"Rəis Ədalət Sadıqov dedi ki, bura Azərbaycandır, burda qayda -qanun yoxdur. Sonra məni soyundurub..."-GƏNCƏ İŞİ
Featured

03 İyun 2019

"Ədalət Sadıqov dedi ki, bu İranda olubsa vətən xainidir"...

İyunun 3-də Bakı Apellyasiya məhkəməsində hakim Çingiz Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Gəncə olayları ilə bağlı həbs edilən 11 nəfərlik qrupun işinə baxılıb.

Vetenugrunda.az-ın məhkəmədə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, 4 nəfər təqsirləndirilən şəxs dindirilib.

Toğrul Verdiyevbildirdi ki, iyulun 10-da saat 6-da dostları ilə çay içirmişlər. Namaz qılmaq üçün məscidə getməli olublar: "Səbuhi, və Seymurla məscidə tərəf gedəndə gördük səs-küy gəlir. Kənardan baxdıq. Sonra birdən yadıma düşdü ki, açar qalıb işdə. Mən Gəncəmoll-da işləyirəm. Geri qayıdası oldum. İki gündən sonra Sabir küçəsi ilə gedirdim. İki polis yaxınlaşdı, məni apardı Ədalətin (Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin rəisi Ədalət Sadıqov) qəbuluna. Orda məni sorğu -sual etdilər. Ədalət soruşdu ki, İranda olmusan, dedim bəli. Qumda olmusan, namaz qılırsan? Dedim, bəli. Ədalət yanındakılara dedi ki, bu İranda, Qumda olubsa, namaz qılırsa vətən xaindir.

Məni apardılar əməliyyatçının otağına. Əgər mən doğrudanda cinayət törətmişəmsə, o zaman niyə görə meydandakı kamerların görüntüsünü tələb edirəm?"

Hakim T.Verdiyevdən sosial şəbəkələrdən istifadə edib etmədiyini soruşdu. Toğrul istifadə etdiyini bildirdi. Daha sonra hakim ondan Gəncədəki aksiya barədə hardan xəbər tutduğunu soruşdu. Toğrul dedi ki, bunu bütün dünya bilirdi. Çünki bütün sosial şəbəkələrdə paylaşılmışdı".

Toğrul onun haqqında qaldırılan yalan, kökü olmayan ittihamlardan danışdı: "Guya mənimlə Əli (Gəncə məhbusu Əli Rzayev) polisə daş atmışıq. Mən polisi iki əlimlə itiələmişəm. Mən solaxayam, ancaq bir əlimlə işləyirəm. Sonra yazıblar ki, guya mən 5 ildir namaz qılıram. Əslində 1 ildir namaza başlamışam. Digər ittihamda isə qruplaşmadan danışılır. Mən bu uşaqların hamısını tutulandan sonra tanımışam.

Polis idarəsində Ruhi və Nicat adlı iki polis şahid qismində yalandan üstümə böhtan atdılar. Dedim Allahdan qorxun, övladlarınız var. Bir gün etdikləriniz övladlarınızın qarşısına çıxanda peşiman olacaqsız. Onlar dedilər ki, qardaş, biz olmasaq da başqasını gətirib üzünə durğuzacaqlar".

Əliyev Seymur dedi ki, ona qarşı qaldırılan bütün ittihamlar saxtadır və özünü qətiyyən təqsirli bilmir: "Guya mən adı məlum olmayan polisə daş atmışam. Polisin adı niyə məlum olmur ki? Meydandakı kameralardan o polisin üzünü tapıb kimliyini araşdıra bilmirlər hələ də? Mən aksiyadan iki gün sonra müstəntiq Xanların çayxanasında oturub çay içirdim. Mənə Xanlar zəng etdi və gəlib məni çayxanasından götürüb apardı idarəyə. Amma izahatda yazıblar ki, guya məni ayın 10-da tutublar".

Bu zaman Tural Bayramov müdaxilə edib, bildirdi ki, o, iyulun 12-də polis bölməsindəymiş və Seymur Əliyevin idarəyə gətirildiyini öz gözləri ilə görüb.

Orxan Yağnalıyev isə bildirdi ki, o, nənəsinin yas mərasimində iştirak etmək üçün Gəncəyə gəlib və heç bir günahı olmadığı halda həbs edilib: "2018-ci ilin 8 yanvar tarixində avtoqəza məsələsi ilə bağlı 1 il 6 ay müddətinə həbs olunmuşam. İyulun 8-də nənəmin öldüyünü eşitdim, iyulun 9-da yas mərasimində iştirak etmək üçün iki mənə iki günlük icazə verildi. Mən avtobusdan düşüb dayımgilə getdim, çünki valideyinlərim Rusiyada yaşayırdı.

Dayımın oğlu ilə getdik yas məclisinə. Sonra dayımoğlu dedi ki, anasına dərman almalıdır. Getdik aptekə. Gördük hər yer bağlıdır. Nizami məhkəməsinə çatanda iki polis yaxınlaşdı dayımın oğlunu tutdular. Vüsal adlı polisi tanıdım. Dedim ki, dayımın oğlunun ürəyi xəstədir, onu buraxın. Sonra bir mülkügeyimli şəxs çxıdı, məni göstərdi, dedi bunu da tutun.

Bizi gətirdilər polis idarəsinə. İdarəyə girdik, gördüm adamdan tərənməyə yer yoxdu. Camaatı yığıblar bir yerə, elə koridorda döyürlər. Vüsal adlı polis bizi verdi Vüqar Qarayev adlı polisə. Verəndə dedi ki, bunların günahı yoxdu. Sonra bizə dedilər ki, polisə müqavimət ittihamı ilə sizə 20 sutka verəcəyik, çox incitməyəcəyik. İyulun 11-də mənə 15 sutka, dayımoğluna 20 sutka inzibati cəza verildi. Sonra Samuxa apardılar. Təzədən qaytarıb gətirdilər Nizami polis idarəsinə. Girdik içəri gördük polis rəisi Ədalət Sadıqov, müstəntiq Orxan Babayev (Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi) oturublar. Dedilər ki, 5 min manat gətir ver, səni buraxaq. Dedim günahım yoxdu, onsuzda sübüut olunacaq günahsızlığım və məni buraxacaqlar. Ədalət Sadıqov dedi ki, bura Azərbaycandır. Burda qayda-qanun yoxdu. Səni Gəncə aksiyası ilə bağlı işin siyahısına salacam. Ədalət dedi ki, başına bir güllə vurub öldürərəm səni, heç kimdən qorxum yoxdu. Orxan Babayev dedi mən sənin kimiləri ağıllandırmağı bilirəm. Məni soyundurdular. Əllərimi, ayaqlarımı bağladılar. Məni aparıb "atapleniyaya" bağladılar. O qədər döydülər ki, qulağımın biri tamamilə sıradan çıxdı. İndi eşitmirəm. Burnum sındı. Başımı "atapleniyaya" elə vurdular ki, başım partladı.

Baş barmağımı qapının arasında o qədər sıxdılar ki, mən günlərlə ayağımın ağrısından yeriyə bilmədim. Ağıllarına gələn işgəncəni verdikdən sonra aparıb atdılar Gəncə həbsxanasında "karsa". 3 gün bizə nə su verdilər, nə yemək.

Biz Gəncə həbsxanasında olanda orda bir erməni diversant var idi. Onu bizimkilər elə sevib əzizləyirdilər. Əllərinin içində sxalayırdılar. Amma bizə günlərlə adicə su da vermirdilər. Niyə? Biz erməni diversantadan da pisik?"

Kəpəz rayon cinayət axtarış şöbəsinə rəhbərlik edən Şahin Musayevin və Gəncə polis idarəsinin əməkdaşı Vüqar Qarayevin daha çox şəxsi şərləyərək həbs etməsindən danışan Orxan Yağnaliyev bunun səbəbini izah etdi: "Gəncədə hamı Şahin Musayevi it boğuşduran Şahin kimi tanıyır. O, it boğuşdurmağı ilə tanınıb. Tutduğu adamlardan pul istəyirdi, verənləri buraxırdı.. "

Orxan Yağnalıyev deyir ki, onun və Gəncə işi ilə bağlı həbs edilən bütün şəxslərin ciblərindəki pulları, bəzilərinin üst-başındakı üzük, qolbaq, qızıl zəncirlər və digər zinət əşyalarını polis idarələrində oğurlayıblar. Bəzilərinin hətta telefonu da özünə qaytarılmayıb.

O,Yeğnəliyev daha sonra bildirdi ki, o, iyulun 3-də həbsxanada olub. Lakin istintaq ifadəsində göstərilib ki, guya iyulun 3-də o, hansısa qruplaşmanın üzvləri ilə mesajlaşaraq aksiya haqqında danışıblar: "Mən iyulun 9-da gəldim evə, evdə bir köhnə "Algatel" telefon var idi onu götürdüm. İyulun 3-də isə mən həbsxanada idim. Həbsxanada telefon vermirlər. Necə olur ki, mən yazışıram telefonla? Şahin Musayev mənə dedi ki, Ədalət Sadıqov məni məcbur edir, yoxsa, mən belə etmərəm. Şahin Musayev deyirdi ki, guya məni etiraz aksiyası olan meydandan tutub. O qədər işgəncə verdilər, o qədər söyüb təhqir etdilər, az qalırdım özümü asıb öldürüm".

Orxan Yağnalıyevin çıxışı zamanı atası isterik vəziyyətə düşdü. O, oğlunun başına gələnləri dinləməyə gücü çatmadığını deyib, çölə çıxdı.

Vaqif Əşrəfov Rusiya vətəndaşıdır. O, Moskvada doğulub və hazırda orada qeydiyyatdadır: "İyulun 28-də Ruslan adlı təhqiqatçı zəng edib şöbəyə çağırdı məni. Getdim polis idarəsinə. Mustafa adlı əməliyyatçı məni Ədalət Sadıqovun otağına apardı. Ədalət Sadıqov soruşdu ki, meydanda olmusan. Dedim yox. Sonra iyulun 31-nə kimi məni saxladılar. Həsənov Araz da orda idi. Sonra Arazla məni guya küçədə telefonla ucadan danışdığımız üçün 15 sutka ilə cəzalandırdılar.

3 ildir ki, işləməyən telefonumu aktlaşdırıblar ki, guya bu nömrə ilə aksiya iştirakçıları ilə öncədən danışıb, yazışmışam".

Vaqif Əşrəfov ona verilən işgəncə faktlarından da danışdı: "Mənə prokurorun Nihat adlı köməkçisi dəhşətli işgəncə verdi. Apardı bir otağa, gördüm ki, otaqda çoxlu stul ayaqları var. Sonra əllərimi, ayaqlarımı bağlayıb, məni yerə yıxıb o stul ayaqları ilə döydü. Nihat ayaqqabısını ağzıma soxurdu. Ayaqqabısının dabanı ilə qulağıma o qədər vurdu ki, qulağım qırıq-qırıq oldu. Hələdə qulağımda o zədənin izləri qalıb.

Məni döyəndə dedim ki, tromblaşmam var. Ürəyim xəstədi. Ədalət Sadıqov dedi ki, harası ağrıyırsa orasından daha çox vurun".

Qeyd edək ki, məhkəmə iyunun 20-si, saat 14:30-a təxirə salındı.

YADDAŞ

2019-cu il fevralın 22-də Sabunçu Rayon Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən məhkəmədə aşağıda adları qeyd edilən 11 nəfərlik qrupa hökm oxunub. Onlar Gəncə olayları ilə bağlı həbs edilib:

Həsənov Araz Füzuli oğlu: 7 il 6 ay

Yağnaliyev Orxan Zakir oğlu: 8 il 6 ay

Verdiyev Toğrul Mahir oğlu: 8 il

Məhərrəmov Kamal Nasir oğlu: 8 il

Əkbərov Nizami Yusif oğlu: 8 il

Rzayev Şahlar Eldar oğlu: 8 il

Hacıyev Maarif Cəmşid oğlu: 9 il

Bayramov Tural Arzu oğlu: 8 il

Əliyev Seymur Ceyhun oğlu: 8 il

Əşrəfov Vaqif Arif oğlu: 7 il 6 ay

Həsənov Ruslan Rizvan oğlu: 8 il

Top
JoomlaLock.com All4Share.net