Silah tuta bilməyən Gəncə məhbusunun evindən qumbara "çıxır"
Featured

21 Dekabr 2019

Dekabrın 20-də Bakı Apellyasiya Məhkəməsində "Gəncə işi" üzrə Oktay Hüseynzadə və digərlərindən ibarət 6 nəfərlik qrupun apellyasiya şikayəti əsasında proses davam etdirildi. 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdəməhbuslar onlara istintaq zamanı verilən işgəncələrdən danışdılar.

7 il həbs cəzasına məhkum edilən ikinci qrup əlil Elşən Məmmədov bildirdi ki, o, əlilliyinə görə hərbi xidmətdə olmayıb. Lakin istintaq zamanı ona ağlasığmaz işgəncələr verəndə hətta əlilliyi də nəzərə alınmayıb: "Əlimə silah versələr tuta bilmərəm. Amma evimizdən qumbara tapıldığı iddia olunur".

Qrupda təmsil olunan Rauf Bayramov yaşadığı kənddə molla kimi tanınıb. Onun həbsinə səbəb isə Rəşad Babakişiyevin hadisədən bir neçə gün öncə onun maşınına minməsi olub. Məhz bu səbəb görə onun gənc oğlunu, Hüseyn Bayramovu da həbs ediblər.

İstintaq zamanı ən dəhşətli işgəncələrə məruz qalan Rauf Bayramov hətta biləklərinin kəsildiyini də bildirib. O, çıxışı zamanı bir daha işgəncə faktlarına toxundu: "Bizə ağlasığmaz işgəncələr veriblər. Təsəvvür edin, məni məhkəməyə aparanda əllərimdən, bədənimdən qan tökülürdü".

Məhkəmənin gedişində təqsirləndirilən şəxslər və onların vəkilləri hökmün ədalətsiz olduğunu, heç bir sübuta söykənmədiyini dedilər. Vəkillər təqsirləndirilən şəxslərin birinci instansiya məhkəməsində ifadələrində işgəncələrə məruz qaldıqlarını, necə döyüldüklərini danışdıqlarını xatırladılar. 

İstintaq zamanı verilən işgəncələri təsdiqləyən başqa sübutlar da var. Tibbi ekspertizanın rəyində onların üzərində xəsarətlərin olması açıq şəkildə yazılıb. Vəkillər eyni zamanda narazılıq edib ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri bu sübutları görməməzliyə vuraraq, qanunun tələb etdiyi heç bir addımı atmayıblar, günahkarların cəzalandırılmasını tələb etməyiblər.

18 il həbs cəzası almış Oqtay Hüseynzadənin vəkili birinci instansiyada ədalətli araşdırma aparılmadığı üçün 18 vəsatət verdiklərini dedi: "18 vəsatədən yalnız biri təmin edilib, o da qismən".

18 il həbsə məhkum edilmiş başqa bir Gəncə məhbusu Ürfan Məmmədovun vəkili bildirib ki, zərərçəkmişlərdən biri – Gəncədə ötən il iyulun 10-da keçirilən aksiyada öldürülən polis polkovniklərindən Səməd Abbasovun xanımı Leyla Abbasova Gəncə Apellyasiya Məhkəməsinin sədrinə ərizə göndərib.

Həmin ərizə notarial qaydada təsdiqlənib. Leyla Abbasova ərizəsində göstərib ki, təqsirləndirilən Ürfan Məmmədovun baş vermiş cinayətlə əlaqəsi olmadığını hesab edir. Özləri də araşdırma aparıb bu nəticəyə gəliblər.

Ürfan Məmmədovun atası polis olub. Leyla Abbasova ərizəsində vurğulayıb ki, bu ailə ilə tanış olublar.

"Gəncə kiçik şəhərdir. Biz özümüz də araşdırma aparıb, belə nəticəyə gəlmişik ki, Ürfan Məmmədovun bu hadisələrə aidiyyəti yoxdur", – vəkilin dediyinə görə zərərçəkmiş ərizəsində belə yazıb.

Q.İbrahimov deyir ki, düzdür, polkovnikləri xəncərlə öldürməkdə suçlanan Rəşad Böyükkişiyevlə Ürfan Məmmədovun tanışlığı olub. Amma bu tanışlığı, onların arasında telefon zəngləri olmasını Ürfanın onunla əlbirliyi kimi təqdim etmək düzgün deyil.

10 iyul hadisələri vaxtı Daşkəsəndə olduğunu deyən Ürfan Məmmədovun ailəsi də ədalətsiz hökmün ikiqat qurbanı olub. Belə ki, Sabunçu məhkəməsində hökm oxunanda keçirdiyi stressdən onun 49 yaşlı dayısı dünyasını dəyişib. 

Vəkillər apellyasiya şikayətlərinə qismən də olsa məhkəmə istintaqı aparılmaqla baxılmasını istədilər və 10 iyul aksiyası vaxtı Gəncədə təhlükəsizlik kameralarının lentə aldığı görüntülərə məhkəmədə baxış keçirilməsini tələb etdilər. Amma məhkəmə videogörüntülərlə bağlı vəsatəti təmin etmədi.

Məhkəmə kollegiyasının sədri Əlizamin Abdullayev prokuror Ceyhun Əliyevin tələbinə uyğun olaraq, bütün vəsatətləri rədd etdi. O, vəkillərin irəli sürdüyü dəlilləri öyrənmək üçün məhkəmə prosesini 24.01.2020-ci il saat 14.30-dək təxirə salındığını, ehtiyac olarsa proses qismən araşdırma ilə də aparıla biləcəyini də vurğuladı.

7 nəfərlik qrupa sentyabrın 19-da Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrliyi ilə Sabunçu Rayon Məhkəsəində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Eşqin Quliyevə 20 il, Oqtay Hüseynzadə və Ürfan Məmmədova 18 il, Rauf Bayramova 9 il, onun oğlu Hüseyn Bayramova 2 il, Abbas Abbasov və Elşən Məmmədova isə 7 il həbs cəzası verilib.

8 nəfərlik qrupun tərkibinə salınmış və 10 iyul 2018-ci il tarixli "Gəncə hadisəsi"ndə yeganə cinayət törətmiş şəxs – Rəşad Böyükkişiyev istintaqsız, məhkəməsiz qətlə yetirildiyi üçün bu olayların üzərini duman kimi örtən müəmma elə müəmma olaraq qalıb.  Çünki Rəşad Böyükkişiyev müəmmalı şəkildə öldürülüb. Hətta digər öldürülənlərin meyitinin şəkili göstərilsə də Rəşadın meyitinin də şəkli paylaşılmayıb. 

Qrupda Rəşad Böyükkişiyev çıxdıqdan sonra 7 nəfər qalıb. Onlardan biri Hepatit C-dən əziyyət çəkən Eşqin Quliyev hökm oxunarkən keçirdiyi stresdən səhhəti daha da zəifləyib. O, hökmdən 10 gün sonra, sentyabrın 29-da Pentensiar Xidmətin Müalicə Müəssisəində dünyasını dəyişib. Gəncə hadisəsində iştirakı olmasa da istintaq dövründə məruz qaldığı fiziki işgəncələr nəticəsində Eşqin Quliyevin bütün sağlamlığı məhv edilmişdi. O, hətta məhkəmə prosesi zamanı dəfələrlə bayılmış və hakim təcili tibbi yardım çağırmağa məcbur qalmışdı. Məhkəmə prosesi zamanı onun ayağa qalxmağa və oturmağa heyi qalmadığı üçün oturduğu yerdə söykənərək müvazinətini itirməməyə çalışırdı.

Eşqin 2018-ci ilin 10 iyul aksiyası ilə bağlı həbs edilsə də məhkəmə zamanı bəlli oldu ki, Eşqin Quliyev ümumiyyətlə, aksiyada iştirak etməyib. O, 10 iyulda bütün günü bacısıgildə olub və bacısı qızının doğum günündə iştirak edib. E.Quliyevi Rəşad Böyükkişiyevlə ilk məhkumluğunda eyni cəzaçəkmə müəssisəində çəza çəkərkən tanış olduqları üçün həbs ediblər.  

Qeyd edək ki, 2018-ci iyul ayının 10-da digər Gəncə məhbusu Aydın Qurbanov Pentensiar Xidmətin Müalicə Müəssisəində dünyasını dəyişdi. O, mədə xərçəngindən əziyyət çəkirdi.

Top
JoomlaLock.com All4Share.net