Gəncə məhbusu məhkəmədə bayıldı
Featured

23 İyun 2019

Bu barədə vetenugrunda.az-a məhbusun anası Seminarə Verdiyeva məlumat verib. O, bildirib ki, iyunun 21-də Sabunçu Rayon Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində oğlunun vəziyyəti qəfil pisləşib: "Məhkəməyə Təcili Tibbi Yardım çağrıldı, həkim dedi ki, buna ciddi müalicə lazımdır. Amma biz vəsatət qaldırsaq da, oğlumu ev dustaqlığına buraxmırlar. Saxlandığı təcridxananın Müalicə Mərkəzində də ancaq ağrıkəsici vururlar. Dava-dərmanı mən alıb aparıram. Oğluma istintaq zamanı ağır işgəncələr verilib. Ağzını, gözlərini skoçla bağlayıblar, qollarını arxadan qandallayıb, ayaqlarını bağlayıb, elektroşok veriblər.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Orxan Babayevin rəhbərliyi ilə istintaq müddətində oğluma ağlasığmaz işgəncələr verilib. Şəxsən Orxan Babayevin özü oğlumun bədəninə "tokla" işgəncə verib, oğlum huşunu itirib, üstünə iki dəfə təcili yardım çağırıblar. Ayıldıb, yenidən "toka veriblər". Ona görə də oğlum aldığı zədələrdən özünə gələ bilmir. Axı heç vacib olan müalicəni də ala bilmir".

Qeyd edək ki, Gəncə hadisələrinə görə həbs olunanların işi sonradan bir neçə qrupa bölünərək, ayrı-ayrılıqda məhkəməyə göndərilib. Ş.Verdiyevin daxil olduğu 8 nəfərlik qrupun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İamanovun sədrliyi ilə Sabunçu Rayon Məhkəməsində baxılır.

Anası deyir ki, oğlum məhkəmə zalına girəndən gördüm ki vəziyyəti yaxşı deyil, ağzı əyilir.

Ş.Verdiyevin vəkili Zibeydə Sadıqova təqsirləndirilən şəxslərin şüşə kabinədən çıxarılıb vəkillərinin yanında əyləşməsinə icazə verilməsi üçün vəsatət qaldırıb. Amma Dadaş İmanovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib. 8 nəfərin salındığı darısqal şüşə kabinədə havasızlıqdan Ş.Verdiyevin səhhəti daha da ağırlaşıb və o, bayılıb.

Belə olan halda, vəkili Z.Sadıqova vəsatət qaldırıb ki, məhkəmə prosesi təxirə salınsın: “Heç nə insan həyatından önəmli ola bilməz. Bu adamın vəziyyəti həddindən artıq pisdir. Xahiş edirik, prosesi təxirə salasınız”.

Prokuror vəsatətə qarşı çıxıb, amma məhkəmə vəsatəti təmin edərək, prosesi dayandırıb.

Məhkəmə növbəti iclası iyunun 27-si saat 15:00-a təyin edib.

Top
JoomlaLock.com All4Share.net