Müdafiə Nazirliyinin "tanımadığı" əsgərimiz Səbuhi Həşimovun müəmmalı ölümü
Featured

30 Noyabr 2019

Noyabrın 29-da Cəlilabad rayon Cəfərxanlı kəndində 5 ayın əsgəri Həşimov Səbuhi Əsədxan oğlunun dəfn mərasimi olub.

Bu barədə vetenugrunda.az-a onun dostu məlumat verib.

1997 təvəllüdlü Səbuhi Həşimov Cəlilabad rayon Cəfərxanlı kəndində anadan olub.  2015-ci ildə Lənkəran Dövlət Universitetinə qəbul olub. 2019-cu ildə universiteti bitirib və iyul ayında hərbi xidmətə gedib. Gəncədə hərbi xidmətdə olub

Dostunun dediyinə gör, kor bağırsağından əməliyyat olunması üçün Səbuhi Haşımovu Gəncədən Bakıya-Mərkəzi Hərbi Klinik Hospitala ("Papanin") göndəriblər. Hospitalda kor bağırsağından əməliyyat edildikdən sonra onu məzuniyyətə buraxıblar. 
28 noyabr gecə saat 3-də evində dünyasını dəyişib.

Əsgərin hansı səbəbdən dünyasını dəyişməsi haqqında məlumat verilməyib.

Lakin Ermənistan mətbuatının guya cəbhənin Ağdam istiqamətində Azərbaycan Ordusunun Həşimov Səbuhi Səttarxan oğlu adında hərbi qulluqçusunun həlak olması barədə yaydığı məlumata Azərbaycan Müdafiə Nazirliyi cavab verib. Nazirlik bunu ermənilərin növbəti yalanı kimi qeyd edib:

"Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusu cəbhədə itki verməyib və ümumiyyətlə bu ad və soyadda hərbi qulluqçumuz yoxdur. Son günlər cəbhə xəttindəki vəziyyətlə bağlı Ermənistan tərəfi bir neçə dəfə yalan məlumat yaymaqla gələcək təxribatları üçün zəmin yaratmaq niyyətindədir. Qarşı tərəfi bu kimi addımlardan çəkinməyə çağırır və düşməni onun istənilən fəaliyyətinin qarşısının Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal və qətiyyətlə alınacağı barədə xəbərdar edirik".

Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusu cəbhədə itki verməyib və ümumiyyətlə Səbuhi Həşimov ad və soyadda hərbi qulluqçumuz yoxdur.

Çox maraqlıdır, Müdafiə Nazirliyi artıq dünyadan köçən Səbuhi Həşimov adında əsgərimizin olmadığını deyir.

Maraqlı olan digər məqam isə ermənilərin əsgərin ad və soyadını hardan öyrənməsidir. Bəli, Səbuhi Həşimov evində dünyasını dəyişib, cəbhə xəttində deyil. Amma Müdafiə Nazirliyinin bu məsələyə tələsik münasibəti anlaşılan deyil. Bir əsgərin, bir vətəndaşın həyatına bu qədər biganə qalmaq olarmı?

P.S

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Digər xəbərlər

Top
JoomlaLock.com All4Share.net