Hacıbala Abutalıbov və Əli Həsənov vəzifəsindən azad edildi-VİDEO
Featured

21 Oktyabr 2019

Prezident Baş nazirin iki müavinini vəzifəsindən azad etdi

"Hacıbala Abutalıbov və Əli Həsənov işdən azad edilmək üçün ərizə ilə müraciət ediblər"

Prezident İlham Əliyevin oktyabrın 21-də imzaladığı sərəncamlarla Baş nazirin müavinləri Hacıbala Abutalıbov və Əli Həsənov tutduqları vəzifələrindən azad olunublar.

Prezidentin rəsmi saytının məlumatına əsasən, İlham Əliyev hər ikisini ayrı-ayrılıqda qəbul edib.

Məlumatda qeyd edilir ki, Baş nazirin müavinləri vəzifədən azad edilmələri üçün ərizə ilə müraciət ediblər.

Hacıbala Abutalıbov 1944-cü il mayın 13-də Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib.

1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olub.

2001-2018-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

21 aprel 2018-ci ildə Azərbaycan Respublikasını Baş nazirinin müavini təyin edilib.

Yeni Azərbaycan Partiyası İdarə heyyətinin üzvüdür.

Əli Həsənov 1948-ci il aprelin 10-da Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub.

O, 1964-1969-cu illərdə Azərbaycan Neft və Kimya İnstitutunun mexanika fakültəsində, 1981-1985-ci illrədə Bakı Ali Partiya Məktəbində təhsil alıb.

1991-ci ildən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, 1993-cü ildən "Azərkimya" Dövlət Şirkəti prezidentinin müavini, birinci müavini, 1997-1998-ci illərdə isə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri vəzifələrində çalışıb.

1998-ci ildə Baş nazirin müavini təyin edilib.

1998-2018-ci illərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri olub. Yeni Azərbaycan partiyasının sədr müavinidir.

İlham Əliyev Hacıbala Abutalıbova yaşının 75-i keçdiyini xatırladıb və  təqaüd yaşına çatmış digər vəzifə sahiblərinin də ondan örnək götürərək istefa ərizəsini yazacağına ümid etdiyini bildirib: "Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin ərizə ilə mənə müraicətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm. Siz Yeni Azərbaycan Partiyasında da fəal iş görürsünüz. Hesab edirəm ki, bundan sonra da partiya tərkibində siz öz fəaliyyətinizi davam etdirməlisiniz. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram və gördüyünüz işlərə görə təşəkkürümü bildirirəm".

Top
JoomlaLock.com All4Share.net