"Prezident iqamətgahı önünə gedən oğlumu dəlixanaya göndəriblər"-VİDEO
Featured

18 İyun 2019

Salyan Rayon Sakini Coşqun Nuriyev 3 ildir ki, vərəm xəstəliyindən əziyyət çəkir. O, mayın 22-də xəstəliyinə görə müalicə ala bilmədiyini, sosial problemləri olduğunu deyərək, Bakıya – Prezident iqamətgahına üz tutub. Oradan polis əməkdaşları tərəfindən saxlanılıb və şəxsiyyət pozğunluğu diaqnozu ilə Maştağa qəsəbəsindəki 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası aparılıb.

Səhiyyə Nazirliyinə gələn anası Təranə Nuriyeva oğlunun psixoloji xəstəliyi olmadığını deyir.

"Gedib, İlham Əliyevin iqamətgahının yanında durdu. Dedi, mütləq kimsə gəlib məni aparacaq, soruşacaq ki, burada niyə durmusan? Mən də dərdimi danışacam… Kömək istəyir, müalicə istəyir. Bunlara söz gəlməsin deyə, məni çağırdılar Salyan Rayon Polis Şöbəsinə. Məndən məcburi şəkildə izahat alıb, oğlumu Maştağadakı dəlixanaya yerləşdirdilər”-anası Təranə Nuriyeva deyir.

Təranə Nuriyeva danışır ki, Salyan Rayon Polis işçiləri ona hədə-qorxu ilə oğlunun psixoloji pozğunluğu olması ilə bağlı izahata qol çəkdiriblər. Üstəlik, bu, daha əvvəllər də baş verib. Coşqun Nuriyev daima səhiyyədən, Salyan Rayonunda yaşanan problemlərdən şikayətləndiyi üçün o, bu şəkildə cəzalandırılıb.

İddialara münasibət öyrənmək DİN-in mətbuat xidmətinə gün ərzində etdiyimiz zənglərə cavab ala bilmədik. Səhiyyə Nazirliyinin əməkdaşı araşdırıb məlumat verəcəyini desə də, sonradan əlaqə saxlamaq mümkün olmadı.

Səhiyyə Nazirliyində qəbul edildikdən sonra 1 saylı Respublika Psixiatriya Xəstəxanasından Tərana Nuriyevaya deyilib ki, oğlunun buraxılması növbəti komissiyada müzakirə oluna bilər. (meydan.tv)

Top
JoomlaLock.com All4Share.net