Gəncə məhbusu: "Polislər başımı su ilə dolu çanağa soxub saxladılar..."
Featured

07 Avqust 2019

“Əlüzyuyanın çanağını suyla doldurub başımı o suya soxub saxladılar.”

Gəncə məhbusu Şahin Verdiyev həbs edildikdən sonra ona verilən dəhşətli işgəncə faktlarını qələmə alıb. Şahin Verdiyevin anası Seminara Cəfərova məktubu vetenugrunda.az-a təqdim edib:

“Mən Verdiyev Şahin Səməndər oğlu 10 iyul 2018-ci ildə Gəncənin icra hakimiyətinin qarşısında baş verən hadisəyə şahidəm. Belə ki, dostum Elmir Hüseynzadə ilə icra hakimyyətinin muzey olan girişinin yanında olarkən camaatın Gəncə otelə tərəf getdiyini gördük, ora qaçdıq ki, görək nə baş verir. Ora catanda gördük ki, bir polisi başqa polislər yerdən qaldırıb aprır. Sonra biz orda samaatın çox olduğunu ora -bura hərəkət etdiyini görüb ətrafa baxdıq. Elmirlə Gəncə Dövlət Universtetinə tərəf getdik, oradan məscidin həyətinə girib evə tərəf getmək istəyəndə qarışıqlıq oldu və mən Elmiri itirdim. Sonra eşitdim ki, onu tutublar. Lakin həmin ərəfədə Goranboy rayonunun Xoylu kəndində yaşayan atam can üstəydi.

Ailəmlə atamın yanına getdik. Bir neçə gün sonra atam rəhmətə getdi. Atamın 3 mərasiminin sabahı günü iyulun 19-da məni iki maşın polis əməkdaşı “kənd sovetinə gedək, atanı sən öldürmüsən, izahat verəcəksən” deyib aldadb Goranboy Polis idarəsinə apardılar. Goranboy Polis idarəsində bir iki saat saxlayıb Gəncəyə, Nizami Polis idarəsinə apardılar.

Картинки по запросу Gəncə məhbusu Şahin Verdiyev

Şahin Verdiyev

Nizami Polis İdarəsinə daxil olarkən əllərim arxadan bağlı halda məni idarənin girişində liftə mindirdilər. Liftə mindirən polislər əllərim arxadan bağlı olduğu halda başımı liftin qapısına dəfələrlə çırpdılar. Sonra rəisin otağına saldılar. Orda çox adam var idi. Hamısı da mülki geyimdə. Mənə kompyuterdə hadisənin videosunu göstərdilər. Videoda məni tapıb “bu sənsən” deyə, soruşdular. Keçəl, iriqarınlı bir nəfər idi bunu soruşan. O, mən “hə, mənəm” deyəndə mənim başımı klaviaturaya çırpdı. Gözüm qaraldı yerə yıxıldım.

Məni başqa mülkigeyimli polislər yerlə sürüyərək, kürəyimə, başıma, böyərklərimə, təpikləyə-təpikləyə başqa otağa aparıb, stula bağladılar. Əllərim arxadan bağlı, gözlərimi də polis paqonu ilə bağladılar. Məni o otaqda o qədər döydülər ki, bütün bədənim keyimişdi. Onlar məni stulla birgə yerə yıxıb “dubinka” ilə, “ratsiya” ilə burnuma, başıma, ayaqlarımın altına döyürdülər. Bir az dayandılar, sonra gözümü açdılar. Artıq otaqda iki polis qalmışdı.

Otağa adını sonradan öyrəndiyim Asif Cavadovu əlləri arxadan bağlı halda otağa gətirdilər. Tam xatırlamıram, deyəsən otağa onunla yanaşı digərlərini də gətirdilər. Təxminən 3-4 nəfər idilər.

Adını məhkəmədə öyrəndiyim Vüsal adlı polis serjantı yanıma gəlib, stuldan qaldırıb, ayaqüstü suallar verdi və qəfil sinəmə təpiklə vurub yerə yıxdı. Digərləri ilə birgə döyməyə başladı. Sonra Vüsal mən yerdəykən kürəyimə çıxıb, başıma “dubinka” ilə dayanmadan vururdu. Bunu elə ürəklə edirdi ki, sanki mən düşməniyəm.

Onlar məni otağın küncündəki stulun yanına sürdülər. Bir az keçmişdi otağa başqa polis girdi. Onlar Asifi döyməyə başladılar. Onun başına və ayaqlarının altına “dubinka” ilə vururdular. Asif qışqırdı ki, “bəsdir, öldürün, canım qurtarsın. Döyülməkdən bezdim, dözə bilmirəm”. Polislərdən biri tapançasını belindən çıxarıb tətiyini çəkib “Al, öldür özünü” deyib, silahı Asifə verdi. Asif silahı ya qarnına, ya da başına (Tam xatırlaya bilmirəm, özümdə deyildim.) dirədi, tətiyi çəkdi. Amma silah atmadı. Onlar gülüşməyə başladı. Bizi döyüb, təhqir edib bu halımıza baxıb gülüşürdülər. Bizimlə məhbus kimi deyil, əsir kimi davranırdılar.

Sonra Asifi otaqdan apardılar. Məni də 20-25 dəqiqə yenə döydülər. Özümdən getdim...

Təcili yardımla gələn həkimlər məni ayıldıb, getdilər. Deyəsən sabah açılmışdı... Məni növbətçi hissənin arxasındakı “reşotkalı” yerə aparmışdılar. Səhərə yaxın oradan çıxarıb, ikinci mərtəbəyə apardılar. Orada 3-4 polis var idi. Polislər mənim əllərimi və ayaqlarımı iki ayrı stula bağlayıb havadan aslı vəziyyətdə saxlayıb, “dubinka” ilə qarnıma, sinəmə, başıma döyürdülər.

O qədər döyürdülər, mənə elə gəlirdi ki, əllərindəki “dubinkalar” əyilib bizi döyməkdən. Məni döyən polislər yorulanda otağa başqa polislər gəldi. Onlar məni stuldan açıb həmin stulda məni oturdub yenə məni döyməyə başladılar. Onlardan içməyə su istədim mənə su vermədilər. Sərxan adlı polis mədəmə iki dəfə yumruqla vurdu. Ağrıdan az qala öləcəkdim, qusdum...

Məni həmin mərtəbədəki koridorun başında, Sabir küçəsinə baxan tərəfdəki ayaqyoluna apardılar. Əl-üzümü yudum, krandan su içmək istəyəndə qəfil məni tutdular və imkan vermədilər.

Bu zaman içəri iki nəfər girdi. Əllərimi arxadan qandallayıb əlüzyuyanın çanağını suyla doldurub başımı o suya soxub saxladılar. Boğulurdum...az qalırdı ki, ürəyim partlasın. Sonra başımı sudan çıxarıb mədəmə yumruqla vurub, daha pis hala düşməyimi istəyirdilər. Mənə belə işgəncələr verəndən sonra başqa otağa apardılar.

Əllərimi qandal o qədər sıxmışdı, əllərim şişib kötüyə dönmüşdü. Yenə əllərimi bağlamaq istəyəndə, dedim ki, bağlamayın, çox pisdi deyəndə. Bu dəfə şişimiş əllərimi kəndirlə atopleniyaya bağladılar. Amma bu dəfə daha bərk bağladılar.

Əllərim bağlı halda məndən bir nəfər polis əlində telefon mənə yaxınlaşıb Rəşadı hardan tanıdığımı soruşdu. Mən “heç kimi tanımıram, o aksiyaya da təsadüfən gedib çıxmışdım” dedim. O, polis mənə telefonda Rəşadın əlləri bağlı meyitinin şəklini göstərdi. Onun üzü və bədəni döyülməkdən qapqara idi. Bədənində güllə deşikləri var idi. Polis mənə “Sən Rəşadı tanıdığını etiraf etməsən, sən də Rəşadın gününə qalacaqsan” dedi. Mən yenə “heç kimi tanımıram” deyəndə, o, balaca, ardasa 20-25 sm uzunu, 7-8 sm eni olan elktroşok çubuğu ilə mənə işgəncə verməyə başladı. Hər dəfə 3-5 saniyə elektroşok verirdi. Amma bu zaman mənə çox uzun vaxt kimi gəlirdi.

Ürəyimin üstündən, qarnımdan, ayaqlarımın qatlanacaq yerindən “tok” verirdi.

Hər dəfə tok verəndə dişlərim elə şaqqıldayırdı ki, hələ də dişlərimin şaaqıltı səsi qulaqlarımdan getmir. Mən bayılırdım, su töküb ayıldıb, yenidən “tok” verirdilər. Mən yenə bayıldım...

...Ayılanda özümü nöbtəçinin arxasında polun üzərində gördüm. Yerdə uzanmışdım... Başımın üstündə həkimlər dayanmışdı... mənə iynə vururdular. O an heç nəyə reaksiya verə bilmirdim. Həkimlər polislərə halımın pis olduğunu dedilər. Polislər həkimlərə “O, ölməz, siz ayıldın, çıxın gedin” dedilər.

Növbətçinin arxasındakı “reşotkalı”, balaca saxlanma yerində xeyli adamla birgə səhəri açdıq. Sonra bizi iki-üç nəfər polis ayaqyoluna çıxartdı. Ayaqyolundan çıxanda bir “speznas” formasında olan polis məni saxlayıb haralı olduğumu, hadisə zamanı meydanda nə etdiyimi soruşdu. “Heç nə, təsadüf” deyəndə, o, polis məni təpiklə vurub yerə yıxdı. Başqaları da üstümüzə gəldilər. Döyə-döyə həmin qəfəsə saldılar.

Bir-iki saat keçdi, polislər məni və digərlərini tək-tək saxlanma yerindən çıxarıb başqa bir otağa, ikinci mərtəbəyə apardılar. Orada məni koridorun sağında olan axırıncı otağa salıb, əllərimi arxadan bağladılar. Sonra otağa bir şəxs girdi. O, mənim vəkilim olduğunu dedi. Adının Araz olduğunu deyən vəkil mənə “heç nəyə qol çəkmə” dedi. Mən də ona dedim ki, “İmkan yarat, evimizə zəng edim. Burda məni öldürürlər”. Vəkil mənə cavabında dedi ki, heç bir sənədə qol çəkmə, sənə heç nə olmaz... Amma günlərdir mənə verilən işgəncədən halsız vəziyyətdəydim. Elktorşok işgəncəsinin məni ölümcül vəziyyətə qoyduğunu hiss edirdim.

Sonradan uzunburun, gözləri qıyıq, təxminən 1.75 boyu olan keçəl, 30-35 yaşlı adam girdi. Araz adlı vəkil qapının önündə dayanıb tamaşa edirdi. O, mənə sənədlərə qol çəkməyi əmr etdi. Mən sənədə yazılanları oxumaq istədiyimi deyəndə əllərim arxadan bağlı halda başımdan tutub nstola dəfələrlə çırpdı. Bütün bunlar vəkilimin gözünün önündə baş verirdi. İşgəncə altında o kağızlara qol çəkdim.

Məni post-patrulla məhkəməyə apardılar. Məhkəməyə dairəvi pilləkənlə qalxmalı idim. Pilləkən spiral kimi idi. Məni o pilləkəni döyə-döyə qaldırıb, döyə-döyə endirdilər. Hakim mənim vəziyyətimi görsə də heç nə demədi. Aşağıda gözləmə yerində Elmir, Asif və Mirzə adlı şəxs var idi. Polis gözləmə yerində məni döyüb, koridorda sürüyəndə onlar gördülər. Sonra bizi Gəncə həbsxanasına apardılar.

Həbsxananın həyətində biz maşından düşdük. Başımızı aşağı əyib, dar koridordakı “növbətçi hissə” yazılan otağa saldılar bizi. Otaqda Pentensiar xidmətinin işçiləri məni, Elmiri, Asifi və Mirzəni çox amansızcasına döyməyə başladılar. Biz yerə yıxılmışdıq. Başımıza yumruqla, təpiklə, “dubinka” ilə o qədər vurdular ki, artıq yerdən qalxmağa halımız yox idi. Onlar bizi aparıb karsa saldılar. Karsda bizi yatağa qandalla bağladılar. Məni isə yerə bərkidilmiş stola qandalladılar. Bizə nə su nə yemək, heç nə vermirdilər.

Bizi xəsarətlərimizi qeyd etmək üçün həkim yoxlanışına apardılar. Orada bütün xəsarətləri, göyərmələri, əzilmələri qeyd elədilər. Amma nədənsə bu qeydlər heç vaxt gözümüzə dəymədi. İyulun 25-də məni Kürdəxanıya gətirdilər. Burda da kameraya daxil olana kimi təhqir və işgəncələr dayanmadı.

Gəncə məhbusu Şahin Verdiyev”.

2019-cu il 28 iyul

Top
JoomlaLock.com All4Share.net