Gəncə işinə görə Rusiyada saxlanan Müşfiq Qurbanov Bakıya gətirilib
Featured

18 Yanvar 2020

Gəncə işi ilə bağlı 2018-ci ilin oktyabrın 24-də Rusiyanın paytaxtı Moskva şəhərində saxlanılan Qurbanov Müşfiq Cümşüd oğlu  yanvarın 17-də Bakıya gətirilib. Bu barədə onun anası Anisa Qurbanova Vetenugrunda.az-a məlumat verib. 

Müşfiq Qurbanov 1978-ci il 20 yanvar tarixində Göygöl rayonunun Toğana kəndində anadan olub. Mingəçevirdə yaşayıb. 

Hazırda Bakı İstintaq Təcridxanasına yerləşdirilən Müşfiq Qurbanov 2018-ci ilin iyulun 15-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə beynəlxalq axtarışa verilib.

O, 2018-ci ildə baş vermiş Gəncə hadisələr zamanı qəsdən adam öldürməyə cəhd, terrorçuluq, qanunsuz silah saxlama, dini zəmində nifaq salma, ölkənin konstitusiya quruluşunu dəyişməyə cəhd və s. əməllərdə ittiham olunur.

Anası bildirib ki, oğlu işləmək üçün2017-ci ilin fevralında Rusiyaya  gedib. 2018-ci ilin oktyabr ayında isə Moskvada yaşadığı evin qarşısında tutulub: "Uşaqlarının gözünün qabağında mülki geyimli polislər oğlumu tutub maşına basıblar. Səbəbini bilmədiyinə görə ailəsi çox qorxub. M.Qurbanovu polislər aparandan 5 saat sonra evə zəng edərək bildirib ki, Gəncə olaylarına görə həbs edilib. A.Qurbanova deyir ki, oğlu ümumiyyətlə, Yunus Səfərovu tanımırmış.

M.Qurbanovun Bakıya gətirilməsi haqqında ona və yaxlınlarına xəbər verilməyib. Moskva təcridxanasında bir il üç ay saxlanılıb. Bu müddətdə iki dəfə ailəsi ilə telefon əlaqəsi olub. Saxlanıldığı müddətdə Müşfiqin barəsində heç bir istintaq aparılmayıb: "Məhkəmə əvvəl onun haqqında bir aylıq həbs qərarı verib. Sonra müddət daha beş ay artırılıb ki, bu müddətdə onun təhvil verilməsi üçün kifayət qədər sübutlar təqdim olunsun. Keçən ilin aprel ayında müddət bitib və Moskva məhkəməsi təqdim edilən sənədləri yetərli saymayıb. Lakin vəkil oğlumun həbsdən buraxılması barədə vəsatət versə də, məhkəmə vəsatəti təmin etməyib. Qərar verilib ki, saxlanma müddəti daha altı ay uzadılsın".

Anisa Qurbanova daha sonra bildirdi ki, oğlu 16 yaşından psixi xəstəliklərdən və epilepsiyadan müalicə alıb. Oğlu Gəncədə psixoloji dispanserdə qeydiyyatda olub. Axtarış veriləndə dispanserə sorğu göndərilib. Dispanserdən qeydiyyatda olması haqqında arayış verilib. 

Top
JoomlaLock.com All4Share.net