Ruslan Əmirliyə 30 sutka cəza verildi
Featured

11 Sentyabr 2019

Sentyabrın 10-da oğurlanan Ruslan Əmirova bu gün Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə 30 sutka inzibati cəza verilib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, məhkəməyə jurnalistlər və R.Əmirlinin yaxınları buraxılmayıb. Heç bir səbəb göstərilmədən məhkəmə qapalı şəraitdə keçirilib.

Polislər jurnalistləri qovub yaxınlıqdakı çayxanaya yığmaq istəyəndə jurnalist Təzəxan Mirələmli buna etiraz edib. Polislərdən biri jurnalisti vurub yerə yıxıb.

Polislər bu gün jurnalistlərin çəkiliş etməsinə imkan verməyiblər. Jurnalistlər Nurlan Libre və Fatimə Mövlamlının telefonlarını əlindən alıblar. Polislərdən biri Fatimə Mövlamlını təpikləyib.

Qeyd edək ki, Ruslan Əmirli AXCP sədri Əli Kərimlinin mühafizəçisidir. O, sentyabrın 10-da Onkologiya Mərkəzində müalicə olunan bacısına baş çəkmək üçün evdən çıxıb. Daha sonra onun elə xəstəxananın qarşısından oğurlandığı bəlli olub.

Onu da xatırladaq ki, facebook sosial şəbəkəsində "Fəadilər Qrupu" kimi tanınan Fuad Muradov Ruslan Əmirliyə bir-neçə gün öncə zəng edərək onu söyüb və təhdid edib. Jurnalist Nurlan Libre məsələyə aydınlıq gətirmək üçün ötən gün Fuad Muradova zəng edib. Türkiyədə olduğunu deyən F.Muradov Ruslan Əmirlinin oğurlanmasında əli olduğunu etiraf edib.

Nurlan Libre bu barədə sosial şəbəkədə məlumat paylaşdıqdan sonra Ruslan Əmirlinin 29-cu polis bölməsində olduğu bildirilib. Bu gün isə Yasamal Məhkəməsində ona polisin qanuni əmrinə tabe olmamaq və xırda xuliqanlıq ittihamları ilə 30 sutka həbs cəzası verilib.

Top
JoomlaLock.com All4Share.net