GƏNCƏ İŞİ- "Qadınları zaldan çıxarın deyim, polis idarəsində şalvarımı çıxarıb..."
Featured

01 İyul 2019

İyunun 28-də Bakı Apellyasiya Məhkəməsində Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əlizamin Abdullayevin sədrliyi ilə 8 nəfərlik qrupun işinə baxıldı.

Vetenugrunda.az-ın məhkəmədə iştirak edən əməkdaşının verdiyi xəbərə göə, vəkil Polad Məhərrəmov məhkəmə istintaqının aparılmasının vacibliyini bildirdi. O, ittiham edilən şəxslərin əslində törətmədikləri günaha görə cəzalandırıldıqlarını bildirdi və dedi ki, əgər düzgün istintaq aparılsa ittihamların heç biri öz təsdiqini tapmayacaq.

Daha sonra Sabir Əiziovun müdafiəçisi bildirdi ki, istintaq mateialında onun guya Gülmirzəni vatsap vasitəsiylə Gəncəyə çağırmasına aid səsyazısı var. Lakin birinci instansiya məhkəməsində bunun yoxlanılmayıb. Mütləq telefonla göndərildiyi deyilən səsyasızı araşdırılamlıdır. Çünki belə bir səsyazısı yoxdur.

Hakim qismən istintaq məhkəməsinin aparılması ilə razılaşdı.

Çıxış edən məhbusların heç biri onlara qarşı qaldırılan ittihamlarla özünü təqsirli bilmədi.

Riya Nuruzadə ifadə verərkən dedi ki, iyulun 9-da qardaşı Gülmirzə, dostları Fikrət və Sabirlə istirahət etmək niyyəti ilə Göygölə getmək üçün evdən çıxıblar. Onlar İmamzada ziyarətgahına gəliblər. Sonra çay səhər qəlyanaltısı etmək üçün münasib yer axtarmaq məqsədilə polisə yaxınlaşıb ondan yaxınlıqda belə bir yerin olduğunu soruşublar.

Polis onları Gəncə Polis İdarəsinə aparıb. Onlara 15 sutka inzibati cəza verəcəyini deyib və bildirb ki, 15 gündən sonra sərbəst buraxılacaqlar. Guya bizi polis saxlayıb, biz də polisə əl-qol atmışıq. Amma polisə biz özümüz yaxınlaşdıq ki, ondan yemək yemək üçün münasib yer soruşaq.

Lakin bundan sonra polis idarəsində onları 4 gün gecə gündüz döyüblər və onları Gəncəyə Quliyev Elmanın aksiyaya göndərdiyini demələrini tələb ediblər.

Bu zaman dövlət ittihamçısı Ədalət Əzimov Riyaya üzünü tutub lağlağı ilə ona dedi: Yəqin polislərin Elman Quliyevdən zəhləsi gedirmiş.

Bu zaman vəkil Polad Məhərrəmov dövlət ittihamçısına xatırlatdı ki, Faiq Şabanov Gəncə olayları ilə bağlı 500 nəfərdən çox adam tutdurub.

Ə.Əzimov aqressiv şəkildə vəkilin üstünə qışqırıb bu qədər adamın tutulmadığını iddia etməyə başladı.

Daha sonra ifadə verən Gülmirzə Nuruzadə dedi ki, atasını itirəndən sonra çox gərgin olub və depresiyaya düşüb: “Mən maşın ustasıyam. Atam təzə rəhmətə getmişdi. Onun yoxluğu ilə barışa bilmirdim. O, sağlığında hər gün iş yerimə gələrdi. Atamın yoxluğu təkcə evdə deyil, işdə də hiss olunurdu və məni çox sıxırdı. Dostlar dedilər ki, gəlin gedək bir az istirahət edək. Biz də Göygölə getməyi qərarlaşdırdıq”. Gülmirzə deyir ki, onlar Göygölə getmək üçün taksi sifariş veriblər. Lakin sonradan görüblər ki, onların sifarişinə gələn taksi Sumqayıt deyil, Gəncə nömrəsi taxıb. Tutulandan sonra bəlli olub ki, taksi Gəncədən gəlibmiş. Taksinin sürcüsü də polis əməliyyatçısı imiş (Bu zaman zalda oturan valideyinlərdən biri dedi ki, Gəncədə aksiya təşkil edənlər öncədən həbs ediləcək şəxslərin siyahısını tutubmuş).

Gülmirzə deyir ki, onlara işgəncə verənlər “bizi Gəncəyə Elman Quliyev çağırdı” yazılan izahata qol çəkmələrini tələb ediblər. Lakin Gülmirzə bununla razılaşmayıb. O, deyir ki, Elman Quliyevin üstünə böhtan ata bilməzdim: “Azərbaycanda hamı bilir ki, aksiyalarda iştirak edənləri polislər tutur. Əgər aksiyaya gəlirdimsə, onda bəs qardaşımı niyə gətirirdim?. Bu kökündən yalandır. Telefonumuz hələ də polisdədir. Yoxlasınlar, sübut ortaya qoysunlar ki, Elman çağırıb”.

Həbs edilən Sabir və Cabir Əzizov qardaşları ifadə verərkən onların anasının halı xarab oldu.

Cabir dedi ki, onları Gəncə Polis İdarəsinə aparıb hərəsinə 15 sutka cəza verilib. Guya polisə əl-qol atıblarmış: “Bizi o qədər döyürdülər ki, bayılırdıq. Hər gün döyürdülər ki, izahata imza atın ki, sizi Gəncəyə Elman Quliyev çağırıb. O qədər döydülər, işgəncə verdilər, gördüm ağrıya dözə bilmirəm axırda lezva ilə damarlarımı doğradım. Başdan ayağa, qollarımı, boğazımı hamısını doğradım. Ölmək istəyirdim. Vallah ölmək istəyirdim. Adama elə işgəncə verirlər ki, zaldakı ana-bacılardan utanıram deməyə. Çıxarın qadınları çölə deyim necə işgəncə verdilər. Zaldakı qadınları çıxarın çölə deyim polis idarəsində şalvarımı əynimdən çıxarıb necə press edirdilər. Belə yaşamaq olar? Mən Elmana niyə böhtan atmalıaym”.

Cabirin zalda oturan anası yanındakı analara pıçıldadı ki, oğlunun ayaqlarının arasına təpiklə o qədər vurublar ki, xayaları partlayıb, qrija olub. Bir aya yaxın yeriyə bilmirmiş. Oğlunun hələ də bu zədədən əziyyət çəkdiyini ana göz yaşları ilə deyirdi.

Cabir Əziziov çıxış edərkən çox gərgin olduğu və işgəncələrdən əsblərinin poulduğu hiss edilirdi. Prokuror Ədalət Əzimov ona “Sizə cəza veriləndə vəkilniz iştirak edirdi” sualını verəndə Cabir daha da qıcıqlandı. O, polis idarəsində təkcə onunla deyil, bütün saxlanılanlarla erməni əsirliyindəki kimi davrandıqlarını və bütün hüquqlarının pozlulduğunu bildirdi: “Mən içki içən adamam. Hər gün içirəm. Mənim dindarların aksiyasında nə işim var axı? Deyirlər guya Elman Quliyev bizi aksiyaya görə Gəncəyə yığıb. Bizdən Gəncədə sənəd istəyirlər. Gəncə öz ölkəmizdi, xarici ölkə-zaddı ki sənəd gəzdirək üstümüzdə?”.

C.Əzizovun qardaşı Sabir Əzizov dedi ki, qardaşını da onu da həbs ediblər. Evdə iki qardaş olublar, hər ikis bu gün həbs edilib. Evdə bir ayağını itirmiş yaşlı atası və xadiməçi işləyən anası qalıb. Onlar köməksizdir: “Mən gözümü açandan işləmişəm, zəhmət çəkmişəm ki, ata-anama kömək edim. Gəncənin Alminum zavodunu mən rəngləmişəm, prezidentə təhvil veriləndə. Həmişə işləmişəm”.

Növbəti məhkəmə prosesi iyulun 26-sı saat 11:00-a təyin edildi.

YADDAŞ

2019-cu il martın 2-də Sabunçu Rayon Məhkəməsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrlik etdiyi prosesdə 8 nəfərlik qrupa hökm oxunub.

8 nəfərlik qrup 2018-ci il 10 iyulda Gəncədə, icra hakimiyyətinin qarşısında keçirilən etiraz aksiyasında iştirak edərək, kütləvi iğtişaş törətməkdə təqsirli bilinirdilər. 8 nəfərlik qrupun işində 17 nəfər zərərçəkmiş qismində siyahıya alınıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə ittiham ediliblər.

Lakin təqsiləndirilən şəxslərin vəkillərinin qaldırdıqları vəsatətlərin əksəriyyəti rədd edilib. Təqsirləndirilən şəxslərə verilən dəhşətli işgəncə əməlləri isə ört -basdır edilib. İşgəncə faktından danışan təqsirləndirilən şəxslərin sözünü ya hakim, ya da dövlət ittihamçısı kəsərək onlara mövzunun istiqamətini dəyişmək üçün suallar verilib.

Təqsirləndirilən şəxslər istintaq zamanı dəhşətli işgəncələr altında hazır yazılmış izahatlara imza etdiklərini bildirsələr də, bu məqam da araşdırılmayıb. Təqsirləndirilən şəxslər özlərini qismən də olsa günahkar bilmədiklərini deyiblər.

Gülmirzə Nuruzadə yaxınlarının vasitəsi ilə mediyaya verdiyi açıqlamada bildirib ki, istintaq zamanı Gəncədə aksiyada öldürülən polislərdən birinin bağırsağını çıxarıb onun üstünə ataraq onu təhdid ediblər: “Polisin meyitini otağa qoymuşdular. Onun içini yarıb bağırsaqlarını çölə çıxarmışdılar. Polislər məni meyitə yaxın aparıb “izahata qol çəkməsən sənin də bağırsaqlarını bax beləcə çölə tökəcəyik, deyib, meyitin içindən çıxardıqları bağırsağı üstümə atdılar. Mən huşumu itirdim”.

1.      Əzizov Cabir (220.1) -5 il

2.      Əzizov Sabir (220.1)  -6 il

3.      Mirzəliyev Fikrət (220.1) -6 il

4.      Rəcəbov Səbuhi (220.1) -6 il

5.      Quliyev Elman   (220.1) -8 il

6.      Hacıyev Eyruz (220.1 ) -7 il

7.      Nurzadə Gülmirzə (220.1)  -6 il

8.      Nurzadə Riya (220.1) -5 il

Vetenugrunda.az

Top
JoomlaLock.com All4Share.net