Tale Bağırzadədən başsağlığı müraciəti: "Qoy uca Rəbbimiz onları mühakimə etsin"
Featured

31 İyul 2019

Siyasi məhbus Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə el ağsaqqalı, xeyriyyəçi ruhani Məsim Novruzovun vəfatı ilə əlaqədar başsağlığı müraciəti ünvanlayıb.

Müraciətdə deyilir:


"Bismillah. Hörmətli ruhanimiz, dəyərli ağsaqqalımız, əziz əqidədaşımız hacı Məsim Novruzovun vəfatı məni olduqca kədərləndirdi. Bu xəbəri həbsxana divarları arasında almaq, səmimi dostumuzu son mənzilə yola salmaq sədaqət və vəfadarlığından məhrumiyyət qəhərimi ikiqat artırır.

Hacı Məsimlə təkcə şəxsi dostluğumuza görə deyil, eyni zamanda ictimai fəaliyyətimizə görə uzun müddət sıx münasibətlərimiz olub. Həmçinin bir müddət eyni həbsxanada məhbus həyatı yaşamışıq. Onun həyatının hər anında, müxtəlif çətinliklərlə müşaiət olunan hər vəziyyətində eyni təmkinli, qürurlu, mərd, möhkəm, ötkəm ruh halında olmasının şahidiyəm. Hacı Məsimin son nəfəsində belə xaricdə təhsil alan oğlu Ruhullah Novruzzadəni ölkəyə buraxmamaq isə huquq sisteminin ayaqlar altına atılması, insanlığa sığmayan insafsızlıq, sadistlikdir.

Əgər bu insanın hansısa cinayət əməli və ya qanun pozuntusu varsa, onda cinayət işi açılsın və səbəbi açıqlansın. Təbii ki, heç bir cinayət əməlindən söhbət gedə bilməz, belə bir şeyin olmadığı gün kimi aydındır. Elə isə niyə insanlara əzab verirlər? Bu, bir daha irticaçı rejimin mürtəce siyasətinin bariz nümunəsidir. İnsanın bu cür vəziyyətində belə onunla düşmənlik edənləri Allaha həvalə edirəm.

Qoy uca Rəbbimiz onları mühakimə etsin.

Hacı Məsimin oğlu Ruhullah Novruzzadəyə və yaxınlarına bir daha Allah səbr versin deyir, dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin, ruhu şad, axirəti abad olsun. Amin!

Müsəlman Birliyi Hərəkatının sədri
Tale Bağırzadə Qobustan həbsxanası.
30.07.2019".

Top
JoomlaLock.com All4Share.net