19 oktyabr mitinqinə görə həbs edilənlərin yaxınları ilə görüşməsi qadağan edilib
Featured

21 Oktyabr 2019

Bu barədə keçmiş siyasi məhbus, hazırda 30 sutka həbs cəzası verilən Rüfət Səfərovun atası, sabiq nazir müavini Eldar Sabiroğlu məlumat verib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, E.Sabiroğlu bu 4 saata yaxın gözlədikdən sonra ona oğlu ilə görüş izni verilməyib: "Bu gün saat 14-dən indiyə qədər keçmiş siyasi məhbus Rüfətin anası Tahirə xanımla birlikdə mitinqdə həbs edilən və hazırda Binəqədi müvəqqəti saxlanma təcridxanasında olan oğlumuzla görüşmək üçün təcridxananın qarşısında növbə tutub görüşün vaxtını gözlədik. 4 saatdan sonra növbəmiz çatdı və içəri daxil olarkən apardığımız geyim əşyalarını və bəzi yeyəcəkləri yoxlamağa başlayan məntəqədəki polislər bayırda növbəyə duranlara qışqıraraq dedi ki, bu artıq axrıncıdır.

Şəxsiyyət vəsiqələrimizi götürdülər və apardığımız əşyalara baxış keçirərkən kimin yanına getdiyimizi bilən zaman görüşdən imtina etdilər. Doğrusu çox təəccübləndim və anlatmağa çalışdım ki, nə səbəbə görə bizi görüşə buraxmırsınız? Buraxılış məntəqəsindəki polislər bildirdilər ki, bu bizlik deyil, biz tapşırığı icra edirik. Bu qisasçılığın mahiyyəti mənə bəllidir. 4 saat bizi orada gözlətməyin hansı vicdana uyğun gəldiyini izah etməyə ehtiyac duymuram. İşgəncənin buynuzu olmur.

Mən bu qərəzli münasibəti elə işgəncənin özü kimi qəbul edirəm. Bu həm Rüfətə, həm də onun ailəsinə göstərilən işgəncənin ən parlaq nümunəsidir. Qisasdan, işgəncədən zövq alanlara sözüm yoxdur. Onlar bu yolla insanları, ailələri sındırmağa,təhqirə məruz qoymağa , hüquqlarını pozmağa alışıblar. Rüfətə 30 sutkanın verilməsi elə ən böyük işgəncədir. Onun həyatı üçün hər təhlükəni gözləmək olar.

Hətta vəkil Bəhruz Bayramovu belə görüşə buraxmırdılar. Ombudsman təşkilatına müraciət edildi və nəhayət 2-3 saatdan sonra vəkili buraxmaq qərarına gəldilər. Biz isə övladımızı görmədən geri döndük. Əhsən belə polisə. İndi mən necə inana bilərəm ki, təcridxanada ona bundan sonra hər hansı işgəncə verilməyəcəkdir. Sadəcə insanı danışmağa məcbur edirlər".

Top
JoomlaLock.com All4Share.net