Gəncə işi: "Məni polis idarəsində saqqallı, "nakolkalı" adamlar döyürdü"
Featured

24 May 2019

Aprelin 23-də Bakı Apellyasiya Məhkəməsində Gəncə işi üzrə hökm oxunan Hacıyev Maarif Cəmşid oğlu ilə birgə 11 nəfərlik qrupun məhkəmə iclası baş tutub.

Vetenugrunda.az-ın əməkdaşının verdiyi xəbərə görə, hakimlər Fikrət Mehdiyev, Teyyub Muxtarov və Çingiz Məmmədovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı qismində Baş Prokurorluğun əməkdaşı Ədalət Əzimov iştirak edib.

Yəqnəliyev Orxanın hüquqlarını müdafiə edən vəkil Zabil Qəhrəmanlı bildirdi ki, onun həbsi tam qanunsuzdur: “Məhkəmə təqsirləndirilən şəxslərin təqsirinin hər hansı sübutunun olmamasına məhəl qoymayıb, AR Konstitusiyasının 28 və 46-cı və AR Cinayət-Prosessual Məcəlləsinin 13 və 21.2-ci maddələrini, habelə beynəlxalq hüquq normalarını: Avropa İnsan Hüquqları Konvensiyasının 6(2), 5(1), 3-cü maddələrini, eyni zamanda İşgəncələr Əleyhinə Konvensiyanı pozaraq, işgəncə haqqında müraciətləri araşdırmayıb. Orxan Yəqnəliyev saxlanılıb və inzibati cəza ilə cəzalandırılıb. İnzibati cəzadan sonra onun ikinci həbsi tam qanuna ziddir”.

Zalda valideyinlər övladlarının qanunsuz yerə 8 ildən 9 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzlandırılmasına və onları müdafiə edən vəkillərin susqunluğuna etiraz etdilər: “Övladlarımızın hüquqları 10 aydır tapdanır. Onları nə zaman müdafiə edəcəksiz? Niyə biz valideyinlərə danışmağa söz verilmir?”

Daha sonra Hacıyev Maarif danışdı. O, bildirdi ki, kreditlə götürdüyü telefonunun aylıq kredit haqqını ödəməyə gedirmiş, bu zaman səs eşidib hay-küy olduğunu görüb. Baş verənləri telefonu ilə çəkmək istəyərkən polislər onu qəfil saxlayıb və sürüyərək “Qazel” maşınına atıblar: “Məni qəfil elə hop götürdülər, elə bil meyvə daşıyırdılar, ayağım yerdən üzüldü. Sonra yalandan ifadələrində yazıblar ki, məni guya postpatrul maşını ilə polis idarəsinə gətiriblər. Polis idarəsində məni iki gün ac saxladılar. Su da vermədilər. Bütün gecəni və gündüzü döydülər. “Cinayətkar əqidəli” deyirlər. Guya biz radikal dindarıq, mütəşşəkkil qrupuq. Bu uşaqları gəlib burda tanıdım. Ömrümdə heç Quran kitabının üzünü açmamışam. Hardan dindar odum? Mənə işgəncə verirdilər ki, bu şəkildə gördüyün adamları tanıdığını de. Axı tanımadığım adamı yalandan niyə deməliyəm ki, tanıyıram?”

Prokuror- Telefonundan Tale Bağırzadənin videoları, şəkilləri çıxıb.

Maarif Hacıyev: Vallah Talehin adını polis idarəsində eşitdim ilk dəfə.

Prokuror: Verdiyin ifadəni təsdiq edirsən?

Maarif Hacıyev: İstintaqda işgəncə altında verdiyim ifadəni təsdiq etmirəm. Gəncə həbsxanasında mənə işgəncə verdilər ki, guya polisi vurduğumu boynuma alım. Axı çəkməyə başlayan kimi məni polislər döyə-döyə “Qazel”ə basıb bölməyə apardılar, mən polisi necə vura bilərdim?

8 il müddətinə azadlıqdan məhrum edilən Rzayev Şahlar Eldar oğlu deyir ki, o, Gəncədə aksiya olacağını bilib və bu askiyada iştirak etmək üçün meydana gəlib. Onun niyyəti Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin bölgədəki özbaşınalığına bir vətəndaş kimi etiraz etmək olub: “Elmar Vəliyevin özbaşınalığı, vətəndaşları təhqir etməsi, hətta islam dinini təhqir etməsi, azana qadağa qoyması və Aşura günündə İmamzadaya girişi qadağan etməsi bir inanclı vətəndaş kimi məni də narahat edirdi. Mən də bu özbaşınalığa etiraz etmək üçün aksiyaya qoşuldum”.

Prokuror: Siz icazəsiz mitinqdə iştirak etmisiz.

Şahlar Rzayev: Buna görə adama işgəncə verib, 8 il müddətinə azadlıqdan məhrum etmirlər. Bəli, mən icazəsiz aksiyada iştirak etmişəm. Buna qanunlarımızın tələb etdiyi şəkildə cəza verilməliydi”.

Prokuror: Siz dini şüar səsləndirmisiniz aksiyada

Şahlar Rzayev: Bəli, dini şüar səsləndirmişəm, ya Hüseyn, Allahu əkbər demişəm. Amma mənə təsir edən o oldu ki, Azərbaycanda polis idarələrində məni polis əməkdaşları döymədi. Mənə polis idarəsində işgəncə verənlər saqqallı, nakolkalı adamlar idi. Mən hərbiçi olmuşam. Bu mənə işgəncə qədər ağır oldu. Məni saatlarla, gecə-gündüz dayanmadan döyüblər.

Məni tutub polis idarəsinə aparanda qarayanız, ordu batıq bir şəxs bütün hadisəni dəqiqəsi ilə əlindəki kamera ilə çəkirdi. Öz adamları idi. Amma bütün bu çəklişlər bizə göstərilmədi”.

Həsənov Ruslan: Hadisələr mənim yaşadığım küçədə baş verirdi. Hər bir insan mənim etdiyim kimi edərdi. Yəni qəfil çöldə hay-küy qışqırıq səsləri eşidəndə çölə qaçardı ki, görüm, bəlkə elə anam yolda yıxıldı və ya kimisə maşın vurdu, kömək lazımdı. Mən də bu məqsədlə küçəyə qaçdım. Polislər məni tutub apardılar Nizami rayon olis idarəsinə. 15 nəfər polis üstümə düşüb məni döyməyə başladı. Elə vurmuşdular ki, sifətim şişmişdi. Ekspertiza gəldi, yoxladı, dedi sənə heç nə olmayıb. Axı dişimin şişi hələ çəkilməmişdi”.

Tural Bayramov: “Babamgilə gedirdim həmin günü. Polis məni saxladı yanındakılara dedi ki, bunu da aparın, saqqalı var. Məni polis idarəsində 11 saat döydülər. Orda Asiflə, Elnur adlı polisləri mənim üzümə durdu ki guya bunlara xəsarət yetirmişəm. 58 şahid var. Amma o 58 şahidin ifadəsi ortada yoxdu. Telefonumu əlimdən aldılar. Əgər doğrudnda kiminləsə yazışmama və ya nəsə varsa niyə tapıb sübut etmirlər”?

Hakim: Babangilə niyə o yolla geirdin?

Tural Bayramov: Başqa yol yox idi.

Hakim: Arada 10 dəqiqəlik məsafə olduğunu deyirsən. 10 dəqiqəlik yolu niyə piyada gedirdiz?

Tural Bayramov: Piyada gedəndə nolar ki, sağlamlığdı”.

Növbəti məhkəmə prosesi iyunun 3-ü saat 14:30-a təyin edilib.

Qeyd edək ki, 2019-cu il fevralın 22-də Sabunçu Rayon Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən məhkəmədə 11 nəfərlik qrupa hökm oxunub. Onlar Gəncə olayları ilə bağlı həbs edilib:

Həsənov Araz Füzuli oğlu: 7 il 6 ay

Yaqnaliyev Orxan Zakir oğlu: 8 il 6 ay

Verdiyev Toğrul Mahir oğlu: 8 il

Məhərrəmov Kamal Nasir oğlu: 8 il

Əkbərov Nizami Yusif oğlu: 8 il

Rzayev Şahlar Eldar oğlu: 8 il

Hacıyev Maarif Cəmşid oğlu: 9 il

Bayramov Tural Arzu oğlu: 8 il

Əliyev Seymur Ceyhun oğlu: 8 il

Əşrəfov Vaqif Arif oğlu: 7 il 6 ay

Həsənov Ruslan Rizvan oğlu: 8 il

Sözügedən prosesin təhlili göstərib ki, hökm əsassızdır, ədalətsizdir və siyasi sifarişlə çıxarılıb”.

Top
JoomlaLock.com All4Share.net