası zamanı kameraya düşdüyü üçün həbs edilib. İcra hakimiyyətinin yaxınlığındakı Gəncə mall ticarət mərkəzində usta işləyən Ş.Verdiyev meydandan keçərək, iş yerinə gedən zaman kameralara düşüb. İyulun 20-də Goranboyun Xoylu kəndində atasının yas mərasiminin 4-cü günündə Goranboy polisi Şahin Verdiyevi mərasim çadırından götürüb aparıb idarəyə. İki saatdan sonra onu Gəncə şəhərindəki Nizami rayon polis idarəsinə göndəriblər.

Top
JoomlaLock.com All4Share.net