Abbas Hüseynin ayağı şişib, qızdırması düşmür
Featured

13 May 2019

Nardaran məhbusu Abbas Hüseynin səhhətində problem yaranıb. Bu barədə onun anası vetenugrunda.az-a danışıb.

Siyasi məhbusun anası Rəhimə Hüseynova bildirib ki, hazırda 8 saylı cəzaçəkmə müəssisəsində saxlanan oğlunun ayağı şişib, qzıdırması düşmür: "Abbasın ayağı əməliyyat olunduqdan sonra şiş əmələ gəlib. Bir neçə dəfə şişdən su çəkiblər, amma faydası olmayıb. Şiş yenə də böyüyür, Abbasın qızdırması düşmür. Abbasın başında da şiş əmələ gəlib. Hamısı işgəncə zamanı aldığı zərbələrdən yaranıb".

R.Hüseynovanın verdiyi xəbərə görə, oğluna istintaq zamanı və zindanda çox ağır işgəncələr verilib. Bu işgəncələr isə Abbasın bütün sağlamlığını sıradan çıxarıb: "Abbasa Qobustan həbsxanasında həbsxananın rəisi Aftandil Ağayev çox ağır işgəncə vermişdi. O qədər döydürmüşdü ki, neçə gün huşsuz qalmışdı. Aftandil Ağayev şəxsən özü döymüşdü Abbası.  Sonra onu Kürdəxanı təcridxanasına köçürdülər. Kürdəxanıda Abbasa münasibət normal idi. Abbasın ayağı şişib qaraldığına görə onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə apardılar. Ordan da 8 saylı cəzaçəkmə müəssisəsinə köçürdülər. İndi də Abbas orda saxlanılır. İndi lazımdır ki, ayağı müalicə olunsun. Ancaq onun saxlandığı müəssisədə bu sahə üzrə həkim yoxdur, Müalicə Müəssisəsinə də köçürmürlər. Həkim deyir ki, təcili Müalicə Müəssisəsinə də köçürülməlidir".

YADDAŞ

Abbas Hüseynov 2015-ci il noyabrın 26-da Nardaranda altı nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunub. Müsəlman Bilriyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə və Nardaran hadisələrinə görə həbs olunmuş daha 16 nəfərlə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Abbas Hüseynov 20 il azadlıqdan məhrum edilib. Amma Abbas ittihamları qəbul etmir. Əməliyyatda ikisi polis olmaqla, öldürülən altı nəfərin hamısının əməliyyatı keçirən polislərin özləri tərəfindən qətlə yetirildiyini, özlərinin isə evdə namaz qılarkən hücuma məzru qaldıqlarını, onların heç birində silah olmadığı və ittihamların qurama olduğunu bildirir.

Qeyd edək ki, Abbas Hüseyn 2017-ci ildə həbsxanada baş verən qanunsuzluqlara etiraz etdiyinə görə saxlandığı Qobustan qapalı həbsxanasında çarmıxa çəkilib. Qobustan həbsxanasının rəhbərliyi onu yayın qızmar günəşi altında qollarını və ayaqlarını dəmirə bağlayaraq işgəncə verib. O, bu barədə vəkili Yalçın İmanova məlumat verib. Yalçın İmanov bu dəhşətli işgəncə faktını mətbuata çıxarıb ictimailəşdirdiyi üçün onu Vəkillər Kollegiyasından uzaqlaşdırmaqla vəkillik fəaliyyətinə son qoydular. Lakin Abbasın zindandakı işgəncələri hələ də davam etdirilir.

Top
JoomlaLock.com All4Share.net