"Əli bəy, xalqımıza deyin ki..." GƏNCƏ İŞİ
Featured

03 May 2019

Bu gün Sabunçu rayon məhkəməsində Gəncə olayları ilə bağlı şərlənərək həbs edilən bir qrupun məhkəmə iclası keçirilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmədə AXCP sədri Əli Kərimli də iştirak edib. Pariya sədri məhkəmə ilə bağlı qeydlərini sosial şəbəkəə paylaşıb.

Vetenugrunda.az Əli Kərimlinin sosial şəbəkədə paylaşdığı statusunu olduğu kimi oxuculara təqdim edir:

"Əli bəy, xalqımıza deyin ki, "Gəncə işi" üzrə həbs olunan bizlərə ermənilərin Xocalıda xalqımıza verdiyi işgəncələrin eynisini veriblər". Bu sözləri bu gün iştirak etdiyim "Gəncə işi" məhkəməsində təqsirləndirilən şəxslərdən biri şüşə qəfəsin arasından qışqıraraq çatdırdı. Sosial şəbəkələrdən oxumuşdum ki, "Gəncə işi" üzrə təqsirləndirilən şəxslərdən ikisi olduqca ağır vəziyyətdə məhkəməyə gətirilib.

Beyninə qan sızdığı üçün paralic vəziyyətdə olan Şahin Verdiyev elə bu vəziyyətdə də iki nəfərin qolları arasında məhkəməyə gətirilib. Digər ağır xəstə olan təqsirləndirilən şəxs Asif Cavadov isə elə məhkəmədə huşunu itirib, yerə yıxılıb. Məhkəməyə təcili yardım çağırılıb. Digər təqsirləndirilən Həbib Qurbanov isə onlara qarşı baş verən haqsızlığa etiraz əlaməti olaraq özünə qəsd edəcəyini bildirib.

Bu məlumatları oxuyub bu gün şəhər mərkəzindən kənarda – Sabunçu məhkəməsində keçirilən "Gəncə işi" üzrə 2 ayrı qrupun məhkəməsində iştirak etdim. Bədəninin bir hissəsi paralic vəziyyətdə olan, ağzı çox sərt şəkildə əyilmiş, danışa bilməyən Şahin Verdiyevi yenə də həmin vəziyyətdə sürüyüb gətirmişdilər məhkəməyə.

Asif Cavadov da həmçinin çox ağır vəziyyətdə idi. Heç bir tibbi biliyi olmayan adam da görə bilərdi ki, bu şәxslәrin həyatına ciddi təhlükə var, onlar nəinki özünü müdafiə etmək, hətta ətraflarında baş verənləri anlamaq iqtidarında belə deyillər. Ancaq onları yenə də məhkəməyə gətirmişdilər ki, mühakimə etsinlər. Vəkillərin, qohumların, digər təqsirləndirilən şəxslərin ciddi etirazlarından sonra məhkəmə iclası nəhayət, bu gün təxirə salındı. Mən də "Gəncə işi" üzrə qonşu zalda keçirilən digər qrupun məhkəməsində iştirak etdim.

Məhkəmələrdən əvvəl isə təqsirləndirilən şəxslərin ailə üzvlərini dinlədim. Onlar mənə çox dəhşətli haqsızlıqlardan, həbs olunan şəxslərə verilən işgəncələrdən danışdılar. Əksəriyyəti bu fikirdədir ki, ötən il iyul ayının 10-da Gəncə Şәhәr İcra Hakimiyyəti qarşısındakı azsaylı mitinq şәhәrdә iri miqyaslı repressiya həyata keçirməklә qorxu mühiti yaratmaq üçün hakimiyyətin özü tərəfindən təşkil olunub. Bildirdilər ki, həbs olunanlar cinayət törətməyiblər (Gəncədə 2 yüksək rütbəli polisi öldürmüş şəxslər və hətta onlarla yaxın münasibəti olanlar da güllələnib). Hər halda şəhərdə 100-lərlə videokameralar quraşdırıldığı halda indi mühakimə olunan şəxslərin konkret hansısa cinayəti bu videokameralarda әksini tapmır.

Həbs olunanların bir qismi icra hakimiyyəti qarşısında etiraz aksiyasında iştirak edib və bunun da cəzası uzaqbaşı inzibati həbs ola bilərdi. Mənə onu da danışdılar ki, hazırda mühakimə olunan şəxslər əsasən kasıb ailələrin üzvləridir. Əsassız olsa da "Gəncə işi" üzrə indi mühakimə olunan 60 – 70 nəfərdən qat-qat artıq adam cəlb edilmiş, çoxlu sayda insanlardan böyük miqdarda rüşvət alınmış, kasıb ailələrin nümayəndələri də kütləvi şəkildə həbs olunmuşdur.

Əvvəldən də bilirdim, bu gün isə tam əmin oldum: "Gəncə işində" dəhşətli haqsızlıqlara, əsassız həbslərə yol verilib. Ən pisi isə bu iş üzrə həbs olunan insanlara çox dəhşətli işgəncələr verilib. Hətta bu gün dindirilən şahid belə (ona qarşı heç bir ittiham irəli sürülməyib, sadəcə şahid kimi dindirilib) ona işgəncə verildiyini bildirdi. İstintaq vaxtı həmin şahidin lazımı ifadələri imzalaması üçün gözlərini bağlayıb işgəncə veriblər.

İlham Əliyevin 16 illik hakimiyyəti ölkəmizdə işgəncəni adiləşdirib. İndi korrupsiya ilə paralel işgəncə də artıq dövlət siyasətidir. "Gəncə işi" üzrə təqsirləndirilən şəxslərin yaxınları mənə danışdılar ki, onlar siyasətdən uzaq, sadə insanlar olublar. Ancaq qanunsuz həbs növbəsi onlara da çatıb, işgəncə maşını onların da qapısını döyüb. Susmayın ki, sıra sizə çatmasın!

AXCP sədri Əli bəy Kərimli".

Top
JoomlaLock.com All4Share.net