Gəncə məhbusu zindandan məktub yazıb
Featured

05 May 2019

Siyasi məhbus Firudin Zeynalov zindandan məktub yazıb.

Vetenugrunda.az məktubu oxuculara təqdim edir: "Əziz həmvətənlər! Xalqımızın böyük əksəriyyətinin müsəlman olduğunu nəzərə alaraq qarşıdan gələn mübarək Ramazan ayı münasibəti ilə Sizlərlə bəzi fikirlərimi bölüşmək istədim. Uzun illərdir din alimlərimizin mübarək Ramazan ayının ibadətləri haqqında geniş söhbətləri olduğundan toxunacağım mətləb müsəlmanların bu mübarək ayda siyasi-ictimai vəzifələri haqqındadır.

Bildiyimiz kimi, bu mübarək ayda oruc tutmaq bəzi istisnalar olmaqla hər kəsə vacibdir. Amma çox təəssüflər ki, bu illər ərzində nəinki ibadət etməyən xalqımız, hətta ibadət edən möminlərin əksəriyyəti belə bu ayda oruc tutmağın mahiyyətinin yalnız yemək və içməkdən, eləcə də bəzi günahlardan pəhriz etməkdən ibarət olduğu düşüncəsindədirlər. Məsələnin həqiqəti isə daha zəngin və genişdir.

İslam dininin bütün sahələri əhatə etdiyini, eləcə də siyasi-ictimai məsələlərə xüsusi diqqət ayırmasını nəzərə alsaq, bu mübarək ayın bərəkətli günləri ərzində bizim ən böyük vəzifəmiz nəfsimizlə maksimum hədd cihad etməkdir. Cihad bəzi insanlar üçün qorxunc səslənsə də mübarizə anlamındadır. Əlbəttə ki, mübarizənin də bir çox növləri var, amma indi qeyd etdiyimiz mövzu nəfslə, şeytanla və zülmkar insanlarla mübarizədən bəhs edir.

Məntiqlə düşünsək biz nəinki yalnız mübarək Ramazan ayında, bütün zamanlarda həm nəfsimizlə, həm şeytanla, həm də şeytansifət zülmkar insanlarla mübarizə aparmalıyıq. Sadəcə Allah Təala bu mübarək ayda bizlərə xüsusi imtiyazlar və imkanlar vermişdir ki, bundan yararlanaraq, Əziz Peyğəmbərimizin (s) – "Vətəni sevmək imandandır" – hədisinə nəzər etsək vətən sevgisinə biganəliyin acılarını dərk etmək çox da çətin deyil.

Digər bir hədisdə isə islam Peyğəmbərinin (s) müqəddəs Qurani-Kərimin Ali-imran surəsinin 104-cü ayəsində qeyd olunmuş – "Gərək sizdən (insanları) xeyir işə dəvət edən, yaxşı işə buyuran və pisliklərdən çəkindirən bir dəstə olsun.

Məhz onlardır nicat tapanlar!"-ın təfsirində - "Əgər insanlar bir-birlərini yaxşı işlərə dəvət etməyib, pis işlərdən çəkindirməsələr, Allah ən pis və şər insanları onlara hakim edər". buyurmuşdur. Bu kəlmələri xartırlatmaqda məqsədim budur ki, bu gün xalqımıza ən pis və şər insanlar hökmranlıq etdiyindən hər bir Azərbaycan vətəndaşının bu diktator rejimlə mübarizə aparması vətəndaşlıq borcuyla yanaşı, həm də mənəvi bir vəzifədir.

Allah-Təalanın zülmkarlarla mübarizə aparanlara rəğbəti və dəstəyi olduğunu, eləcə də bu mübarək ayda müsəlmanlara daha çox mənəvi güc toplamağa şərait yaratdığını nəzərə alaraq elə bu mübarək ayda bütün ibadətlərimizlə yanaşı zülmkarlarla mübarizəmizə daha geniş və sivil qaydalarla güc verməliyik. Ramazan ayı bitdikdə Şəvval ayının 1-i Fitr bayramı qeyd olunur və bu gündə hamı bir-birini bayram münasibəti ilə təbrik edir. Oruc tutan da, tutmayan da, nəfsiylə, iblislə, zülmkarla mübarizə aparan da, aparmayan da. Amma hər bir bayramın öz fəlsəfəsi və məntiqi olmalıdır.

İnsan o vaxt bayram edir ki, hər hansı bir nailiyyəti, qələbəsi və s bu kimi hallar olur. Bu nailiyyətlər ümumi olanda kütləvi şəkildə ya hər hansı xalqın, ya ümumbəşərin bayramı kimi qeyd olunur. Fitr bayramının da fəlsəfəsi budur ki, insanlar Ramazan ayı boyunca Allahın əmrlərini icra etməyə müvəffəq olduqda insanlar bu nailiyyətə, nəfs, şeytan və şər qüvvələr üzərindəki qələbəyə görə bir-birlərini təbrik edirlər.

Mənim bütün inanclı xalqımızdan xahişim budur ki, bu mübarək Ramazan ayında hamılıqla oruc tutmaqla, tək nəfsimizlə deyil, eyni zamanda hakimiyyəti uzun illərdir qəsb etmiş diktator rejimlə də mübarizə aparaq. Müxalif düşərgənin meydanlarda apardığı sivil mübarizələrə dəstək olmaqla bu rejimin devrilməsinə, xalqımızın gələcəyi, bu günü üçün demokratik bir hakimiyyət qurmağa nail olaq. Bu hakimiyyətin hansısa dövlətlər və təşkilatlar tərəfindən devriləcəyi nağılllarını başımızdan atıb, buna özümüz nail olaq.

Çünki buna xalqımız nail olarsa hakimiyyətin mənbəyi də elə xalq özü olacaq. Nə Qərb dövlətləri, nə Amerika, nə İran, nə Türkiyə, nə də Rusiyanın ölkəmizdə heç bir qanunsuz hegemonluğu olmayacaq. Hakimiyyəti təmsil edənlər xalqın iradəsiylə seçilərsə, məcbur olub xalqımıza xidmət edəcək.

Əgər belə bir qələbəyə nail olsaq, mən də Sizlərə saxlanıldığım Təcridxanadan nəfsimiz və zülmkar hakimiyyət üzərindəki qələbə münasibəti ilə "Fitr bayramınız mübarək" adlı məktub yazaram. Allah hamımızı bu qələbənin sevincini yaşamağa müvəffəq eləsin. Amin"
Hörmətlə, Firudun Zeynalov. Bakı istintaq Təcridxanası".

YADDAŞ

2018-ci ildə Gəncədə İmamzadə ziyarətgahında keçirilən Aşura mərasimi zamanı polis əmakdaşları ilə ziyarətçilər arasında baş vermiş insidentlə bağlı təqsirləndirilən dini fəal Firudin Zeynalov həbs edilib. O, və digər həbs edilənlər CM-nın 315.2 və 221.3 maddələri ilə ittiham edilib. 

2018-ci ilin 2 noyabr tarixində Gəncə şəhər Kəpəz rayon Məhkəməsində hakim Yaşar Həşimovun sədrliyi keçirilən məhkəmə iclasında eyni maddələrlə ittiham edilsələr də digər 6 şəxs 1 il 4 ay müddətinə, Firudin Zeynalovun isə 3 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm oxunub. 

Top
JoomlaLock.com All4Share.net