Ya Şəhid olmaq, ya intiqam almaq...
Featured

22 Oktyabr 2019

Şəhadət məqamının ədəbiyyatda və sənətdə vəsfi mövzusunda tədbir keçirildi

"Qələm" Yazarlar Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində keçirilən "İlahi eşq – şəhadət, sozə, sənətə zinət" mövzusundakı tədbiri qurumun rəhbəri, jurnalist Qurban Cəbrayıl dahi mərsiyə şairi Əbülhəsən Racinin bu misraları ilə açdı:

"İstədi can verməgilə haqqı isbat eyləsin,
Ta müvəhhidlər onun haqqın muraat eyləsin,
Nizə başında kəsik başı münacat eyləsin,
Bir münacat ki, Qurandan tilavətdur qərəz.

Cümleyi mənsəbdən aliydir müvəhhid mənsəbi,
Ola bilməz heç müvəhhid çün nəbi ali nəbi.
Yaxşı kəşf etdi Hüseyn ibn Əli bu mətləbi,
Gördü iğrari şəhadətdən şəfaətdur qərəz".

Ərbəin (İmam Hüseyn və Kərbəla şəhidlərinin qırxı) ərəfəsində baş tutan konfrans elə şəhadət məqamının ədəbiyyatda və sənətdə tərənnümünə həsr olunmuşdu. Müqəddəs Qurani-kərimin tilavəti və Dövlət Himninin oxunuşundan sonra Azərbaycanda ta qədimdən yaranıb püxtələşən mərsiyə ədəbiyyatının sovet dövründə qarşılaşdığı təzyiqlər, ziyanlı ədəbi cərəyan kimi tənqidi, amma bütün maneələrə baxmayaraq, Seyid Əbülhəsən Raci, Mirzə Məhəmmədtəqi Qumri Dərbəndi, Hacı Rza Sərraf Təbrizi, Molla Məhəmməd Dəxil və başqalarının daim xalqın qəlbində yaşaması barədə söhbət açıldı.

Qurban Cəbrayıl “şəhid”, “şəhadət” kəlmələrinin müasir azərbaycanlının leksikonuna 1991-ci il 20 Yanvar faciəsindən sonra daxil olduğunu, müstəqillik istəyən bir xalqın torpaqlarının 20 faizindən çoxunun erməni işğalına məruz qaldığını, Dağlıq Qarabağ və ona bitişik 7 rayonun yalnız silaha sarılmaqla, İmam Hüseynin (ə) şəhadət məktəbindən dərs almaqla azad oluna biləcəyini söylədi. O, Ərbəinlə əlaqədar Əhli-beytsevər, şəhidpərvər azərbaycanlılara, dünya müsəlmanlarına başsağlığı verməklə bərabər, 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə xalqımıza, eləcə də bütün dünyadakı dostlarımıza təbriklərini də çatdırdı.

Müzakirələrə qoşulan şairə Gülarə Munis, şərqşünas Hafiz Rüstəm, qəzəlxan Cəsur Nari, sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, şair Əvəz Qurbanlı, ilahiyyatçı Hacı Araz Mehrəli, qəzəlxan Məcid Əsri, QHT sədri Növrəstə İbrahimova, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu, şairə Həbibə Rəhimqızı, AİP funksioneri Elmar Səmədov, “Fatimə” jurnalının redaktoru Kəklik Heydərzadə, Qarabağ qazisi Aqil Əhmədov, pedaqoq Mehparə Səmədova, tərcüməçi Məhəmməd Nuri, tədqiqatçı Hacı Teymur Quliyev, şair Gülbala Dadaş, “Vahid” Poeziya Evinin rəhbəri Hacı Rafiq Şirvanlı, QHT rəhbəri Jalə Cəfərova və başqaları Kərbəla inqilabının əzəməti, bu tarixi hadisənin İslamın yaşamasında rolu, şəhadət fəlsəfəsindən qaynaqlanan milli-azadlıq hərəkatları, Azərbaycan ədəbiyyatında, rəngkarlığında, heykəltəraşlığında şəhidlik, qəhrəmanlıq nümunələri, Ərbəin yürüşlərinin əhəmiyyəti, bugünkü gəncliyin İmam Hüseynin ölməz ideallarına bağlılığı mövzusunda fikirlərini bölüşdülər, şeirlərini təqdim elədilər.

Maraqlı müzakirə, şeirləşmə və mərsiyələrin təqdimatı şəraitində keçən tədbir böyük şair Mehmet Akif Ərsoyun şəhidlərə məşhur müraciəti ilə yekunlaşdı:

Sənə dar gəlməyəcək məqbəri kimlər qazsın?
"Dəfn edək gəl səni tarixə" desəm, sığmazsan.
Hərcümərc etdiyin ədvara da yetməz o kitab...
Səni ancaq əbədiyyətlər edər istiab...
Ey şəhid oğlu şəhid, istəmə məndən məqbər,
Sənə ağuşunu açmış duruyor Peyğəmbər.

Qurban Cəbrayıl adlı şəxsin şəkli.

Qurban Cəbrayıl adlı şəxsin şəkli.

Qurban Cəbrayıl adlı şəxsin şəkli.

Qurban Cəbrayıl adlı şəxsin şəkli.

Qurban Cəbrayıl adlı şəxsin şəkli.

Qurban Cəbrayıl adlı şəxsin şəkli.

Qurban Cəbrayıl adlı şəxsin şəkli.

Qurban Cəbrayıl adlı şəxsin şəkli.

Qurban Cəbrayıl adlı şəxsin şəkli.

Top
JoomlaLock.com All4Share.net