Gəncə məhbusları aclıq aksiyasına başladı: Prezidentimiz xəbər tutana qədər...
Featured

06 Sentyabr 2019

Bu gün Sabunçu Rayon Məhkəməsində Gəncə işi üzrə iki qrupun məhkəmə iclası keçirilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrliyi ilə bu gün Oktay Hüseynzadə və digərlərinin təmsil olunduğu qrupun məhkəmsi baş tutub.

Məhkəmə 12 sentyabr saat 11:30-a təxirə salınıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən digər qrupun məhkəmə iclasında məhbuslar Həbib Qurbanov və Bəkrəm Əliyevə prokurorun 16 il həbs cəzası istəməsinə etiraz olaraq sentyabrın 5-dən aclıq aksiyasıma başladıqlarını bildiriblər.

Sentyabrın 5-də keçirilən prosesdə Bəkrəm Əliyev, Həbib Qurbanov, Mirzə Hüseynov, Elmir Hüseynzadə, Şahin Verdiyev, Vüqar Yusifov, Asif Cavadov və hələ 16 yaşına çatmamış Emil Məmmədova dövlət ittihamçısı Pərviz Mirhəşimli cəza istədi. Prokuror ən az cəzanı Emilə istədi- 5 il.

Prokuror çıxışında 8 nəfərdən 6-sının üzərindən CM-nin 29.120 (qəsdən adam öldürməyə cəhd) maddəsinin götürülməsini təklif edib. O, təqsirləndirilən şəxslərdən 2-sinin üzərində istintaq vaxtı ittiham verilmiş bütün maddələrin saxlanmasını istəyib. Həmin təqsirləndirilən şəxslərdən də B.Əliyevə 16, H.Qurbanova isə 15 il həbs cəzası verilməsini, bu cəzaların da ciddi rejimli müəssisədə çəkilməsini təklif edib.

Prokuror digər təqsirləndirilən şəxslərin isə CM-nin 220.1 (kütləvi iğtişaşların təşkili) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddələriylə cəzalandırılmasını istəyib. O, M.Hüseynova 8 il, A.Cavadov və E.Hüseynzadəyə 7 il, Ş.Verdiyev və V.Yusifova 6 il, E.Məmmədova isə 5 il həbs cəzası verilməsini təklif edib. Dövlət ittihamçısı hesab edir ki, E.Məmmədov cəzasını yetkinlik yaşına çatmayan məhkumların saxlandığı tərbiyə müəssisəsində çəkməlidir.

Bu gün keçirilən iclasda Həbib Qurbanov və Bəkrəm Əliyev prokurorun çıxışından dəhşətə gəldiklərini bildirdilər. Onlar etiraz olaraq artıq aclıq aksiyasına başladıqlarını bildirdilər. Bu qrupda təmsil olunanların hamısı bu aksiyaya artıq qoşulduqlarını bildirdilər.

Həbib Qurbanov hakimin israrla “otur, bəsdir” çağırışına məhəl qoymadan ona qarşı həm istintaqda, həm də məhkəmədə ədalətsizlik ediliyini bildirdi. Mirzə Hüseynov isə “Prezidentimiz Gəncə məhbuslarına qarşı edilən haqsızlıqdan xəbər tutana qədər aclıq aksiyasını davam etdirəcəyik” dedi.

Bəkrəm Əliyev də prokurorun çıxışına etiraz etdi: “Necə susaq, dinməyək? Tutaq ki, 16 ilin lap 2-3 ilini hakim çıxdı, 2-3 il apellyasiya məhkəməsində çıxarıldı amma yenə də 10 ilə qədər müddət qalır. Mən heç bir günahım sübut olunmadığı halda niyə görə bu qədər cəza almalıyam”?

Hakim Dadaş İmanov məhbusları sakitliyə riayət etməyə çağırsa da onlar bu çağırışa əməl etmədilər. Hakim fasilə elan etdi. Təqsirləndirilən şəxslərin valideyinləri fasilə zamanı övladlarından aclıq aksiyasını dayandırmağı xahiş etsələr də onlar razılaşmadı.

Daha sonra vəkillər çıxış etdi. Vəkillərin hamısı çıxışa hazır olmadığı üçün məhkəmə 12 sentyabr saat 16:00-a təxirə salındı.

Top
JoomlaLock.com All4Share.net