14 iyundan Gəncə məhbusları ölüm aclığına başlayacaq
Featured

12 İyun 2019

Gəncə məhbusları iyunun 14-dən etibarən aclıq aksiyasına başlayacaq. Bu barədə vetenugrunda.az-a məhbusların yaxınları məlumat verib. Verilən məlumata görə, Gəncə olayları ilə bağlı həbs edilən Eyruz Hacıyev və digər 20-yə yaxın məhbus şikayətlərinə baxılmadığı üçün aksiyaya başlayacaq.

Məhbusların yaxınları bildirib ki, onlar qanunsuz həbs edilmələri, istintaq zamanı dəhşətli işgəncələrə məruz qalmaları haqqında dəfələrlə aidiyyatlı qrumlara şikayət məktubu ilə müraciət etsələr də onların müraciəti cavabsız qalıb.

Gəncə məhbusları Eyruz Hacıyev, Gülmirzə Nuruzadə və Səbuhi Rəcəbov eyni iddia ilə bu ilin may ayında da aclıq aksiyası keçirib. 

Qeyd edək ki, 2019-cu ilin 2 mart tarixində, Sabunçu Rayon Məhkəməsində, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrlik etdiyi kollegiya iclasının çıxardığı hökmə əsasən Eyruz Hacıyevin də olduğu 7 nəfərlik qrupun üzvləri 5 ildən 8 ilə qədər azadlıqdan məhrum edilib:

Cabir Əzizov 5 il,

Səbuhi Rəcəbov 6 il,

Eyruz Hacıyev 7 il,

Gülmirzə Nuruzadə 6 il,

Riya Nurzadə 5 il,

Fikrət Mirzəliyev 6 il,

Elman Quliyev 8 il,

Sabir Əzizov 6 il.

Bu gün (12 iyun) Bakı Apellyasiya Məhkəməsində yuxarıda adları qeyd edilən şəxslərin təmsil olunduğu qrupun milk tanışlıq iclası olub. Növbəti məhkəmə prosesi iyunun 28-i saat 11:00-a təyin edilib.

YADDAŞ

2018-ci il iyulun 10-da Gəncə şəhərində icra hakimiyyətinin qarşısında baş tutan aksiya ilə əlaqədar 200 nəfərə yaxın şəxs saxlanılıb. İki polis zabitinin öldürülməsi ilə nəticələnən aksiyaya görə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanılaraq istintaq aparılıb.

Aksiya zamanı meydanda olan və meydanın ətrafından keçən şəxslər, hətta işə, evə və ya ticarət mərkəzinə gedənlər həbs edilib. Həbs etdikləri adamların bəzilərinin dostlarını və ailə üzvlərini də saxlayıblar. Bu adamların hamısının olay zamanı polislərə müqavimət göstərdikləri və bu müqavimətin meydandakı kameralarda görüntüləndiyini iddia etsələr də, məhkəmə zamanı heç bir video göstərilməyib. Hətta meydandakı kameraların görüntüsünü ittiham edilənlərin vəkilləri və valideyinləri tələb edib, bu barədə vəsatət qaldırıb. Lakin bütün vəsatətlər rədd edilib. Vəkillər isə deyir ki, işlə tanış olarkən onlara olayla bağlı disklər təqdim edilib ki, bu disklərdəki videogörüntülərdə onların müdafiə etdikləri şəxslər ya yoxdur, ya da ki, kənardan görünürlər. Onların hadisələrə müdaxiləsini sübut edən heç bir dəlil olmasa da Gəncə şəhər polis idarəsində, Kəpəz rayon polis idarəsində, Yevlax rayon polis idarəsində və Gəncədəki Nizami rayon polis idarəsində saxlanan müddətdə ağlasığmaz işgəncələr verilib. Məhkəmə zamanı çıxış edənlər ifadələrə işgəncə altında imza atdıqlarını bildiriblər.

Bəzi saxlananlara isə hətta Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (bandotdel) işgəncə verilib.

Məhkəmə zamanı ittiham edilən şəxslərin hər biri bildirib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Orxan Babayevin rəhbərliyi ilə istintaq müddətində onlara ağlasığmaz işgəncələr verilib. Hakimlər və dövlət ittihamçıları bu etiraflara sərt şəkildə reaksiya vermələrinə baxmayaraq, ittiham edilənlər daha çox onlara O.Babayevin elktroşokla işgəncə verdiyini deyiblər.

Qeyd edək ki, 200 nəfər saxlansa da, onlardan bəzilərinə verilən 30-20 sutka inzibati cəzanı bitirdikdən sonra azadlığa çıxıb. Lakin 76 nəfər şəxsi məhkəməyə çıxarmağa qərar verilib. Məhkəməyə çıxarılanların demək olar ki, hamısı inzibati cəza alıb.

Top
JoomlaLock.com All4Share.net