Yunis Səfərov: "Bizim əlimiz qandallıdır, kiminsə qəlbi, mənəviyyatı..."
Featured

08 Yanvar 2020

Yunus Səfərovun bütün insani hüquqları pozulub

Məhkəmədə vəkil öz həmkarını hədələdi.
Gəncə işi üzrə daha bir qrupun məhkəmə prosesinə start verildi.
Vetenugrunda.az-ın verdiyi xəbərə görə, yanvarın 7-də Sabunçu Rayon Məhkəməsində Yunus Səfərov və digərlərinin təmsil olunduğu 12 nəfərlik qrupun ilkin hazırlıq iclası keçirildi.

Məhkəməyə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Natiq Əliyev sədrlik edib. Dövlət ittihamçısı qismində Pərviz Mirhəşimov iştirak edirdi.

Vəkillərin, məhkəmə kollegiyasının, medianın, hüquq müdafiəçilərinin və təqsirləndirilən şəxslərin yaxınlarının, eyni zamanda ictimai fəalların iştirak etdiyi məhkəmədə ilk dəqiqələrdən gərginlik müşahidə edildi. Yunus Səfərov həbs edildiyi günü xatırlamadı. (Yunus Səfərov 2018-ci ilin 3 iyulunda həbs edilib). O, həbs edildiyi gündən bu günə kimi bütün hüquqlarının kobud şəkildə pozulduğunu söylədi: “Bu günə qədər mənim görüş və danışıq hüquqlarım təmin edilməyib”. E.Ağayev mediaya açıqlamalarında Yunis Səfərovun heç bir narazılığı olmadığını, hüquqlarının təmin edildiyini bildirib. Vəkil E.Ağayev Yunus Səfərovun pozulmuş hüquqlarının bərpa olunması üçün heç bir addım atmayıb. Yunis Səfərov yaxınlarına səslənərək, onun müdafiəsindən uzaqlaşdırılmış vəkili Elçin Sadıqovla müqavilə bağlanmasını istədi: “Elçin Sadıqov olmasa, özüm də öz hüquqlarımı müdafiə edə bilərəm. Amma bu hökumətin təyin etdiyi vəkildən imtina edirəm.”

Hakim ondan niyə özünə vəkil tutmadığını soruşanda. Qarşı tərəf onun sualına sualla cavab verdi: “Mənim heç kimlə əlaqə saxlamaq imkanım yoxdur. Buna icazə verilmir. Mən bu halda özümə necə vəkil seçə bilərdim?”

Məhkəmə prosesində iştirak edən vəkil Cavad hakimin diqqətinə Yunus Səfərovun vəkilindən imtina etdiyi üçün artıq müdafiəsiz qaldığını və onun vəkilindən imtina etmək hüququ olduğunu çatdırdı: “Əgər şəxs hansısa vəkildən imtina edirsə, bu məsələ heç müzakirə predmeti olmamalıdır. Şəxsin imtinası qəbul olunmalıdır. Çünki bu onun hüququdur. Hətta imtinasını əsaslandırmasa belə, onun istəyi yetərlidir. C.Cavadovun bu fikri E.Ağayevin etirazına səbəb olub.

“Burada şou göstərirsən? Mən sənə göstərərəm, səni yerində oturdaram, onda bilərsən”, - deyə, C.Cavadovu təhqir və təhdid etdi. Cavad Cavadov isə öz növbəsində hakimə proses zamanı təhdid edildiyini bildirdi. Hakim aqressiv davranışına görə E.Ağayevə xəbərdarlıq etdi.

Hakim Yunus Səfərova dedi ki, istəsəniz lap 5 vəkil tuta bilərsiz. Bu sizin hüququnuzdur.

Məhkəmədə vəkillər təqsirləndirilən şəxslərin zalda qolu qandallı oturmasına etiraz etdi. Təqsirləndirilən şəxslər məhkəmə zalındakı şüşə kabinədə əlləri qandallı saxlanılmasının qanunlara zidd olduğunu bildirən vəkillər onların məhkəmə qarşısına qandallı çıxarılmasına zərurətin olmadığını dedilər: “Çünki səs-küy salmırlar, prosesin gedişinə mane olmurlar. Qaydaları pozmadıqları halda əlləri qandallı saxlanmaları ədalət mühakiməsinin prinsiplərinə ziddir”.

Prokuror Pərviz Mirhəşimov həm təqsirləndirilən şəxslərin, həm də onların müdafiəçilərinin qaldırdığı bütün vəsatətləri rədd etdi.
Yunus Səfərov qollarındakı qandalı göstərib “indi bizim qollarımız qandallıdır, eybi yox. Bizim qollarımız qandallıdır, kimisinin qəlbi, mənəviyyatı qandallıdır” dedi.

Vəkil Zibeydə Sadıqova və Cavad Cavadov məhkəmənin keçirildiyi zalın bu proses üçün çox kiçik və əlverişsiz olduğunu hakimin diqqətinə çatdırdı. Cavad Cavdov bu məhkəmə prosesinin ya böyük akt zalında, ya da Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında keçirilməsini təklif etdi. Zibeydə Sadıqova isə oturmaq üçün yerin olmadığını və zalına darısqallığına görə müdafiə etdiyi şəxsin üzünü görmədiyini bildirdi.

Təqsirləndirilən Frudin Zeynalovun hüquqlarını müdafiə edən vəkil Fariz Namazlı prosesin protokollaşdırılmamasına etiraz etdi və bütün prosesin audio-video çəklişini tələb etdi. Lakin dövlət ittihamçısı Pərviz Mirhəşimov bu vəsatəti də təmin etmədi.
Məhkəmə prosesində sabiq icra başçısı Elmar Vəliyevin vəkili və onun mühafizəçisi, polis əməkdaşı, Qasım Aşpazov, eyni zamanda Natiq adlı şəxs zərərçəkmiş qismində iştirak edirdi. Aldığımız məlumata görə zərərçəkmişlərin sayı 6 nəfərdir.

Xatırladaq ki, təqsirləndirilən şəxslərin sayı 12 nəfər olsa da, məhkəmə qarşısına 10 nəfər çıxarıldı. Qrupda adı olan Anar Bağırov və Ağa Sərxani tutulmaları üçün keçirilən əməliyyat zamanı öldürülüb. Anar Bağırovun hüquqlarını vəkil Cavad Cavadov, Ağa Sərxaninin hüquqlarını isə vəkil Zibeydə Sadıqova müdafiə edirdi. Zibeydə Sadıqova digər təqsirləndirilən şəxs Cəfər Zalovun da vəkili qismində iştirak edirdi.

Z.Sadiqova hakimin diqqətinə çatdırdı ki, əslində Cəfər Zalova məhkəmənin təyin etdiyi müddət yanvarın 5-də bitdiyi üçün o, ev dustaqlığına buraxılmalıdır. Lakin prokuror Pərviz Mirhəşimov bu vəsatəti də təmin etmədi.
Vəkil Cavad Cavdov “İttiham bir cümlədən, dörd səhifədən ibarətdir, vəssalam. Bunun əsasında adamlara 30 maddə ilə ittihamlar irəli sürüblər”, - deyə etiraz etdi.

Vəkillər təqsirləndirilən şəxslərdən bir neçəsinin səhhətində ciddi problemlər olduğunu əsas gətirib, onların tibbi ekspertizadan keçirilməsi barədə də vəsatət qaldırıblar. Məsələn, Ceyhun Qurbanovun vəkili onun epilepsiya xəstəsi olduğunu söylədi: “Ceyhun Qurbanov uşaq vaxtı yıxılıb və ciddi kəllə-beyin travması alıb. O, epilepsiya xəstəsidir. Tez-tez sudurğası tutur və bu hadisə səhər, və ya axşam saatlarında baş verdiyindən bəzən təkbaşına olur kamerada. Bu hal isə sübut edir ki Ceyhun Qurbanov tez-tez ölümlə üz-üzə qalır”.

Təqsirləndirilən digər şəxs Hamlet Abdullayev lap uşaqlıqdan ürəyind problem olduğunu bildirdi: “Mən birinci qrup əliləm. Ürəyim xəstədir. Bu zalda, qollarım qandallı oturmuşam, bayılmaq həddindəyəm. Bu hal səhhətimə ziyandır. Heç olmasa qollarımdakı qandalları açın ki bu havasıqlıda lap çox sıxılmayım. Xahiş edirəm, bütün təqsirləndirilən şəxslərin qandallarını açın”.

O da bəlli oldu ki, Gəncə Ağır Cinayətlər Məhkəməsi bir neçə gün öncə həm Cəfər Zalovun, həm də Hamlet Abdullayevin saxlanma müddətini uzadıb. Bu prosesdə təqsirləndirilən şəxslər və onların müdafiəçiləri iştirak etməyib.

Hamlet Abdullayevin həbs müddəti 2020-ci ilin 7 yanvar tarixində bitib. Çıxış edən maüdafiəçilər ekspertizadan həmin adamların durumunun həbsdə qalmağa imkan verib-vermədiyi haqda rəy alınması üçün vəsatət qaldırdılar. Lakin bu vəsatət də təmin edilmədi.
Təqsirləndirilən Mahir Əzizov Rusiyada böyüyüb, orta və ali təhsilini Rusiyada aldığı üçün ana dilində tam anlamadığını dedi. O, ona təqdim edilən sənədlərin tərcümə edilmədiyinə etiraz etdi. Müdafiəçilər M.Əzizovun tərcüməçi ilə təmin edilməsini tələb etdilər. İki tərcüməçi dəvət edilsə də onlar sona qədər müşahidəçi qismində oturdular, tərcümə etmədilər.

Məhkəmənin hazırlıq iclası yanvarın 8-nə təxirə salındı.


YADDAŞ

Gəncənin sabiq icra başçısı və mühafizəçisi 2018-ci il iyulun 3-də güllələnib. Bu hadisəyə görə mühakimə edilən, aşağıda adalarını çəkdiyimiz 12 nəfərin məhkəmə prosesi başlayıb:
1. Səfərov Yunis Rafiq oğlu
2. Əzizov Mahir Əziz oğlu
3. Abdullayev Hamlet Ramiz oğlu
4. Əliyev Akif İsmayıl oğlu
5. Mustafayev Rasim Hafiz oğlu
6. Qurbanov Ceyhun Ələkbər oğlu
7. Zeynalov Firudin Etibar oğlu
8. Zalov Cəfər Mürsəl oğlu
9. Məmmədov Vüqar Vaqif oğlu
10. Salahov Ceyhun İsrail oğlu
11. Bağırov Anar İslam oğlu
12. Sərxani Ağa Hüseyin oğlu

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 33 maddəsilə ittiham irəli sürülüb. Bunların arasında 29, 120 (qəsdən adam öldürməyə cəhd), 181 (quldurluq), 214 (terrorçuluq), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya dövlətin konstitusion quruluşunu zorla ələ keçirmə) və başqa maddələr var.
Xatırladaq ki, Gəncə olayları ilə bağlı rəsmi məlumata əsasən 5 nəfər şübhəli şəxs qismində öldürülüb. Onlar Anar Bağırov, Ağa Sərxani, Muraz Rəhimov, Rəşad Babakişiyev və digər şəxsdir.

Gəncə olayları ilə bağlı həbs edilən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrliyi ilə Sabunçu Məhkəməsində keçirilən prosesdə 20 il müddətinə azadlıqdan məhrum edilən, Hepatit C xəstəsi Eşqin Quliyev və istintaq müddəti başa çatmayan Aydın Qurbanov Pentensiar Xidmətin Müalicə Mərkəzində vəfat etdilər.

Top
JoomlaLock.com All4Share.net