Print this page

Həzrəti Hüseyn (ə) Şəhadəti ilə bizə nə deyir?
Featured

09 Sentyabr 2019

Nardaran məhbusu Abbas Hüseyn Aşura Günü ilə bağlı məktub yazıb.

Vetenugrunda.az-a göndərdiyi məktubunda o, Aşuranın islam tarixindəki önəmli roluna toxunub və insanları Haqqı müdafiə etməyə çağırıb. Məktubu olduğu kimi təqdim edirik:

"14 əsr bundan əvvəl ərəblər Allahın mübarək kitabı Qurani Kərimində sevməyi və məhəbbət göstərməyi əmr etdiyi Peyğəmbər (s) övladına və ailəsinə qarşı cinayət törədib zülm etdilər.

Mübarək Kitabın pak-pakizə kimi tanıtdığı bir şəxsiyyəti, Məhərrəm ayında-Aşura Günündə faciəvi və susuz şəkildə Şəhid etdilər.

Pak insanların qanı Kərbəla torpağına qarışdı. Halbuki, islam əhkamına əsasən Məhərrəm ayı o 4 aydan biridir ki, bu ayda müharibə etmək haramdır. Lakin imam Hüseyn (ə) Şəhid ediləndən bəri Məhərrəm ayı günləri islam cameəsində əza günləri kimi yad olunur. Bununla da, Məhərrəm ayının onuncu günü Aşura -Şəhidlər Günü kimi tarixə düşüb.

Haqq tərəfdarları bu günlərdə Peyğəmbər və ailəsinə sevgi-məhəbbətlərini onlara əza saxlamaqla izhar edərlər. Bu gün islamın və bütün bəşəriyyətin Diriliş Günü kimi təqvimdə öz yerini tapıb. Batil bu gündə bütün çılpaqlığı ilə üzə çıxıb.
Zülmə qarşı mübarizə aparanlar məhz Aşuradan ilham alırlar.

Fədakarları, azadələri Aşura Məktəbi yetişdirir. Həqiqətləri görmək, zillətdən ayrılmaq üçün özəl bir gündü Aşura. Müqavimətin təməl daşı yalnız Aşuradır.

Özünə müsəlman deyən hər bir kəs bu günlərin mahiyyətini dərk edib ibrət almalı, Hz.Hüseynə (ə) olan sevgilərini onun çağırışına səs verib, onun Yolunda addımlayıb buyruq və istəklərinə əməl etməklə göstərməlidir. Haqqa həm ruhən, həm də cismən bağlı olmaqla zalımı və batili inkar etməkdən qorxmamalıdır. Əks halda, bizlər də Həzrət Hüseyni tək qoyanlardan olarıq.

Həzrətin çıxışlarına nəzər salsaq, görərik ki, onun buyurduqları tək öz zamanəsinə yox, bütün dövrlərə məxsusdur. İmam Hüseyn (ə) buyurur: "Zülmə tabe olmayın. Mən də istəsəydim, rahat yaşaya bilərdim. Amma məzlumlara edilən zülmü görüb necə rahat yaşayım? Cahillər yüksək kürsülərdə qərar tapmaqla Allahın kitabını öz xeyirlərinə, mənfəətlərinə uyğun olaraq özlərinin anladıqları şəkildə oxuyurlar. Özlərini möminlər əmiri hesab edənlər möminlərin başlarını bədənlərindən ayırırlar." İmam (ə) başqa bir çıxışında da buyurur ki, biz zalımlıq etməyə deyil, zülmlə mübarizə aparmaq üçün gəlmişik. İmam (ə) əməli və sözüylə açıq şəkildə bildirir ki, zülmlə, onu edən zalımla mübarizə aparın. Ləbbeyk Ya Hüseyn!

Bunu hər kəs bilməlidir ki, İmamı (ə) sevmək şərt deyil. Onun bütün zamanlardakı düşmənlərinə etiraz etmək bəs edir ki, onun dostlarından olasan. Həzrətə qovuşmaq istəyənlər imtahanlara, çətinliklərə, əziyyətlərə qatlaşmalıdır. Çünki çətinlik dadmadan susuz Şəhid edilənə qovuşmaq olmaz.

Bir qədər düşünüb öz əməllərimiz baxaq ki, biz kimin tərəfindəyik? Qəlbimiz kimin, əməlimiz kimin ardıyca gedir? Şübhəsiz, haqq əhlinin qəlbi Hüseynlədir! Əsas diqqət edək ki, əməllərimiz Yezidə xidmət etməsin.
Həzrəti Hüseyn Kərbəlada nida edərək buyurdu: "Mənə kömək edən biri tapılarmı? Mənə kömək edən biri varmı?" Yalnız həqiqi Hüseynçi bu çağırışa "Ləbbeyk" deyib, İmamın yolunda qorxmadan addımlayar, onun kimi haqqı qoruyub, mühafizə edib, zalıma, onun zülmünə nə cür olursa olsun etiraz edər.

Məzlumları qoruya bilsək, Ağanın çağırışına səs verənlərdən olarıq. Müsəlmanlar bunu unutmasınlar ki, Qiyamət Günündə Yezidə deyil, Allaha cavab verəcəyik. Hzərəti Hüseyn tək Yezidə deyil, bütün dövrlərin diktatorlarına, zalımlarına öz mübarək qiyamı ilə etiraz etdi.

Hüseyncan, sənə layiq olmasaq da, Allaha dua et ki, bizləri də sənin karvanına qoşsun. Mübarizəmizin zəfər çalacağı ümidi ilə salam olsun Həzrəti Hüseynin yolunda və əqidəsində olan bütün inqilabçılara!

Abbas Hüseyn
8 saylı xüsusi rejimli cəzaçəkmə müəssisəsi"