Şuşanı erməni işğalından azad edən Azərbaycanın ilk hərbi naziri-Xosrov bəy Sultanov
Featured

10 May 2019

Bu gün dövlət xadimi, Qarabağın general-qubernatoru, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri Xosrov bəy Paşa bəy oğlu Sultanovun (1879 – 1943) doğum günüdür.

O, 1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasının Qurdqajı kəndində (indiki Laçın rayonu) dünyaya göz açıb.

Xosrov bəy Sultanov Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili alıb. 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanovdur. Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci hökumət kabinetində Xosrov bəy hərbi nazir postuna təyn edilib. O, Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvü olub.

Soltan bəyin nəvəsi, Bakı Metropolitenində baş mühəndis işləyən Elbrus Muradov Xosrov bəy Sultanovun gözünün birindən necə məhrum olması barədə xatirələrini bölüşüb.

Elbrus bəy bildirir ki, Xosrov bəy Odessa Tibb Universitetində Nəriman Nərimanovla tələbə yoldaşı olub. Tələbəlik dövründə küçədən keçərkən bir rus zabitin yoldan keçən qıza sataşdığını görən Xosrov bəy qızı müdafiə edir və bu da duellə nəticələnir. Birinci gülləni zabit atır və güllə bəyin gözünü zədələyir. Amma yaralı Xosrov bəy də zabiti öldürür. Sonradan məlum olur ki həmin qız Odessa Universitetinin rektorunun qızıdır. Həmin qızla evlənən Xosrov bəyin ondan Murad adlı bir oğlu olsa da, o, lap kiçik yaşlarında dünyasını dəyişib.

Xosrov bəy Sultanov 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin olunub. Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt ediblər. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilib, Xankəndi və Şuşa geri alınıb. 

1920-ci ildə Qızıl ordunun Azərbaycana daxil olduğu xəbərini eşidən Xosrov bəy Sultanov özünü Qarabağ İnqilabi Komitəsinin sədri elan edir və Sovet ordusunun gəlişini gözlədiyini Nəriman Nərimanova deyir. Nəriman Nərimanov isə onun yerinə Dadaş Bünyadzadəni təyin edir. 

1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlanır. O, Türkiyədə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşayıb, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışıb. Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Sultanov Trabzonda məskunlaşıb.

Xosrov bəyin ölüm tarixi 2016-cı ilin fevral ayına kimi 1947-ci il, vəfat yeri isə Trabzon göstərilsə də məzarının yeri dəqiq məlum olduqdan sonra 7 yanvar 1943-cü ildə vəfat etdiyi və məzarının da İstanbulun Feriköy qəbiristanlığında olduğu məlum olub. 

Top
JoomlaLock.com All4Share.net