Vəkil Nemət Kərimlini həbsxanada girov saxlayıblar
Featured

20 Sentyabr 2019

Vəkil Nemət Kərimli həbsxanada zorakılğa məruz qalması haqqında sosial şəbəkədə məlumat paylaşıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, jurnalist, siyasi məhbus Əfqan Muxtarlının vəkili Nemət Kərimli bu gün, sentyabrın 20-də 16 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib. O, Əfqan Muxtarlı ilə görüşə gedərkən zoraklıqla üzləşib:

"Təxminən 45 dəqiqə gözlədikdən sonra içəri buraxdılar və üzərimdə axtarış aparmaq istədilər. Əvvəl razılaşmasam da, gərginlik yaratmamaq üçün icazə verdim, qanunsuz olaraq ayaqqabımın içini, corablara qədər axtarış etdilər. Görüşdən çıxarkən yenidən üzərimdə axtarış aparmaq istədilər. Qərar tələb etdim, dedilər, axtaracağıq. Kimisə çağırdılar, özünü rəis müavini kimi təqdim edən Emin adlı şəxs gəldi. Yenidən qərar tələb etdim, hamını axtarırıq, icazəmiz var dedi, söhbətdən sonra baxış keçirtməyə icazə verdim. Yoxlayıcılar qeydləri oxumaq istədilər, icazə vermədim. Yenidən Emin müdaxilə etdi və dedi ki, rəis səni çağırır, qəbuluna gedək.

Mən imtina etdim, o, yəni Emin zorla köynəyimin yaxasından dartdı, divara tərəf möhkəm itələdi, "sən kimsən, bura müəssisədi, sənə göstərərəm, kimə istəsən şikayət et, qəsdən skandal yaradırsan" deyib, məni qışqıra-qışqıra, zorla rəisin yanına aparmaq istədi. İmtina etdim, əlimdəki çantanı zorla əlimdən aldı, içərisindəkiləri stolun üstünə tökdü, 2 vərəq başqa məhkəmə prosesindən olan və digər şəxsi qeydlərimi götürüb oxudu. Sonra rəisə mərüzə etdi və sənədləri onun yanına apardı. Məni təxminən 45-50 dəqiqə otaqların birində girov saxladılar. Sonradan sənədlərimi verib, yola saldılar. Demokratik dövlətlərdə belə hal baş verə bilməz, olsa da neçə nəfər cəzalanar. Bazar ertəsi bu barədə rəsmi şikayət edəcəm".

Top
JoomlaLock.com All4Share.net