Gəncə məhbusu dünyasını dəyişdi
Featured

10 İyul 2019

Gəncə məhbusu Aydın Qurbanov Pentensiar Xidmətin Müalicə Müəssisəsində dünyasını dəyişib. Bu barədə vetenugrunda.az-a onun həyat yoldaşı məlumat verib: "Gecə saat 1-də Pentensiar Xidmətdən baldızımın oğluna zəng vurublar ki, Aydın Qurbanov rəhmətə getdi, gəlin cənazəsini aparın".

Qeyd edək ki, Aydın Qurbanov 2018-ci ilin iyulunda Gəncədə baş verən olaylara görə həbs edilib. Məhbubə Qurbanova deyir ki, ona istintaq zamanı dəhşətli işgəncələr verilib: "Aydın çox sağlam adam idi. Ona o qədər "tok" vermişdilər ki, həbs ediləndən 10 ay sonra görüşəndə tanıya bilmədim. Əlləri əsirdi, qupquru qurumuşdu. Məlum oldu ki, mədə xərçəngi yaranıb Aydında. Bütün bunlar işgəncələrin, günlərlə ac-sussuz qalmağın nəticəsi idi.

Aydın Gəncədə adicə makler işləyirdi. Amma onu istintaqda döyüb guya Yunus Səfərovun terror qruplaşmasını maliyyələşdirdiyini boynuna qoymaq istəyirdilər. Günlərlə ac -sussuz saxladılar, döydülər".

Xatırladaq ki, Aydın Qurbanovun iki övladı var. Oğlu atası həbs edilməzdən öncə Gəncə Dövlət Universitetinin 4-cü kursunda oxuyurmuş: "Aydın ailənin yeganə qazanc gətirəni idi. O, həbs edildikdən sonra oğlum da oxuduğu universitetdən uzaqlaşmaq məcburiyyətində qaldı. İndi o, ofsiant işləyir ki, evə qazanc gətirsin. Üstəlik, 5 ildir ki, ipoteka ilə aldığımız mənzildən çıxarıldıq. 5 ildir ki, hər ay 385 manat pul köçürdüyümüz mənzildən çıxarıldıq. İndi kirayədə yaşayırıq".

YADDAŞ

Aydın Qurbanov 1967-ci ildə Gəncədə anadan olub. O makler işləyirmiş. Gəncə olayları ilə bağlı bacısı oğlu Hamlet Abdullayev həbs edilib. 2018-ci il, iyunun 27-də A.Qurbanovu Gəncədəki Nizami rayon polis idarəsinə çağırıblar. O, idarəyə gedib və bir daha geri qayıtmayıb. 4 gündən sonra yaxınları Nizami polis idarəsinə gedib və Aydın Qurbanovu soraqlayıblar. Lakin yaxınlarını gah Gəncə, gah da Kəpəz polis idarəsinə göndəriblər.

Aydın Qurbanovun yaxınları xəbər tutub ki, o, polis idarəsinə getdiyi gün Bakıya, Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə ("bandotdel") göndərilib. 10 aydan sonra xanımı ilə görüşmək icazəsi verilib. Görüş zamanı onun ölümcül halda olması yaxınlarını çox narahat edib.

O, Cinayət Məcəlləsinin 228.3 maddəsi ilə (Qanunsuz olaraq odlu silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə - Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ittiham edilirdi.

2019-cu il 30 may tarixində Nəsimi Rayon Məhkəməsində  Aydın Qurbanovun onkoloji xəstə olduğu üçün həbsinin ev dustaqlığı ilə əvəzlənməsi barədə qaldırılan vəsatət hakim Azər Tağıyev rədd edərək deyib: "Görürəm, vəziyyıtiniz aöırdır. Amma mən bu vəsatətləri qəbul edə bilmərəm".

Aydın Qurbanov 2019-cu ilin 10 iyulnda, gecə saatlarında dünyasını dəyişib.

Allah rəhmət eləsin.

Top
JoomlaLock.com All4Share.net