Britaniyanın Azərbaycandakı səfiri Karol Kroftsun müəllimi Yusif Sadıqov terrorçudurmu?
Featured

24 Yanvar 2020

Gəncə olayları ilə bağlı Rusiyada saxlanılaraq Azərbaycana gətirilən Yusif Sadıqovun xanımı Mədinə Sadıqova Vetenugrunda.az-a danışıb.

Sadıqov Yusif Namiq oğlu 1984 -cü il mayın 16- da Gəncə şəhərində anadan olub. Yeni Gəncə qəsəbəsindəki 2 saylı orta məktəbi bitirdikdən sonra Gəncə Dövlət Universitetinin Xarici Dillər Fakültəsində ingilis dili üzrə təhsil alıb. Universiteti bitirib əsgəri xidmətə yollanan Y.Sadıqov xidmətini başa vurduqdan sonra GDU-nun magistraturasında eyni ixtisas üzrə ali təhsilini başa vurur.

Xanımı bildirib ki, Yusif Sadıqov Gəncədə fəaliyət göstərən bir firmada işə düzəlir: “O, imtahanla Şəmkir rayonu Qaralar kəndi tam orta məktəbində müəllim kimi işə düzəlir. Bir neçə il bu kənddə ingilis dili fənnini tədris edir.

Yusif Sadıqov daha sonra Gəncədəki Xəzinə Təhsil Mərkəzində ingilis dili müəllimi kimi işləməyə başlayır.

Yusif Sadıqov burda işlədiyi müddətdə Böyük Britaniyanın Azərbaycandakı o zamankı səfiri xanım Karol Kroftsa və səfirliyin bir nümayəndəsinə dövlətin sifarişi ilə ana dilimizi öyrədir. Səfir Karol Krofts Yusif Sadıqovun evində qonaq olur. Ona hədiyyə verir. Yusifin mehribanlığı, səmimiyyəti, peşəkarlığı Karol Kroftsu çox məmnun edir.

Əgər Yusif Sadıqov terrorçu idisə o zaman Byük Britaniya kimi nüfuzlu bir dövlətin ölkəmizdəki səfirini niyə məhz ona həvalə edirdilər? Belə çıxır ki, ölkədə təkcə vətəndaşlar deyil, eyni zamanda xarici səfirliklərin nümayəndələrinin də həyatı təhlükədədir? Yox əgər belə deyilsə, o zaman Yusif Sadıqovu ortada heç bir dəlil-sübut olmadığı halda.niyə görə bu gün 22 madə ilə ittiham edirlər?”

Yusif Sadıqov atasını və gənc bacısını itirir. Daha sonra anasının ayağında problem yaranır. Həkim əməliyyatın vacibliyini bildirir.

“Bu müddətdə Yeni Gəncə qəsəbəsində onların qonşuluğunda kirayə qalarkən tanış olduğu Yunus Səfərov Yusifə zəng edir və onunla görüşmək istədiyini bildirir. Lakin Yusifin işi çox olduğu üçün görüşmək imkanının olmadığını deyir. Daha sonra Yunus ona zəng edərək Gəncənin deputatı Naqif Həmzəyevin ev ünvanını soruşur. (Yusif Sadıqov orta məktəbdə Naqif Həmzəyevlə paralel sinflərdə oxuyub.) Bu dəfə Yusif Sadıqov Yunus Səfərova deyir ki. Naqifin ev ünvanını bilmir və xahiş edir ki, ona bir də belə məsələlərə görə zəng etməsin.

Aradan bir az keçir Yunus Səfərov Gəncədə polisə hücum edib onun tapançasını götürür. Bu hadisəyə görə YusifSadıqovu şübhəli şəxs qismində Gəncə polis idarəsinə aparıb 3 gün ona işgəncə verirlər. 3 gündən sonra ortada heç bir dəlil-sübut olmadığı üçün və Yusif Sadıqovu sərbəst buraxırlar. Yusif şəkər xəstəsi olan anasının ayağını müalicə etdirmək istəyir, Bakıya gətirir. Anası ayağında yaranan problemə görə əməliyyat olmalıydı. Lakin maddi imkanı olmadığı üçün bir müddət Rusiyada pul qazanmaq ümidi ilə Moskvaya yollanır. O, Moskvaya gedir Futsiti adlanan bazarda işləyir. (Ailəsinin bildirdiyinə görə bu bazara girmək üçün çalışanların xüsusi vəsiqəsi olub)”.

Yusif Sadıqovun xanımı Mədinə Sadıqova deyir ki, ailədə 4 bacının bir qardaşı olan, 3 uşaq atası Yusif Sadıqov bütün ailənin maddi ehtiyacını qarşılamaq məcburiyyətində qaldığı və anasını müalicə etdirmək üçün Rusiyada pul qazanmaq niyyəti ilə bu addımı atır: "Əgər Yusiflə bağlı şübhə var idisə Yusif sərhəddi neçə keçib getdi Rusiyaya? Yusif Rusiyaya gedəndən bir-neçə ay sonra Azərbaycan hökuməti onu axtarışa verir.

Yusif işə gedərkən, səhər evimizin qabağında, 2018-ci ilin 15 oktyabrında, ailəsinin gözünün qarşısında Rusiya polisi tutub apardı. Amma Rusiyada polis cinayətkarı tutanda yerə yıxır, qoluna qandal vurur. Amma Yusifi tutanda rus polisi deyib ki, qoluna qandal vurmağa utanırlar. Deyiblər ki, haqqında axtarış elan olunandan səni izləyirik. Amma bir dəfə də olsun bir şübhəli hərəkətini görmədik".

Yusif Sadıqovu 2020-ci ilin 21 yanvar tarixində Azərbaycana gətirilib. O, hazırda Kürdəxanı qəsəbəsində yerləşən 1 saylı İstintaq Təcridxanasında saxlanılır. Ailəsi ilə danışmağa və görüşməyə icazə verilmir.

Top
JoomlaLock.com All4Share.net