Hakim Yunusa çımxırdı: "Kəsin onun səsini!"-VİDEO-GƏNCƏ İŞİ
Featured

18 Yanvar 2020

Yanvarın 16-da Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərovun da təmsil olunduğu 12 nəfərlik qrupun məhkəmə iclası baş tutdu. Proses Sabunçu Rayon Məhkəməsində, Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyevin sədrliyi ilə keçirildi. 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, zal kiçik olduğundan məhkəmədə iştirak etmək üçün gələn vətəndaşlar ayaq üstə qalmalı olublar. Jurnalistlərin rahat oturub qeydlər aparması üçün şərait yaradılmayıb.

Vəkil Nazim Musayev məhkəmə iclaslarının audioyazı ilə aparılması barədə vəsatət qaldırıb: "Mən bundan əvvəl də Gəncə hadisələrilə bağlı məhkəmələrdə vəkil olmuşam. Təcrübə göstərir ki, audioyazıya ehtiyac var. Çünki məhkəmədə bir söz deyilib, protokola başqa söz yazılıb. Xahiş edirik, audioyazılar cinayət işinin materiallarına da əlavə olunsun, zərurət yaransa, protokollarla müqayisə edə bilək. Məhkəmələrin audioyazı ilə aparılması prezidentin 3 aprel 2019-cu il tarixli "Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında" fərmanında da əks olunub". 

Təqsirləndirilən Firudin Zeynalov da vəkil Nazim Musayevin qaldırdığı vəsatətin vacibliyini çatdırdı: "Bu, şəxsi proses deyil, ictimai prosesdir. Adamlar nə baş verdiyini bilməlidir. İctimaiyyəti məlumatlandırmaq üçün videoçəkilişə ehtiyac var".

Prokuror Pərviz Mirhəşimli məhkəmədə audio və videoyazıya ehtiyac olmadığını söyləyəndə Y.Səfərov etiraz etdi: 

"Azərbaycanda sonuncu dəfə nə vaxt belə bir hadisə baş verib ki, vətəndaş məmura xəsarət yetirib, öldürmək istəyib. 20-30 il ərzində belə hadisə olmayıb ölkədə. Hamı bunun səbəbini bilməlidir. Bu, xalqı maraqlandıran məhkəmədir. Fövqəladə məsələdir".

Hakim Natiq Əliyev onun sözünü kəsib-"Kəsin onun səsini, söndürün mikrofonu" göstəriş verdi.

Hakimlər audio və videoyazı haqda vəsatəti təmin etmədi. Qeyd edək ki, ötən proesesdə bu vəsatətlə vəkillər Fariz Namazlı və Zibeydə Sadıqova çıxış etsələr də dövlət ittihamçısı Pərviz Mirhəşimli qəbul etməmişdi.

Təqsirləndirilən Firudin Zeynalov məhkəmə iclasları bitəndən sonra hər iclasın protokolu ilə təqsirləndirilən şəxsin tanış olmaq hüququ olduğunu bildirdi. O, daha sonra ehtiyat hakimin vacibliyini vurğuladı: "Bu cür böyük işlərdə, aylarla davam edən məhkəmələrdə ehtiyat hakim olmalıdır. Bunu qanun deyir. Həyatdır, hər kəsin başına bir iş gələ bilər. Sonra işlə yenidən tanış olmaq, bir də başdan məhkəmə keçirmək zərurəti yaranmasın". 

Daha sonra Y.Səfərovun dövlət hesabına vəkili Elman Ağayev onun müdafiəsindən uzaqlaşmaq istədiyini deyib ərizəsini hakimə təqdim etdi:"Bu adam mənə etimad göstərmirsə, mənim müdafiəçi kimi qalmağım doğru deyil".

E.Ağayev bu haqda vəsatətini yazılı versə də, hakim qəbul etmədi və dedi ki, bir nüsxədə vəsatət kifayət deyil, işdə iştirak edən təqsirləndirilən şəxslər, onların hüquqlarını müdafiə edən 23 vəkil, prokuror və üç hakimin hamısına verilməlidir.

Müdafiəsini qura bilmədiyini deyən Yunus Səfərov 2018-ci ilin 3 iyul tarixindən bu günə qədər ailəsi və yaxınları ilə əlaqə saxlaya bilmədiyini dedi:  "Mən müdafiəmi qurmalıyam. Amma heç kimlə əlaqə saxlaya bilmirəmsə, o zaman müdafiəmi necə qura bilərəm?  İl yarımda bir dəfə də nə telefona çıxmağa qoyublar, nə də görüşə. Belə olan halda, bu məhkəmə nə dərəcədə ədalətli keçirilə bilər?"

Hakim cavabında deyib ki, dustağın görüş, telefon danışığı hüququ cəza yerlərində daxili rejim qaydasına aid məsələdir, onlar qarışa bilməz: "Narazılığınız varsa, ərizə yazın, biz sorğu verib araşdırarıq".

Qeyd edək ki, Yunus Səfərov artıq ikinci dəfədir ki, hüquqlarının məhdudlaşdırıldığından şikayət edir. Lakin onun anası, hətta vəkili ilə telefon əlaqəsinə icazə verilmir.

Y.Səfərov hakimə etiraz edərək dedi ki, hüquqlarım təmin olunmadan bu məhkəmə necə davam edə bilər? Axı mənim özümü müdafiə etmək imkanım yoxdur".

Hakim "otur aşağı" deyərək, onun çıxışını dayandırdı.

Hakimin aqressiv davranışına təqsirləndirilən Firudin Zeynalov etiraz etdi: "Sizin hərəkətləriniz ədalətli məhkəmə araşdırması aparmaq niyyətində olmadığınızı göstərir. Biz sizə etiraz edirik".

Vəkil Cavad Cavadov söz istəsə də hakim ona imkan vermədi. Vəkillər Vamiq Şükürov, Cavad Cavadov və digərləri hakimlərə etiraz edərək, bunu yazılı şəkildə təqdim etmək üçün vaxt istədilər.

Bu prosesdə Yunus Səfərovun yaxınlarının müqavilə bağladığı vəkil Bəxtiyar Hacıyev müdafiə edirdi. İlk prosesdə Yunus Səfərov dövlət hesabına təyin edilən vəkil Elman Ağayevdən imtina vəkil Elçin Sadıqovu tələb etsə də onu prosesə buraxmadılar. 

Digər təqsirləndirilən şəxslər Cəfər Zalov və Firudin Zeynalov da dövlət hesabına vəkillərdən imtina etdilər. Onlar ailələrinin müqavilə bağladıqları vəkilləri olduğunu bildirdilər. Lakin onların istəyini hakimlər qəbul etmədi "Keyfiyyətli müdafiə üçün imtina qəbul olunmur".

B.Hacıyev prosesə yeni qoşulduğunu, cinayət işinin materiallarıyla tanış olmaq, Y.Səfərovla təcridxanada görüşmək istədiyini bildirdi.

Natiq Əliyev məhkəmə prosesini 1 ay təxirə saldığını açıqlayıb. Y.Səfərov və digərlərinin məhkəməsinin 17-si fevral, saat 11:00-a təyin etdi.

YADDAŞ

Gəncənin sabiq icra başçısı və mühafizəçisi 2018-ci il iyulun 3-də güllələnib. Bu hadisəyə görə mühakimə edilən, aşağıda adalarını çəkdiyimiz 12 nəfərin məhkəmə prosesi başlayıb:
1. Səfərov Yunis Rafiq oğlu
2. Əzizov Mahir Əziz oğlu
3. Abdullayev Hamlet Ramiz oğlu
4. Əliyev Akif İsmayıl oğlu
5. Mustafayev Rasim Hafiz oğlu
6. Qurbanov Ceyhun Ələkbər oğlu
7. Zeynalov Firudin Etibar oğlu
8. Zalov Cəfər Mürsəl oğlu
9. Məmmədov Vüqar Vaqif oğlu
10. Salahov Ceyhun İsrail oğlu
11. Bağırov Anar İslam oğlu
12. Sərxani Ağa Hüseyin oğlu

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 33 maddəsilə ittiham irəli sürülüb. Bunların arasında 29, 120 (qəsdən adam öldürməyə cəhd), 181 (quldurluq), 214 (terrorçuluq), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya dövlətin konstitusion quruluşunu zorla ələ keçirmə) və başqa maddələr var.
Xatırladaq ki, Gəncə olayları ilə bağlı rəsmi məlumata əsasən 5 nəfər şübhəli şəxs qismində öldürülüb. Onlar Anar Bağırov, Ağa Sərxani, Muraz Rəhimov, Rəşad Babakişiyev və digər şəxsdir.

Gəncə olayları ilə bağlı həbs edilən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrliyi ilə Sabunçu Məhkəməsində keçirilən prosesdə 20 il müddətinə azadlıqdan məhrum edilən, Hepatit C xəstəsi Eşqin Quliyev və istintaq müddəti başa çatmayan Aydın Qurbanov Pentensiar Xidmətin Müalicə Mərkəzində vəfat etdilər.

Top
JoomlaLock.com All4Share.net