Məhbus ailələrinin aksiyasının qarşısı alınıb-VİDEO
Featured

08 May 2019

Mayın 7-də Gəncə hadisələri ilə bağlı həbs edilmiş və işgəncələrə məruz qalmış Gəncə məhbuslarnın yaxınları Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.

Etirazçılar "Gəncə işi" ilə bağlı istintaqa rəhbərlik etmiş Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin müstəntiqi Orxan Babayevin, Gəncə polis İdarəsinin rəisi Ədalət Sadıqovun və digərlərinin fotolarını nümayiş etdirib, hökumətdən insanlara həbs və istintaq zamanı işgəncə vermiş şəxslərin hüquqi məsuliyyətə cəlb edilməsini tələb edib. 

Polislər etiraz aksiyasını dağıdıb və Gəncə məhbuları Elmir Hüseynovun, Abbas Abbasovun valideyinləri ilə aksiyanı işıqlandıran jurnalistləri saxlayıb. Polis saxlananları Səbail rayon 9-cu polis bölməsinə aparıb. 

"Biz jurnalıistlər, - Arzu Abdulla, Sevinc Sadıqova və Teymur Kərimov, Gülnaz Qəmbərova - aksiya zamanı polis tərəfindən saxlanıldıq. İki saatadək Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsində saxlanıldıqdan sonra azad buraxıldıq. Amma valideyinlər hələ də polis bölməsindədir", deyə Arzu Adulla "Amerikanın Səsi"nə bildirib.

Qeyd edək ki, 9-cu polis bölməsində saxlanan Gəncə məhbuslarının valideyinləri gecə saat 20:00-da sərbəst buraxılıb.  

YADDAŞ

2018-ci il iyulun 10-da Gəncə şəhərində icra hakimiyyətinin qarşısında baş tutan aksiya ilə əlaqədar 200 nəfərə yaxın şəxs saxlanılıb. Bu aksiyanın 3 iyulda Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevi güllələyən Yunus Səfərova verilən işgəncələrə qarşı bir etiraz olduğu iddia edilsə də əsl mahiyyət hələ ki, qaranlıq qalmaqdadır.

İki polis zabitinin öldürülməsi ilə nəticələnən aksiyaya görə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanılaraq istintaq aparılıb.

Aksiya zamanı meydanda olan və meydanın ətrafından keçən şəxslər, hətta işə, evə və ya ticarət mərkəzinə gedənlər həbs edilib. Həbs etdikləri adamların bəzilərinin dostlarını və ailə üzvlərini də saxlayıblar. Bu adamların hamısının olay zamanı polislərə müqavimət göstərdikləri və bu müqavimətin meydandakı kameralarda görüntüləndiyini iddia etsələr də, məhkəmə zamanı heç bir video göstərilməyib. Hətta meydandakı kameraların görüntüsünü ittiham edilənlərin vəkilləri və valideyinləri tələb edib, bu barədə vəsatət qaldırıb. Lakin bütün vəsatətlər rədd edilib. Vəkillər isə deyir ki, işlə tanış olarkən onlara olayla bağlı disklər təqdim edilib ki, bu disklərdəki videogörüntülərdə onların müdafiə etdikləri şəxslər ya yoxdur, ya da ki, kənardan görünürlər. Onların hadisələrə müdaxiləsini sübut edən heç bir dəlil olmasa da Gəncə şəhər polis idarəsində, Kəpəz rayon polis idarəsində, Yevlax rayon polis idarəsində və Gəncədəki Nizami rayon polis idarəsində saxlanan müddətdə ağlasığmaz işgəncələr verilib. Məhkəmə zamanı çıxış edənlər ifadələrə işgəncə altında imza atdıqlarını bildiriblər.

Bəzi saxlananlara isə hətta Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (bandotdel) işgəncə verilib.

Məhkəmə zamanı ittiham edilən şəxslərin hər biri bildirib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Orxan Babayevin rəhbərliyi ilə istintaq müddətində onlara ağlasığmaz işgəncələr verilib. Hakimlər və dövlət ittihamçıları bu etiraflara sərt şəkildə reaksiya vermələrinə baxmayaraq, ittiham edilənlər daha çox onlara O.Babayevin elktroşokla işgəncə verdiyini deyiblər.

Qeyd edək ki, 200 nəfər saxlansa da, onlardan bəzilərinə verilən 30-20 sutka inzibati cəzanı bitirdikdən sonra azadlığa çıxıb. Lakin 76 nəfər şəxsi məhkəməyə çıxarmağa qərar verilib və 6 qrupa ayrılıb. İki qrupun məhkəməyə çıxarılması avqusta qədər uzansa da digərlərinə Sabunçu Rayon Məhkəməsində hökm oxunub. İki qrupun məhkəməsi Sabunçu rayon məhkəməsində, 4 qrupun isə Bakı Apellyasiya məhkəməsində məhkəmə prosesi davam edir.

Onu da qeyd edək ki, 20-30 sutka inzibati cəza verilən şəxslərin yenidən həbs edilməsi Azərbaycan qanunvericiliynə ziddir. Lakin bu gün hökm oxunanların əksəriyyəti inzibati cəza alıb.

Hüquq müdafiəçiləri və həbsdə olan şəxslərin ailə üzvləri həbs və istintaq zamanı insanlara ağır işgəncələr verildiyini bildirir. Onlar işgəncə faktlarının araşdırılıb hüquqi qiymət verilməsı tələbi ilə dəfələrlə müxtəlif hökumət qurumlarının binaları qarşısında askiyalar keçirib, ölkə prezidentinə müraciət qəbul ediblər.

Top
JoomlaLock.com All4Share.net