Gəncə məhbusu: Polis rəisi Ədalət Sadıqov məni döyməyə başladı...
Featured

04 Sentyabr 2019

Gəncə məhbusu: Polis rəisi Ədalət Sadıqov məni döyməyə başladı...

"Gəncə məhbusu Həbib Qurbanov Gəncə şəhərindəki Nizami Rayon Polis İdarəsində və Kəpəz Rayon Polis İdarəsində ona verilən işgəncə faktlarını qələmə alıb. Məhbusun yaxınları məktubu vetenugrunda.az-a təqdim ediblər.

10 iyul 2018-ci il tarixində Gəncə şəhəri icra hakimiyyətinin binası qarşısında keçirilən aksiyada kamera görüntülərinə düşmüşəm. Aksiyada heç bir polisə müqavimət göstərməmişəm. Kameralarda da açıq-aydın görünür ki, heç bir polisi vurmamışam. Əlimdə daş, bişaq, ağac və ya digər bir şey olmayıb. Bu videomateriallarda görünür.

12 iyul 2018-ci ildə polis tərəfindən axtarıldığımı eşitdim. Axtarış xəbərini eşidən kimi atamla birgə Nizami Rayon Polis İdarəsinə getdik. İdarəyə girəndən polis əməkdaşları mənimlə bir düşmən kimi davrandılar. Sanki bir düşmən əsir tutublar.

Bölməyə daxil olduğum 1-2 saat idi ki, "Növbətçi hissə" yazılan şüşəli bir yerin araxsında bir oatqda saxlanırdım. Burada 1-2 saat saxladıqdan sonra məni pilləkənlərlə təpiklə, yumruqla vura-vura, adını sonra öyrəndiyim polis rəisi Ədalət Sadıqovun otağına apardılar.

Ədalət Sadıqovun otağında mənə video göstərdilər. Mən dedim ki, videoda da gördünüz ki, mən meydanda heç kimi vurmamışam dedim. Belə deyəndə Ədalət Sadıqov məni döyməyə başladı. Orada Ədalətdən başqa da bir -neçə vəzifəli şəxs var idi. Ədalət məni itələyib dedi ki, aparın bunu otağa, sorğu -sual edin. Məni idarənin ikinci mərtəbəsində olan böyük bir otağa apardılar. Əl-ayağımı bağlayıb adını sonradan öyrəndiyim Əfqan, Nicat adlı polislərlə birgə 15 nəfərə yaxın polis işçisi məni təpiklə yumruqla döyməyə başladılar. Onlar deyirdilər ki, rəisimizi sən öldürmüsən. Mən ağrıdan qışqıranda dərhal polis paqonu ilə gözümü, "skoçla" ağzımı bağlayıb məni boğmağa və yenə də vurmağa başladılar. Skoçu açıb "niyə onları öldürmüsən" soruşub, yenidən ağzımı bağlayıb döyməyə başladılar. Özümdən getdim. Üstümə su töküb ayıldıblar. Özümə gələndə hiss etdim ki gözlərim yenə bağlıdır.

Özümü erməni əsirliyindəki kimi hiss edirdim. Üst-başım suyun içində idi. Mənə "elektroşok" verib gülürdülər. Yenə özümdən getdim. Bu dəfə gözümü açanda ayaqyolunun yanındakı əlüzyuyulan yerdəydim. Əlimi açdılar. Əl-üzümü yuyub, beş dəqiqə yerdə oturdum. Sonra yenidən məni otağa apardılar və döyməyə başladılar.

Mən qışqıraraq, vurun öldürün məni, canım qurtarsın dedim. Adını bilmədiyim bir polis belindəki silahı çıxarıb başıma dirədi və silahı doldurdu. Mən qışqıraraq vur dedim. Hamısı gülürdülər. Sonra yenə məni saxlanma yerinə qaytardılar. Orada 10-15 nəfərə yaxın insan vardı. Yeriyə bilmirdim, qolum, ayağım, başım şişmişdi. Ordakı uşaqlar mənə su verib, kömək etdilər.

Bir gün orada qaldım. Sabah məni yenə də "işgəncə otağı"na apardılar və yenə döydülər. Mənə tanımadığım adamların şəkillərini göstərdilər. Mən "tanımıram" dedikcə bədənimin hər yerinə vururdular. İki gün fasilə ilə məni döydülər. Sonra məni Kəpəz Rayon Polis İdarəsinə apardılar. 6 nəfər idik. Koridorda bizi saxlayıb dubinka ilə döyürdülər. Bizi elə ürəklə döyürdülər ki, elə bil əsir tutmuşdular.

Bir gün də orda qaldım. Bizi ordan Gəncə Ağır Cinayətlər Məhkəməsinə gətirdilər. Adını sonradan bildiyim Şirxan, İlham adlı polis işçiləri məni məhkəmənin “podvalında” döydülər, üstümə su tökdülər. Sonra məni məhkəmənin buruq pilləkənindən sürüyə-sürüyə qaldırdılar. Məhkəmə mənə 4 ay sanksiya verdi. Məni yenidən sürüyə-sürüyə "podvala" saldılar.

Maşına mindirib Gəncə İstintaq Təcridxanasına gətirdilər. Maşından düşənə qədər mənə əzab verdilər. Gəncə həbsxanasında bizim əl izlərimizi və qan analizlərimiz götürdülər. Bədənimdəki xəsarətləri soruşdular. Mən də polislər tərəfindən döyüldüyümü dedim. Qeydlər aparıldı, amma nə yazıldığını görmədim. Sonradan bildim ki, bədənimdə heç bir xəsarətin olmadığını yazıblar.

8 ay mənə nə telefon danışığına, nə də ailəmlə hər hansı şəkildə əlaqə saxlamağa icazə vermədilər. 11 aydan sonra məhkəmə istintaqından gəlib şüşənin arxasından guya bizim bədənimizdəki xəsarət izini yoxladılar. Mən onlara "11 ayın içində dubinkanın, yumruq- təpiyin izləri qalarmı" sualını verəndə "vaxtında deyərdin" dedlər və məni susdurdular. Mən dedim ki, vaxtında ailəmlə əlaqə saxlamağa icazə vermirdilər. "Bizlik deyil" dedilər.

Sonra mən şikayət verdim ki, işimə baxmırlar. Səbayel Rayon Məhkəməsində də dedilər ki, bağışla, əllimizdən heç nə gəlmir.

Mən günahsızam. Heç nə etməmişəm. Telefonumu da yoxladılar və gördülər ki, heç nə yoxdu. Hələ də bilmirəm ki, bu ittihamlar mənə niyə verilib. Məhkəmədən soruşanda deyirlər ki, sizə istintaq zamanı bu barədə deyilib. Amma kim deyib, nə deyib, onu da bilmirəm.

Sonra da mən "bu ittihamla sizin işinizə baxmıram, hər şey yaxşı olacaq” seyib bizi məhkəmədə danışmayaq deyə bizi sakitləşdirir.

Qurbanov Həbib Fərhad oğlu"

Qeyd edək ki, Gəncə olayları ilə bağlı həbs edilən Həbib Qurbanov 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.10, 220.1, 228.4, 315.2 maddələrlə ittiham edilir.

Hazırda Sabunçu Rayon Məhkəməsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə Həbib Qurbanov, Elmir Hüseynzadə, Sahin Verdiyev, Bəkrəm Əliyev, Emil Məmmədov, Mirzə Hüseynov, Vüqar Yusifov və Asif Cavadovun təmsil olunduğu qrupun məhkəmə prosesi gedir.

Növbəti məhkəmə 5 sentyabr saat 14:30-a təyin edilib.

Top
JoomlaLock.com All4Share.net