Gəncə işi üzrə Ali Məhkəmədə ilk iclas oldu
Featured

14 Yanvar 2020

Yanvarın 14-də Ali Məhkəmədə Gəncə işi ilə bağlı ilk proses başlayıb. Ali Məhkəmədə Gəncə Apellyasiya Məhkəməsinin 30 avqust 2019-cu il tarixli qərarından verilən kassasiya şikayətinə baxılıb. 

Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə media nümayəndələri, hüquq müdafiəçiləri, təqsirlədirilən şəxslərin vəkilləri və yaxınları iştirak edib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Elvin Nəzərov, Elman Rüstəmov, Elvin Allahverdiyev, Nemət Heydərli, Renat Məmmədov və Vüqar Xuduyevin təmsil olunduğu qrupdan iki nəfər -Vüqar Xudiyev və Renat Məmmədov olubməhkəmədə iştirak edib. 

Qrupun digər üzvlərinin də məhkəmədə iştiraklarının təmin olunması barədə məhkəməyə müraciət etdikləri bildirilib. Hakim F. Kərimov onların iştirakının təmin olunmasına görə məhkəmənin 18 fevral saat 15:00-a qədər təxirə salınmasını elan edib.

Xatırladaq ki, 2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı rəhbəri Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Əslən Gəncədən olan Yunis Səfərov onu və onun cangüdənini yaralayıb. Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə administrasiyasının qarşısında Elmar Vəliyevin işinə etiraz olaraq aksiya təyin edilib. İyulun 10-da Daxili İşlər Nazirliyi Gəncədə iğtişaşlar barədə məlumat yayıb.

Hadisələr zamanı iki yüksək rütbəli polis əməkdaşı öldürülüb. Bunun ardınca kütləvi həbslər baş verib. 60-a yaxın adam cinayət məsuliyyətinə cəlb edilib. Silahlı müqavimət zamanı 6 nəfər öldürülüb.

Gəncə hadisələrinə görə həbs olunanların işi bir neçə qrupa bölünüb. Elvin Nəzərov, Elman Rüstəmov, Elvin Allahverdiyev, Nemət Heydərli, Renat Məmmədov və Vüqar Xuduyevdən ibarət altı nəfərlik qrupa 1 mart 2018-ci il tarixdə hökm də oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 220-ci (kütləvi iğtişaşların təşkili və ya iştirak) maddəsilə təqsirli bilinib. Renat Məmmədov 6 il, Elvin Allahverdiyev, Elvin Nəzərov və Vüqar Xuduyev isə 7 il azadlıqdan məhrum edilib.

Daha iki nəfərə - Elman Rüstəmov və Nemət Heydərliyə Cinayət Məcəlləsinin 220-ci maddəsindən əlavə 315-ci (polisə müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsilə də ittiham irəli sürülüb, 8 il həbs cəzası kəsilib. Onların heç biri özlərini təqsirli bilmir, ağır işgəncələr altında törətmədikləri əmələ görə etiraf ifadələrinə imza atdıqlarını deyirlər.

Daxili İşlər Nazirliyi isə işgəncə iddialarını təkzib edir və bu barədə səslənən şikayətlərin həqiqətə uyğun olmadığını bildirir.

Gəncə Apellyasiya Məhkəməsi 30 avqust 2019-cu il tarixdə bu qərardan verilən apellyasiya şikayətini təmin etməyib.

Top
JoomlaLock.com All4Share.net