17 saylı CCM-də Gəncə məhbusu ölümlə çarpışır
Featured

27 Yanvar 2020

Gəncə məhbusu Alim Yusifovun səhhətində ciddi problemlər var. Alim ilk istintaq zamanı verilən işgəncələr nəticəsində bütün sağlamlığını itirdiyini deyir. Hazırda 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan məhbus dəfələrlə Müəssisə rəhbərliyinə müraciət etsə də ona müayinə və müalicə hüququndan yararlanmağa imkan verməyiblər.

Bu barədə məhbusun anası Arzu Əliyeva Vetenugrunda.az-a açıqlama verib: "İstintaq zamanı Alimin böyrəklərinə o qədər vurublar bütün sağlamlığını itirib. Aylardır rəhbərliyə müraciət etsə də onu Pentensiar Xidmətin Müalicə Müəssisəsinə köçürmürlər. Alimə istintaq zamanı çox işgəncə veriblər. Onun başına, böyrəklərinə "dubinka" ilə çox döyüblər. Bütün daxili orqanları sıradan çıxıb. Sağlam yeri yoxdur.

Tutulandan sonra o qədər döymüşdülər ki, qolunu, burnunu sındırmışdılar. Ciyərləri çox pis zədələnmişdi. Neçə ay ciyərlərini müalicə etdirdim. Ciyəri sağalmamış indi də böyrəkləri sıradan çıxıb. Çünki işgəncə verəndə böyrəklərini təpikləyirmişlər".

Qeyd edək ki, 2019-cu ilin 10 iyun tarixində məhbusun anası oğlunun ağrılardan bayıldığını, lakin həkimin ona müdaxilə etmədiyini bildirmişdi.

Alim Yusifov 1989-cu ildə, iyulun 6-da Bakı şəhərində anadan olub. Körpəlikdən atasız böyüyüb. Atasını itirdikdən sonra ailə Şəmkirə köçüb və bu günə qədər rayonun Dəlilər kəndində yaşayırlar. Alim isə ailə qurduqdan sonra Şəmkir rayonunda kirayə evə köçüb. Biri 8, digəri 9 yaşında iki övladı var. Həyat yoldaşı onkoloji xəstədir. 

Məhbusun anası deyir ki, oğluna etmədiyi cinayəti boynuna qoymaq üçün olmazın işgəncələr verilib: "2018-ci ilin iyulun 11-də səhər saat 10: 00-da kirayədə yaşadığı evdən Şəmkirə rayon polis idarəsinə, oradan Kəpəzə, sonra Gəncəyə aparıblar. Ağlasığmaz işgəncə veriblər. Üzünə o qədər vurublar ki, üzündə yara izləri uzun müddət sağalmadı. Döyürmüşlər ki, ya narkotik alveri ilə məşğul olduğunu ya da digər hər hansı cinayəti boynuna götür".

YADDAŞ

Rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi və polis əməkdaşı Qasım Aşbazovu güllələyən Yunus Səfərovun işgəncə verilmiş şəkilləri internetdə yayıldı. Buna etiraz edən bir qrup vətəndaş iyulun 10-da Gəncə şəhərində, icra hakimiyyətinin qarşısındakı meydanda etiraz aksiyası keçirmək istəyib. Lakin etiraz aksiyasında kimlərsə öncədən hazırlanmış təxribatı törədərək, dinc aksiyanı qanlı qarşıdurmaya çevirib. Hadisə zamanı iki polis əməkdaşı qətlə yetirilib. Bu hadisədən sonra həbslər başlayıb.

Həbs edilənlər məhkəmə zamanı verdikləri ifadədə onlara qarşı dəhşətli işgəncələr verildiyini bildirib.

Məhkəmə prosesi zamanı məhbusların və onların müdafiəçilərinin qaldırdıqları vəsatətlər təmin edilməyib. Məhbuslar və onların yaxınları hadisənin baş verdiyi meydandakı kameraların görüntülərini və işgəncə aldıqlarını sübuta yetirmək üçün ekspertiza təyin edilməsini tələb etsələr də onların vəsatəti rədd edilib.

Xatırladaq ki, Qənbər Qarazadə, İsa Məhərrəmov, Zabil Cümüşüdov, Alim Yusifov, Aydın Rüstəmov, Yavər İsmayılzadə və Elvin Əliyevin təmsil olunduğu 7 nəfərlik qrupa 2019-cu il, mayın 10-da Sabunçu Rayon Məhkəməsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Y.İsmayılzadə 9 il, A.Rüstəmov 8 il, E.Əliyev 6 il, Z.Cümşüdov 8 il, Alim Yusifov 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

2019-cu ilin avqustun 23 də Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə məhkəmə qərarı elan olunub.

Qərara görə, iş üzrə təqsirləndirilənlərdən Elvin Əliyev azadlığa buraxılıb, digər təqsirləndirilənlərdən Yavər İsmayılzadənin cəzası 5 ilə, Aydın Rüstəmov, İsa Məhərrəmzadə, Alim Yusifovun cəzaları isə 2 ilə endirilib.

Adıçəkilən qrupun üzvləri 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işində ittiham olunsalar da, məhkəmə zamanı bu ittihamların heç biri öz əksini tapmayıb.

Top
JoomlaLock.com All4Share.net