2,5 milyard manatlıq mənzil fondundan Qarabağ qazilərinə niyə ev verilməyib?
Featured

04 Oktyabr 2019

"Biz toplum olaraq Qarabağ qaziləri üçün torpaq ayrılmasına və onlara ev tikilməsi üçün DNF-dən vəsait ayrılmasına nail olmalıyıq".

Son günlər mətbuat gündəmini Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) əməkdaşları və Qarabağ qaziləri arasında olan münaqişə alıb.

Səbəb SOCAR əməkdaşlarının Qarabağ qazisindən rüşvət istəməsidir. Qarabağda xəsarət alıb, 2-ci qrup əlilliyi olan Sərxan Musayev deyir ki, 2005-ci ildə Binəqədi rayonunda bələdiyyə sənədi ilə özünə 2 sot yarım torpaq alıb. Burada özünə ev tikmək istəyir. 28 sentyabrda evinin bünövrəsin düzəltməyə başlarkən, ARDNŞ əməkdaşları ona hücum ediblər. Deyir, buna səbəb də ev tikmək üçün ondan tələb olunan rüşvəti verməməsidir.

Sərxan Musayev deyir ki, o və müharibə yoldaşları ev tikilib hazır olanadək ARDNŞ əməkdaşlarını torpaq sahəsinə girməyə qoymayacaqlar.

Bu gün Qarabağ müharibəsində əlillik qazanmış minlərlə insan dövlətdən ev almaq üçün qeydiyyatdadır, gözləyir. Onların əksəriyyəti müharibədə ağır xəsarətlər aldıqlarından əmək qabiliyyətləri yoxdur. Buna görə özlərinə ev almaq və ya inşa etmək iqtidarında deyillər.

Beləliklə, Binəqədi rayonunda 248, Nəsimi rayonunda 144, Yasamal rayonunda 165, Qaradağ rayonunda 74, Nizamı rayonunda 159, Nərimanov rayonunda 270, Səbail rayonunda 127 nəfər Qarabağ müharibəsində əlillik qazanmış şəxs, şəhid ailəsi və digər imtiyazlı qruplar mənzil növbəsi gözləyir Hələ bunlar təkcə Bakı şəhərində qeydiyyatda olanlardır. Onların arasında ən gəncinin 50 yaşı var. Əksəriyyəti 60 yaşa çatıb.

Görəsən, onlara nə zaman mənzil veriləcək?

2018-ci il dekabrın 31-də Dövlət Neft Fondu (DNF) tərəfindən maliyyələşdirilməsi davam edən “Qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması” layihəsinə 2001-2018-ci illər ərzində 2 302,7 milyon manat vəsait ayrılıb. Bu vəsait hesabına 33 781 ailə üçün fərdi evlərdən ibarət 71 qəsəbə, habelə hündürmərtəbəli binalardan ibarət 17 məhəllə və sosial-infrastruktur obyektləri tikilib. DNF-nin 2019-cu il üçün büdcəsində bu məqsədlə 200 milyon manat nəzərdə tutulub.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu sual edir ki, 2,5 milyard manatlıq mənzil fondundan Qarabağ qazilərinə niyə ev verilməyib?

"Rəsmi məlumatlardan aydın görünür ki, imtiyazlı şəxslərin evlə təmin olunması üçün 2001-ci ildən indiyə qədər 2,5 milyard manatdan çox vəsait xərclənib. Bununla ölkənin bütövlüyü uğrunda müharibədə bədəninin bir hissəsini itirən Qarabağ qazilərinə mənzil vermək olmazdımı? Cəmiyyət indiyə qədər yalnız onlara deyil, hətta şəhid ailələrinə qarşı biganə münasibətə nə qədər şahidlik edəcək, anlamıram".

Qubad İbadoğlu deyir ki, bir zamanlar şəhid ailəsinə ayrılan pullar ünvanına çatdırılmayanda da eyni münasibətin şahidi olub:

"Sonradan vətəndaş fəallığı sayəsində bu problem həll olundu. Hesab edirəm ki, biz toplum olaraq Qarabağ qaziləri üçün torpaq ayrılmasına və onlara ev tikilməsi üçün DNF-dən vəsait ayrılmasına nail olmalıyıq".(meydan tv)

Top
JoomlaLock.com All4Share.net