YAP qurucusunun oğlu, Qarabağ qazisi: "Polis idarəsində o qədər döydülər ki..."
Featured

29 Noyabr 2019

Gəncə məhbusu Elman Quliyev: “Sumqayıt Polis İdarəsində mənə işgəncə verəndə elə bildim ki, erməni əsirliyindəyəm”.

2018-ci ilin iyul ayında Gəncədə baş verən olaylarla bağlı həbs edilənlərdən biri də Qarabağ qazisi Elman Telman oğlu Quliyevdir. 1967-ci il 12 noyabrda dünyaya gələn E. Quliyev Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsində yaşayıb. O, həbs edilərkən işsiz olub və himayəsində iki yetkinlik yaşına çatmayan övladı var.

E.Quliyev Sumqayıt Dövlət Universitetini bitirib. Bir müddət Universitetdə, sonra isə Hərbi Tarix Muzeyində çalışıb.

2019-cu il 2 mart tarixində Gəncə Ağır Cinayətlər Məhkəməsinin Sabunçu Rayon Məhkəməsində keçirdiyi prosesdə E.Quliyevi Cinayət Məcəlləsinin 220.1 maddəsi ilə ittiham edərək -8 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökm çıxarıb.

Hazırda 2 saylı Cəzaçəkmə Müəssisəsində cəzaya məhkum edilən Gəncə məhbusu başına gətirilənləri vetenugrunda.az-ın əməkdaşına danışıb: “2018-ci il iyul ayının 12 -də oğlum mənə zəng vurdu ki, ata, səndən ötrü evə polislər gəlmişdi. Mən də həmin günü Sumqayıt Polis İdarəsinə getdim. İdarənin qarşısında dayanıb, mənə zəng edən şəxsə zəng edib bildirdim ki, gəlmişəm, burdayam. Məni götürüb çıxdılar yuxarı və sorğu -sualla bərabər işgəncələr başladı. Mən onlara insan deyə bilmərəm. Məni vəhşicəsinə döydülər, onlarda insanlıq yoxdur. Azərbaycanda polis bölmələrində belə insanlığını itirən xeyli polis işləyir təəssüf ki.

3 il Qarabağda döyüşmüşəm, canımı vətənimin yolunda qurban qoymuşam. Laçında, Qubadlıda, Ağdamda döyüşmüşəm. N saylı hərbi hissənin kəşfiyyat batalyonunun komandiri olmuşam. Polis idarəsində döyüləndə elə bildim ki, erməniyə əsir düşmüşəm.

Əllərimi arxadan qandalla bağlayıb məni yerə yıxmışdılar. Dubinkanın baş hissəsi ilə hulqumuma, sinəmə zərbələr endirirdilər.

Məni döyənlərin başçısı vardı. Arxadan gəlib qulağıma var qüvvəsiylə vurdu. Qulağım indi də eşitmir.

İyulun 14-də Kamil adlı müstəntiq gəlib mənə dedi ki, bu kağızlara qol çəkməlisən. Guya mən İranın Qum şəhərində olmuşam, orada dini təhsil almışam. Mən ümumiyyətlə, İranda olmamışam. Gürcüstanda olmuşam, amma İrana heç vaxt getməmişəm, nəinki Qum şəhərinə. Dedim ki, xarici pasportum var, baxın görün, orda İran adı var? Özləri də gördülər ki, İranda olmamışam. Amma işgəncə ilə boynuma qoymaq istəyirdilər. Mən isə qol çəkmədim bu hədyanlara, ona görə bu qədər işgəncə verdilər. Deyirəm, mən sünniyəm, şiə deyiləm. Mən əhli-sünnə namazı qılıram. 2006-cı ildən ibadət edirəm.

Mənə çox işgəncə verdilər ki guya mən Sumqayıtdan bir dəstə uşağı Gəncədə 10 iyulda baş tutan aksiyaya göndərmişəm.

Sonra məni Kürdəxanıya gətirdilər. Tutulmamışdan qabaq qarnımın aşağı hissəsində “qrija” var idi, əməliyyat olunmuşdum. Kürdəxanıda məni o qədər təpiklədilər əməliyyat olunan yerim partladı. Mən 5 ay şiddətli ağrılar içində qovruldum. Həkimə deyəndə ancaq ağrıkəsici verirdilər.

Yeriyə bilmirdim çünki yaram partlamışdı və sallanırdı. Məni göndərdilər Pentensiar Xidmətin Müalicə Mərkəzinə. Müalicə Mərkəzində məni narkozsuz əməliyyat etdilər. Əl-qol atmamaq üçün ancaq qollarımı keyitdilər. Çiynimdən iynə vurdular qollarım qurudu.

1 saat ərzində əməliyyat olundum. Düz bir saat qışqırdım. Sabahı günü xəstəxananın cərrahlarından biri mənə dedi ki, sənin səsin bütün xəstəxanada eşidilirdi.

Məni əməliyyat edəndə rəisi çağırılar ki, gəlib əməliyyat prosesinə baxsın. Lakin rəis Gəncə məhbusu olduğuma görə gəlməyib”.

Gəncə məhbusu, Qarabağ qazisi Elman Quliyev danışdıqca bəlli oldu ki, o faşist düşərgələrində və ya erməni əsirliyində edilən vəhşət dolu işgəncələrdən daha dəhşətlisini görüb. E. Quliyev Qarabağ döyüşlərində özünü erməni gülləsindən qoruya bilsə də Azərbaycanın polis idarələrində aldığı dəhşətli işgəncələr nəticəsində bütün sağlamlığını itirib. E.Quliyevin yaxınlarının verdiyi məlumata görə, o, dəhşətli baş ağrılarından və nevrozdan əziyyət çəkir.

YAP-ın qurucusu oğluna baxmağa qorxurdu

Atası Telman Quliyev əslən irəvanlı olsa da lap gənc yaşlarından Sumqayıta köçüb. Bu gün də Sumqayıtda yaşayır.

Telman Quliyevlə Bakı Apellyasiya Məhkəməsində oğlu Elman Quliyevin prosesində tanış olduq. Söhbət zamanı dedi ki, Sumqayıt Dvlət Universiteində bitirdikdən sonra orada qalıb işləyib və Sumqayıtda Yeni Azərbaycan Partiyasının qurucularından olub. Oğlu Elman isə 3 ildən çox Qarabağda könüllü döyüşüb. O, bu sözləri deyərkən dəmir barmaqlıq arasından ona baxan oğlunun istintaq zamanı gördüyü dəhşətli işgəncələrdən bütün sağlamlığını itirdiyini də bildirdi. Ağsaqqal müəllimin gözləri dolmuşdu.

Oğluna tərəf baxmağa gücü çatmadığını hiss etdim...

YADDAŞ

2019-cu il martın 2-də Sabunçu Rayon Məhkəməsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrlik etdiyi prosesdə 8 nəfərlik qrupa hökm oxunub.

8 nəfərlik qrup 2018-ci il 10 iyulda Gəncədə, icra hakimiyyətinin qarşısında keçirilən etiraz aksiyasında iştirak edərək, kütləvi iğtişaş törətməkdə təqsirli bilinib. Lakin məhkəmə zamanı təqsirləndirilən şəxslərin çıxışından sonra bəlli olub ki, onların heç biri 10 iyul aksiyasında iştirak etməyib. 8 nəfərlik qrupun işində 17 nəfər zərərçəkmiş qismində siyahıya alınsa da apellyasiya məhkəməsində onlar şahid qismində iştirak etməkdən imtina ediblər. Təqsirləndirilən şəxslər və onların hüquqularını müdafiə edən vəkillərin istintaq işində adıçəkilən şahidlərin məhkəmə zalında dindirilməsi barədə qaldırdılaqrı vəsatət isə rədd edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə ittiham ediliblər.

Təqsiləndirilən şəxslərin vəkillərinin qaldırdıqları vəsatətlərin əksəriyyəti rədd edilib. Təqsirləndirilən şəxslərə verilən dəhşətli işgəncə əməlləri isə ört -basdır edilib. İşgəncə faktından danışan təqsirləndirilən şəxslərin sözünü ya hakim, ya da dövlət ittihamçısı kəsərək onlara mövzunun istiqamətini dəyişmək üçün suallar verib.

Təqsirləndirilən şəxslər istintaq zamanı dəhşətli işgəncələr altında hazır yazılmış izahatlara imza etdiklərini bildirsələr də, bu məqam da araşdırılmayıb. Təqsirləndirilən şəxslər özlərini qismən də olsa günahkar bilmədiklərini deyiblər.

8 nəfərlik qrupda təmsil olunan Gülmirzə Nuruzadə yaxınlarının vasitəsi ilə mediyaya verdiyi açıqlamada bildirib ki, istintaq zamanı Gəncədə aksiyada öldürülən polislərdən birinin bağırsağını çıxarıb onun üstünə ataraq onu təhdid ediblər: “Polisin meyitini otağa qoymuşdular. Onun içini yarıb bağırsaqlarını çölə çıxarmışdılar. Polislər məni meyitə yaxın aparıb “izahata qol çəkməsən sənin də bağırsaqlarını bax beləcə çölə tökəcəyik, deyib, meyitin içindən çıxardıqları bağırsağı üstümə atdılar. Mən huşumu itirdim”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2019-cu il, 2 mart tarixində çıxardığı hökmə əsasən

1. Əzizov Cabir (220.1) -5 il

2. Əzizov Sabir (220.1) -6 il

3. Mirzəliyev Fikrət (220.1) -6 il

4. Rəcəbov Səbuhi (220.1) -6 il

5. Quliyev Elman (220.1) -8 il

6. Hacıyev Eyruz (220.1 ) -7 il

7. Nurzadə Gülmirzə (220.1) -6 il

8. Nurzadə Riya (220.1) -5 il müddətinə azadlıqdan məhru edilib.

Bakı Apellyasiya Məhkəməsi isə Gəncə Ağır Cinayətlər Məhkəməsinin Elman Telman oğlu Quliyev barəsində verdiyi hökmü qüvvədə saxlayıb.

Vetenugrunda.az

Top
JoomlaLock.com All4Share.net