Print this page

Rövşən Əhmədli: "Sabah da ABŞ deyəcək ki, Şuşanı Ermənistanın paytaxtı elan etdim"-VİDEO
Featured

29 May 2019

Mayın 29-da Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə Beynəlxalq Mətbuat Mərkəzində "Qüdsün, Qarabağın azadlığına doğru" mövzusunda konfrans keçirilib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, tədbir dövlət himninin oxunuşu və bütün islam Şəhidlərinin xatirəsinə dualarla başlayıb.
QAT sədri Akif Nağı konfransın məqsəd və məramı ilə bağlı məlumat verib. O, çıxışı zamanı "Azərbaycan Qarabağın işğaldan azad olunması ilə bağlı bütün qərarlarını, o cümlədən hərb qərarını ilk növbədə islam ölkələrinə arxalanaraq, onların tam dəstəyini qazanaraq verməlidir" deyib.

Tanınmış din xadimi, QAT Ağsaqqallar Şurasının üzvü Hacı Hacağa Nuri Qüds və Qarabağın birlikdə azad olunacağını və bu döyüşün vahid meydanda baş verəcəyini bildirib.

Azərbaycan İslam Partiyasının sədr əvəzi, Hacı İlham Əiyev beynəlxalq güclərə, Qüds və Qarabağda müsəlmanların haqlarını tapdalayanlara qarşı birlikdə mübarizə aparmağa çağırıb.
Qarabağ qazisi, Qarabağ Əlillər Cəmiyyətinin sədri Firidun Məmmədov "Qarabağı döyüşlə azad etməliyik, Ermənistanın arxasında dayanan ölkələrin heç birindən çəkinməməliyik" deyib.

Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri, Qarabağ qazisi Rövşən Əhmədli Qarabağ və Qüds mövzusunun yeni olmadığını bildirib və deyib ki, bu bitməz bir mövzudur: "Düşünmürəm ki, Azərbaycanın bu yarası qısa bir müddətdə, bizim tələblərimiz əsasında sağalsın.

Biz burda çox təkliflər verə bilərik. Amma hər zaman hamını maraqlandırır, görəsən Rusiya nə deyir, erməni nə deyir, ATƏT nə deyir? Onların Qarabağ dərdi yoxdu. Qarabağ bizim dərdimizdir. Ona görə də Qarabağ probleminin həlli yolunu da xalqla hakimiyyət birlikdə həll etməlidir. Biz bu məsələdə milli birliyə nail ola bilmişikmi? Əvvəl lazımdır ki, ölkə daxilində bir milli birliyə nail olaq. Bu iqtidar-müxalifət məsləsi deyil. Qarabağ məsələsi namus-qeyrət, şərəf məsələsidirsə, tarix qarşısında məsuliyyət məsləsidirsə, bunu kim kimin üstünə ata bilər?

Əgər milli birliyə nail olmuşuqsa niyə bu ölkədə Qarabağ adına bir haray qaldırmaq istəyimizə kim mane olub-İsrail, Amerika, Rusiya? Ataq bu ölkələrin üstünə ki, icazə verməyiblər. Ax niyə bu xalqın mübarizə əhval-ruhiyyəsini biz öldürməliyik? Məgər bu bir təşkilatın və ya bir neçə təşkilatın öhdəsindəmi qalıb? Çağırış olunur. Qarabağ üçün kimin çağırış etdiyinin elə bir əhəmiyyəti yoxdur. Çünki məsələnin əhəmiyyəti təşkilatda deyil ki.

Biz nə ölkə daxlində, nə də beynəlxalq aləmdə milli həmrəyliyə nail ola bilməmişik. Amma istəyirik Qarabağ problemini həll edək. Əslində heç müsəlman dünyasında da birlik yoxdur. Bir müsəlman ölkəsi digər müsəlman ölkəsinin başına bomba tökür. Digər müsəlman ölkəsi kiməsə quyruq olub NATO hissəsi yaradıb, jandarm rolu oynamaq istəyir. Həmrəylik, birlik mövzusunda kifayət qədər danışmaq olar.

Amma varlığım qədər inanıram ki, Qüdsün azadlığına doğru aparılan bu mübarizə Qüdsün də, Qarabağın da və bütün işğal altında olan torpaqların azadlığı ilə sonuclanacaq. Sadəcə biz insanlar zamanında imtahan olunuruq. Burda çox xahiş edirəm Akif bəydən bu qətnamədəki 4-cü bənd ya redaktə olunsun, ya da çıxarılsın. Çünki Azərbaycan işğalçı Ermənistana qarşı müharibə aparmır. Biz öz torpağımızda terrorçulardan, separtçı qüvvələrdən öz ərazimizi təmizləmək istəyirik. Lələtəpə, Cocuq Mərcanlı Ermənistanın deyildi, Azərbaycan torpaqları idi. Bütün beynəlxalq qurumların da tanıdığı Azərbaycan torpaqlarını işğaldan azad edirik.

Onu da deyim ki, böyük dövlətlərin mövqeyi Ermənistanın və Rusiyanın mövqeyi ilə eynidir. Bu coğrafiyada həm böyük dövlətlərin, həm də Rusiyanın maraqları üst-üstə düşür. Beynəlxalq dünya bu ərzailəri Azərbaycan torpaqları kimi tanıyıb. Biz bu tarixi ərazilərimizi işğaldan azad etməyə çalışırıq. Bura Qars müqaviləsi də əlavə olunsun. Axı kimin icazəsi ilə verilib bu ərazilər? Bu gün də eyni proses gedir. Amerika dəliyəm, güclüyəm deyir. Axı dünyada beynəlxalq qanunlarla tənzimlənmiş qaydalar var. Bu qaydaları pozmaq olmaz. Amerika isə qəfil durub deyir ki, mən Qüdsü İsrailin paytaxtı elan etdim. Sabah da ABŞ deyəcək k, mən Şuşanı Ermənistanın paytaxtı elan etdim. Ona görə də biz xalqa düz olanı deməliyik. Xalq təşkil olunmalıdır. Xalqımızın birliyini, mübarizəsini təşkil edənlər də sizin kimi qeyrətli insanlar olacaq.

Biz könüllü olaraq ov tüfəngləri ilə silahlanıb erməniyə qarşı döyüşürdük. Nə qədər ki, biz ov tüfəngləri ilə döyüşürdük bir qarış torpağımızı erməni ala bilməmişdi. Biz Göyçay batalyonu olaraq bu gün də Qarabağda son nəfəsimizi verməyə hazırıq. Qələbə yalnız xalqın birliyi ilə, əzmi ilə müharibəyə hazırlığı ilə əldə ediləcək. Siz bunun şahidi olacaqsınız".

İlahiyyatçı alim, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu Qüds və Fələstinin taleyi ilə bağlı hazırlanan məkrli planlara dair faktları ortaya qoyub, bütün səylərin birləşdirilməsinin vacibliyini qeyd edib.

İlahiyyatçı ekspert, Azərbaycan İslam Partiyasının Qadınlar Şurasının sədri, Əsgər Analarına Dəstək ictimai birliyinin sədri Növrəstə İbrahimova Azərbaycan qadınlarını Qarabağ, Qüds naminə fədakarlığa çağırıb. Düşmənə qalib gəlmək üçün islam həmrəyliyinin əhəmiyyətini qeyd edib.

Qarabağın tanınmış din xadimlərindən Fərman Əzançı Qarabağın döyüşsüz azad olunmayacağını, hamının səfərbər olunmasının vacibliyini bildirib. 
İslam Partiyasının sədr müavini Akif Heydərli, Qarabağ qazisi İlham Həsənov, "Qələm" Yazarlar Birliyinin rəhbəri, yazar Qurban Cəbrayıl, Qarabağ qazisi Rafiq Quliyev, tarixçi alim Nazim Tapdıqoğlu, ilahiyyatçı yazar Ruqəyyə Heydərzadə, Qarabağ qazisi Şakir Abbas və digərləri çıxış edərək təklif və münasibətlərini bildirib

Sonda konfransın qətnaməsi qəbul olundu.

QƏTNAMƏ


Konfrans iştirakçıları məruzə və çıxışları dinləyərək qərara alır:
1. Beynəlxalq Qüds Günü islam dünyasının bir araya gətirilməsi, islam həmrəyliyinin gücləndirilməsi, müsəlman ölkələrinin problemlərinin ümumi səylərlə həll edilməsi, həmçinin dünyada haqq-ədalətin, sivil münasibətlər sisteminin bərqərar olması üçün ən mühüm vasitələrdən hesab edilməlidir.

2. Qüdsün və digər Fələstin torpaqlarının işğaldan azad edilməsi, Fələstin xalqının haqqının bərpa olunması, Qarabağın işğaldan azad olunması, 1 milyondan artıq azərbaycanlı köçkün və qaçqınların öz yurdlarına qaytarılması, Azərbaycanın dünya tərəfindən tanınan ərazi bütövlüyü və suverenliyinin bərpa olunması, Ermənistan deyilən ərazilərdən zorla çıxarılan 300 min azərbaycanlının öz yerlərinə qaytarılması, islam dünyasının bütün problemlərinin həll olunması üçün müsəlman ölkələrinin birgə fəaliyyəti, bütün səylərin birləşdirilməsi, vahid siyasi, ictimai, hərbi güc mərkəzinin yaradılmasına nail olunmalıdır.

3.Azərbaycan xalqının və dövlətinin işğalçı Ermənistana qarşı apardığı mübarizə ölkəmizin suveren hüquqlarının və ərazi bütövlüyünün bərpası naminə Vətən müharibəsi, işğala, təcavüzə, terrora, etnik təmizləməyə qarşı aparılan və dünya birliyi, beynəlxalq hüquq normaları tərəfindən müdafiə olunan, təqdir edilən ədalətli müharibə xarakteri daşıyır. Ona görə də Azərbaycan daxili və xarici müstəvilərdə məsələnin məhz bu tərəfini önə çəkməlidir.

4.Azərbaycan işğalçı Ermənistana qarşı müharibə və mübarizəsində beynəlxalq təşkilatların, böyük dövlətlərin mövqeyni nəzərə almaqla, onların rəyi ilə hesablaşmaqla, beynəlxalq hüquq normalarına əməl etməklə yanaşı, əsas olaraq islam ölkələrinin dəstəyinə arxalanmalı, bütün qərarları, o cümlədən hərb qərarını bu mövqedən çıxış edərək verməlidir.

5.Azərbaycan xalqının bir hissəsi, Azərbaycan dövlətinin vətəndaşları olaraq bildiririk ki, dövlətimiz ərazi bütövlüyü məsələsində heç bir güzəştə getməməli, bir qarış torpağımızın da işğalda qalmasına imkan verməməli, ölüm-dirim savaşını son qələbəyə qədər davam etdirməlidir. Azərbaycanın Qarabağ, Naxçıvan, Qazax bölgələrində son təcavüz zamanı işğal edilmiş əraziləri azad edilməli, Zəngəzurun 1920-1929-cu illərdə qanunsuz olaraq Ermənistana verilmiş hissəsi geri qaytarılmalı, İrəvanın Ermənistana verilməsinə dair 1918-ci ildə qəbul olunmuş qərar ləğv edilməli, İrəvan şəhəri və ətraf əraziləri Azərbaycana qaytarılmalıdır.

Bu tələblər millət və dövlət olaraq bizim tam qanuni haqqımızdır və biz bu haqqımızın bərpa olunması üçün sona qədər mübarizə aparmalıyıq.
Haqq bizim tərəfimizdədir!
Qələbə də bizim olacaqdır!
QAT Mətbuat Xidməti.
29 may 2019.