Ən çox "tok" işgəncəsi verilən Gəncə məhbusu-Cəfər Zalov
Featured

07 Yanvar 2020

Şəhid qardaşına işgəncə verilməsini kim əmr etdi?

"Məni aparan kimi döyməyə başladılar. 2 gün döydükdən sonra çıxartdılar ikinci mərtəbəyə, dedilər ki, düzünü danış, səni azad edəcəyik. Mən də hər şeyi olduğu kimi etiraf etdim. Yuxarıdan gəldiyi deyilən bir nəfər qolumdan tutub dedi ki, aparın bunu yaxşıca ağıllandırın. Görünür hələ ağıllanmayıb. Ondan sonra mənə daha dəhşətli işgəncə verməyə başladılar”.

Vetenugrunda.az-a bu sözləri Gəncə məhbusu Cəfər Zalovun xanımı Günay Zalova danışır. O, həyat yoldaşının polis idarəsində və Mütəşşəkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində (“bandotdel”) başına gətirilənləri danışdıqca üzünün əzələləri səyriyir, əlləri əsir: “Təsəvvür edə bilmirəm. Cəfər bu qədər işgəncəyə necə dözüb?

Cəfər əvvəllər mənə danışmırdı başına gələnləri. Amma üzünə baxanda nələri yaşadığını hiss edirdim. Çünki az bir müddətdə sanki qocalmışdı. “Mən sənin işgəncə faktlarını ictimailəşdirmək istəyirəm. Qoy insanlar agah olsunlar bu ölkədə baş verənlərdən” dedim. Axır ki, Cəfəri razı saldım. Amma o, danışdıqca az qala bayılırdım. Axı bir insana öz doğma vətənində, heç bir günahı olmadığı halda niyə görə belə zülm verisinlər? Cəfər danışdıqca elə bilirdim ki, Xocalı soyqrımının qurbanları erməni əsirliyində başlarına gətirilən işgəncədən danışır. Onlar erməni idi, bəs Orxan Hacıyev kim idi? Dövlətin ən önəmli qrumlarından birində böyük vəzifə tutan Orxan Babayev də bəlkə ermənidir, xəbərimiz yoxdur”.

Daxili İşlər nazirini 1-ci müavini Rüstəm Usubov, Orxan Hacıyev (Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi) və digərlərinin göstərişi ilə, hətta müşayəti ilə bizə elə işgəncə verirdilər ki, bu işgəncəni kimsə ancaq erməni əsirliyində görə bilər.

Cəfər Zalovun yaxınlarının verdiyi xəbərə görə, onu 2018-ci i iyulun 5-də, axşam vaxtı evinə gələndə blokda tutublar. Tutulduğu gündən ona “bandoteldə” işgəncə verilib

Cəfər Zalovun xanımının dediklərindən: “Cəfərə fərqli üsulda işgəncə verilib, yəni digərləri kimi deyil bu. Cəfərə daha çox “tokla” cəza verilib. Hər dəfə də “tokun” voltunu artırıblar ki ürəyi partlayıb ölsün. Guya Cəfərin üstündə silah olub.

Cəfərə deyirmişlər ki, bura imza at ki, bu silah sənin üstündə olub. O, da deyib ki, silah mənim üstümdən çıxmadı, onu siz qoyduz bura. Hər dəfə onların dediyini etmiyəndə Cəfərə dəhşətli işgəncə veriblər.

Cəfər Zalovun dediklərindən: “Əllərim arxadan qandalla bağlı, ağzım bağlı halda məni “toka” verirdilər. Bəlkə əllərim açıq olsaydı bu qədər ağrı verməzdi. Ya ağzım açıq olsaydı, heç olmaya qışqırardım. Axır işgəncədən öləcəyimi görüb kağıza imza atdım. Hətta müstəntiq gələndə gördü ki, mən imza atmamışam. Dedi mən gedirəm çay içməyə siz bunu ağıllandırın mən gələnəcən.

Məni bir ay boyunca “bandotdeldə” saxladılar. İşgəncə verdikləri şəxslərin səsini bizim kamerlara buraxırdılar ki, biz qorxaq”.

Günay Cəfərova deyir ki, Cəfərin atasıgil Gəncədə yaşayırdı, biz isə Bakıda yaşayırdıq: “Axşam saat 8-ə qalmışdı, Cəfər mənə zəng edib evə gəldiyini dedi. O, məndən “evə nə lazımdır alım” deyə soruşdu. Dedim ki, heç nə lazım deyil. Gözlədim, amma gəlmədi. Düşündüm, yəqin məscidə dönüb, namaza gedib. Saat 3-ə qədər telefonuna zəng çatmadı. Atasıgillə əlaqə saxladım dedilər xəbərimiz yoxdur.

Səhər saat 10- qalmış sahə müvəkkili qapını döydü “yoldaşınızdan xəbər gətirmişik” dedi. Qapını açdım. Girdilər evə. Bir anın içində ev doldu polislə. Mənə dedilər əriniz şöbədədi. Evdə axtarış aparacağıq. Başladılar evi dağıdmağa.

Gördüm Cəfərin Şəhid qardaşının şəklini çəkirlər. Mülkigeyimli yanındakına deyir ki “hərbi paltardadı, çək şəklini”. Guya bu şəkildəki Cəfərdi, hansısa hərbi bazada təlim keçir. Dedim, sizin savadınız yoxdur. Oxuyun, şəklin üstündə də yazılıb. Bu adam Cəfərin qardaşıdır, Şəhiddir.

Sonra “sizin yataq otağınız hardadır” deyə soruşdular. Mənim geyimlərimin də içini axtardılar. Gördüm ki, rəfdə mənim al paltarımın içinə nəsə qoydu. Sonra götürəndə dedim o nəydi ora qoyursan. Çünki əlindəki paltarı rəfdən götürüb ona nəsə bükmüşdü. Özləri ilə gətirdikləri silahı mənim paltarıma büküb rəfə qoyurdular.

Günay Zalova deyir ki, qaynatası oğlunun polislər tərəfindən oğurlandığını eşidəndə onu axtarmağa başlayıb: “Vəkil ona deyib ki, oğlunuz “bandodteldədi”. Sonra “bandotdel”də deyiblər, get Kürdəxanıya. Kürdəxanıda isə deyiblər ki, burda yoxdur. Beləcə, Şəhid atasının iyul ayının o isti, qaynar günlərində idarələrin qabağında süründürüblər. Niyə açıq deyilmir filan idarədədir oğlunuz?

Qeyd edək ki, Cəfər Zalov və onunla birgə digər 11 nəfərin istintaqı bitib. 12 nəfərlik qrup yanvarın 7-də məhkəmə qarşısına çıxarılacaq.

1.Səfərov Yunis Rafiq oğlu

2.Əzizov Mahir Əziz oğlu

3.Abdullayev Hamlet Ramiz oğlu

4..Əliyev Akif İsmayıl oğlu

5.Mustafayev Rasim Hafiz oğlu

6.Qurbanov Ceyhun Ələkbər oğlu

7.Zeynalov Firudin Etibar

oğlu

8.Zalov Cəfər Mürsəl oğlu

9.Məmmədov Vüqar Vaqif oğlu

10.Salahov Ceyhun İsrail oğlu

11.Bağırov Anar İslam oğlu

12.Sərxani Ağa Hüseyin oğlunun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrliyi ilə keçiriləcək prosesdə baxılacaq. Məhkəmə prosesi Sabunçu Rayon Məhkəməsində baş tutacaq.

P.S

Yazıda adı çəkilən şəxslərin və qrumların mövqeyini dərc etməyə hazırıq. 

 

 

P.S

Cəfər Zalovun Şəhid qardaşı Zalov Azər Mürsəl oğlu 1966-cı ildə Gəncə şəhərində anadan olub. (Onun ailəsi 1988-ci ildə İrəvandan deportasiya olunan azərbaycanlılardan idi).

 

Gəncə şəhərində 16 saylı orta məktəbi bitirdikdən sonra hərbi xidmətini Çexoslavakiyada keçirib. 1991-ci ildə Qarabağda könüllü döyüşlərə qoşulub.

Ağdərə, Naxçıvanik, Fərrux dağı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Axrıncı dəfə Ağdamın Papravənd və Boyəhmədli yaşayış mənətəqlərinin düşməndən azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. 1993-cü ilin dekabr ayının 27-də döyüşdə ağır yaralanıb və düşmən əlinə keçməmək üçün özünü partladarq Şəhid olub.

Top
JoomlaLock.com All4Share.net