GƏNCƏ İŞİ: Gəncə məhbuslarının işinə Elmar Vəliyevin yaxınları təsir edir...
Featured

03 Avqust 2019

Avqustun 1-də Bakı Apellyasiya Məhkəməsində baş tutan növbəti iclasda Gəncə məhbuslarından 11 nəfərin cəzası azaldılması ilə bağlı prokuror çıxış edib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, prokuror Ceyhun Əliyev Maarif Hacıyev, Şahlar Rzayev, Kamal Məhərrəmov, Orxan Yağnəliyev, Ruslan Həsənov, Tural Bayramov, Nizami Əkbərov, Toğrul Verdiyev, Seymur Əliyev, Araz Həsənov və Vaqif Əşrəfovun təmsil olunduğu 11 nəfərlik qrupun cəzasının azaldılmasını, onlara verilən ittiham maddələrinə də dəyişiklik olunmasınıistəyib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 220.1 və 315.2 maddələrilə - ötən il iyulun 10-da Gəncədə kütləvi iğtişaşların təşkili və həmin vaxt polis əməkdaşlarına müqavimət göstərib, onların sağlamlıqlarına ziyan vurmaqda ittiham olunurlar. Gəncə Məhkəməsi də onları bu maddələrlə təqsirli bilib. Maarif Hacıyev 9 il, Şahlar Rzayev, Kamal Məhərrəmov və Orxan Yağnəliyev 8 il 6 ay, Ruslan Həsənov, Tural Bayramov, Nizami Əkbərov, Toğrul Verdiyev və Seymur Əliyev 8 il, Araz Həsənov və Vaqif Əşrəfov 7 il 6 ay azadıqdan məhrum edilib.

Prokuror təklif edib ki, 315-ci maddə ilə verilən ittihama dəyişiklik edilsin, təqsirləndirilən şəxslərin əməli 315.1 maddəsinə tövsif edilsin. Həmin maddədə ancaq hakimiyyət nümayəndəsinə müqavimətdən söhbət gedir, xəsarət yetirmədən yox. Prokuror Maarif Hacıyev, Ruslan Həsənov, Nizami Əkbərov, Toğrul Verdiyev və Seymur Əliyevə 5 il 6 ay, Şahlar Rzayev, Tural Bayramov, Kamal Məhərrəmov, Araz Həsənov və Orxan Yağnəliyevə 5 il, Vaqif Əşrəfova 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası istəyib.

Daha sonra vəkillər çıxış edərək, hüquqlarını müdafiə etdikləri şəxslərin təqsirsiz olduğunu bildirib, bəraət verilməsini istəyiblər.

Məhkəmə iclası zamanı Gəncə məhbuslarının valideynləri bütün bu olaylara Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin özbaşınalığının səbəb olduğunu bildiriblər: "Bizim uşaqlarımızın yerində Elmar Vəliyev oturmalı idi. Gəncədə bir cinayətkar var idi, o da Elmar Vəliyev idi" deyən valideyinlər övladlarının günahsız olduğunu bildiriblər.

Məhbusların vəkillərin müdafiə nitqi xeyli sərt tənqidlə yadda qalıb. Gəncə məhbusu, istintaq zamanı döyülməkdən ağ ciyəri parçalanan, hazırda "Tubzon"da müalicə alan və həbsindən öncə Azərbaycan ordusunda 6 il xidmət edən Şahlar Rzayevin vəkili xeyli maraqlı dəlillərlə diqqət çəkib: "Gəncə olaylarını araşdırarkən mütləq, bu olaylar baş verməzdən öncə Gəncədəki sosial-ictimai gərginliyə niyə önəm vermirlər? Hüquqlarını müdafiə etdiyim Şahlar Rzayev sadəcə olaraq Elmar Vəliyevin Gəncədə azana qadağa qoymasına etiraz etmək üçün o meydandaydı. Niyə istintaq materiallarında "dövlətçilik əleyhinə olan şüarlar səsləndiriblər" ifadəsi yer alıb? "Allahu əkbər", "Ya Hüseyn" kəlməsi nə zamandan dövlətçilik əleyhinə şüar olub? Elmar Vəliyev niyə görə Gəncədə azana qadağa qoymuşdu?

Şah Abbas Gəncəyə gələndə xalqdan soruşur ki, sizə nə lazımdır, məndən nə istəyirsiniz sizə əta edim? Gəncə xalqının Şah Abbasdan bircə istəyi olur: Gəncədə məscid tikdirin. Belə bir şəhərə Elmar Vəliyev kimi adamı niyə görə başçı təyin etdilər?

Mən hokumətimizdən xahiş edirəm ki Gəncə məhbusları haqqında çıxarılan qərara diqqət etsinlər. Çünki bir məhkəmənin çıxardığı qərarın arxasında o dövlətin şərəfi dayanır. Xahiş edirəm, Elmar Vəliyevə görə dövlətin şərəfi ilə oynamayın".

Daha sonra Orxan Yağnaliyevin vəkili çıxış edərkən bildirib ki, istitaq işində Orxanın bir polisə təpik vurması haqqında iddia var. Amma o polisin kimliyi hələ də bəlli deyil. Çünki belə bir hadisə olmayıb.

İstintaq materiallarında belə bir ifadə var: "İnternet sosial şəbəkəsi". İnternet sosial şəbəkəsi deyilən bir şey yoxdu. İnternetdəki sosial şəbəkələr var. Bu qədər savadsızlıq olmaz. Bu istintaq materialları dövlət idarəsində yazılıb. Buna diqqət etmək lazımdı axı".

Məhkəmə növbəti iclasın vaxtını elan edib: avqustun 15-nə, saat 15:00.

Top
JoomlaLock.com All4Share.net