Öldürülən və həbs edilən hərbiçilərin yaxınları etiraz aksiyası etdi-VİDEO
Featured

11 May 2019

Mayın 10-da Tərtər olayları ilə bağlı həbs edilənlərin və öldürlən hərbiçilərin yaxınları etiraz aksiyası keçirib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, etirazçılar öldürülən və uzunmüddətli həbs cəzası alan yaxınlarının tapdanmış haqlarının bərpa edilməsini tələb ediblər.

YADDAŞ

2017-ci ilin may ayında ölkəni sözün əsl mənasında şoka salan bir rəsmi xəbər yayıldı. Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin bəyanatı (https://mia.gov.az/?/az/news/view/1085) ciddi narahatlıq törətməklə yanaşı xeyli şayiələrin yayılmasına səbəb oldu.

Sonradan yayılan rəsmi məlumatlarda günahlandırılan bir neçə hərbçinin öldüyü göstərilirdi. İstintaq bitdikdən sonra iş Tərtər Rayon Hərbi Məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxslərlə bağlı ayrı-ayrılıqda bir neçə məhkəmə artıq başa çatıb. Tərtər Hərbi məhkəməsinin 3 hökmü ilə 22 nəfərə (11 nəfər, 7 nəfər və 4 nəfər) 5 ildən 20 ilə qədər azadlıqdan mərhumetmə qərarı çıxarılıb. Həmin hökmlər Gəncə Apellyasiya Məhkəməsində qüvvədə saxlanılıb.

İşgəncələrə məruz qalaraq dünyasını dəyişən 9 nəfərlə bağlı iki məhkəmə prosesi hazırda Tərtər Hərbi Məhkəməsində davam etdirilir.

Həmin məhkəmələrdə N saylı Hərbi Hissənin hüquqşünası Fuad Ağayev, Qurban Cümşüdov və Cavid Ağadadaşov digər prosesdə isə Ruslan Mikayılov, Sənan Maşıyev, Elşin Əliyev, Polad Əzizov və Cabir Qəhrəmanov təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılıb. Ölənlərdən Binnətov Səxavət, Mirzəyev Elçin, Qafarov Saleh və Kazımov Suleyman barəsində bəraətverici əsaslarla xitam qərarı çıxarılması gözlənilsə də, digərləri Quliyev Elçin, Hüseynov Mehman, Ocaqverdiyev Ruslan və Ağazadə Elxan barədə isə bu hal gözlənilmir. Bu səbəbdən öldürülənlərin ailə üzvləri müxtəlif instansiyalara şikayət edərək yaxınları barədə bəraət hökmü çıxarılması istəyindədirlər.

Məsələni ictimailəşdirməklə buna nail olacaqlarına əminlikləri var. Onların bildirdiyinə görə, istər təqsirləndirilənlər, istərsə də şahid və zərərçəkmiş kimi məhkəmədə ifadə verənlər öldürülənlərin işgəncə nəticəsində dünyalarını dəyişməsini təsdiq edib. Lakin əsas günahkarların daha yüksək rütbəli hərbçilər (Korpus Komandiri general Hikmət Həsənov, onun müavinləri Babək Səmədli, Qiyas Abbasov, Teymur Məmmədov və digərləri) və hərbu prokurorluq işçiləri (Hərbi Prokurorun müavini Şəfaət İmranov, istintaq qrupunun rəisi Emin Vəliyev və digərləri) olmasını bildirirlər.

Top
JoomlaLock.com All4Share.net