GƏNCƏ İŞİ-Hakimdən vəkilə "Qaşınmayan yerdən qan çıxarma..." təpkisi
Featured

26 İyun 2019

İyunun 24-də Bakı Apellyasiya Məhkəməsində Gəncə işi ilə bağlı keçirilən prosesdə olay yerindən çəkilmiş video nümayiş edildi.

Vetenugrunda.az-ın məhkəmədə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, Gəncə Apellyasiya Məhkəməsinin hakimi Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhbus Nemət Heydərlinin vəkili Nazim Musayevin qaldırdığı vəsatətə əsasən 2018-ci ilin 10 iyulunda Gəncə icra hakimiyyətinin qarşısında baş tutan aksiyanın videogörüntüləri yayımlandı. Öncəki prosesdə hakim Nemət Heydərliyə “mən səni bu videoda icra hakimiyyətinin qarşısındakı aksiyada olduğunu göstərəcəm” desə də, qarşı tərəf aksiya başlamazdan saatlarca qabaq tutulduğunu iddia etdi.

İkinci dəfə videogörüntü nümayiş etdirilsə də nə hakim, nə də digərləri Nemət Heydərlini tapa bilmədi. Hakim istintaqın oratay dəlil kimi çıxardığı şəkilləri göstərdi. Lakin bəlli oldu ki, hakimin Nemətə bənzətdiyi şəkildəki şəxs Nemət deyil. Nemət dedi ki, o, həmin günü Gəncəyə özünə paltar almağa gedibmiş. Əynində qara zolaqlı köynək olub: “Həmin gün mənim əynimdəki paltarlar ekspertizaya təqdim olunub. Oradan da dəqiqləşdirmək olar ki, əynimdə tünd rəngli paltar olub. Bu şəkildəkinin paltarı ağdır. İkincisi, mən həmin gün Tərtərdən Gəncəyə paltar almağa getmişdim. Aksiyadan əvvəl o ərazidə olmuşam. O vaxt da tutub aparıblar. Aksiya vaxtı çəkilən videoda mən ola bilməzdim axı…”

Məhkəmədə iyunun 10-da keçirilən aksiyanın videosundan bir neçə saniyəlik kadrlar nümayiş etdirilsə də təqsirli bilinən 6 nəfərdən heç biri   kadrlarda görünmədi.

Digər təqsirləndirilən şəxs Elman Rüstəmov bildirib ki, aksiya günü polis əməkdaşlarını qətlə yetirdiyi iddia olunan Rəşad Böyükkişiyevlə birlikdə olması, onu öncədən tanıması barədə ittihamda yazılanlar həqiqətə uyğun deyil:

“Həmin gün mən aksiyada olmuşam. Amma Rəşadla yanaşı olmamışam. Onu əvvəldən tanımamışam”. (R.Böyükkişiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.)

Ümumiyyətlə, Gəncə işi ilə bağlı bütün həbs olunanlar haqqında qruplaşma, kütləvi iğtişaşın təşkil edilməsi və digər ittihamlar qaldırılsa da məhkəmə iclaslarında bu adamların bir-birini ilk dəfə polis idarəsində gördüyünü iddia etdilər.

Aksiyada olduğu iddia olunan Nemət Heydərli səhər saatlarında, aksiya başlamazdan öncə həbs edilib. Lakin təkcə Nemət Heydərli deyil, digərlərinin də istintaq materiallarında aksiya zamanı, meydandan tutulduğu iddia edilir.

Qeyd edək ki, Gəncə olayları ilə bağlı həbs edilən 6 nəfərlik qrupun bütün üzvləri ifadə verərkən bildirdilər ki, onlara istintaq zamanı polis idarələrində aölasığmaz işgəncələr verilib. İşgəncə faktını araşdırmaq üçün qrup üzvləri vəsatət qaldırıb.

Kamera görüntüsündə Nemət Heydərlinin olmadığı halda istintaq sənədlərində onun aksiya zamanı həbs edildiyini xatırladan vəkili Nazim Musayevə hakim “qaşınmayan yerdən qan çıxarma, otur yerində” göstərişini verdi.

6 nəfərlik qrupda təmsil olunan Elvin Nəzərov, Elman Rüstəmov, Elvin Allahverdiyev, Nemət Heydərli, Renat Məmmədov və Vüqar Xudiyev məhkəmənin gedişində işgəncə faktlarının araşdırılması ilə bağlı verdikləri vəsatəti xatırladtıqda hakim dedi ki, təqsirləndirilən şəxslərin işgəncə şikayətləri ilə əlaqədar üç dövlət orqanına sorğu göndərilib, amma hələlik, onların heç birindən cavab gəlməyib.

Vüqar Xudiyevin vəkili Zibeydə Sadıqova deyir ki, hüquqlarını müdafiə etdiyi şəxsi ötən il iyunun 10-da saxlayıblar. Öncə ona inzibati qaydada 15 sutkalıq həbs cəzası verilib. İyunun 14-də onu Gəncə hadisələrilə bağlı cinayət işinin istintaqına öncə şahid, iyunun 20-də isə təqsirləndirilən şəxs qismində cəlb ediblər: “Mən iş materialları ilə tanış oldum. Ayın 14-nə qədər ona aid sənədlər, inzibati həbs haqqında məhkəmə qərarı iş materialları arasında yoxdur. Üzərindəki xəsarətlərlə bağlı ekspert rəyini də görmədim”.

Təqsirəndirilən şəxslər məhkəmə ifadələrində bildiriblər ki, onlara verilən işgəncənin izləri tamamilə sağaldıqdan sonra ekspertizaya aparılıblar. Ekspertiza isə işgəncə faktının olmadığını bildirib.

Qeyd edək ki, digər qruplardakı təsirləndirilən şəxslərin əksəriyyətinin inzibati həbs haqqında məhkəmə qərarı iş materialları arasında yoxdur. Valideyinlər deyir ki, bu sənədləri Gəncə Məhkəməsinin sədri, hərbi prokuror Xanlar Vəliyevin qudası Natiq Əliyev götüzdürüb. Valideyinlərdən bəzisi bu oğurluqdan xəbər tutub və qərarın surətini almağı bacarıb.

Növbəti məhkəmə prosesini iyulun 8-nə təyin edilib.

YADDAŞ

6 nəfərlik qrupa 2019-cu ilin mart ayının 1-də Sabunçu Rayon Məhkəməsində, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xaqani Səmədovun sədrliyilə ilə keçirilən prosesdə hökm oxunub.

Təqsirləndirilən şəxslərdən dördü Renat Məmmədov 6 il, Elvin Allahverdiyev, Elvin Nəzərov və Vüqar Xuliyev Cinayət Məcəlləsinin 220-ci (kütləvi iğtişaşların təşkili və ya iştirak) maddəsilə təqsirli bilinib, 7 il azadlıqdan məhrum edilib.

Elman Rüstəmov və Nemət Heydərliyə Cinayət Məcəlləsinin 220-ci maddəsindən əlavə 315-ci (polisə müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsilə də ittiham irəli sürülüb. Onlar 8 il müddətinə azadlıqdan məhrum edilib.

Top
JoomlaLock.com All4Share.net