Heykəl yazan gənclərə 72 min avro ödəniləcək
Featured

13 Fevral 2020

Azərbaycan hökuməti Bayram Məmmədov və Qiyas İbrahimova 72 min avro ödəməlidir

Avropa İnsan Haqları Məhkəməsi keçmiş siyasi məhbuslar Qiyas İbrahimov və Bayram Məmmədovun Azərbaycandan göndərilən 6 şikayəti üzrə qərarını açıqlayıb. Qurumun fevralın 13-də elan etdiyi qərara görə, Azərbaycan hökuməti cərimələnib.

Şikayət nədir: Gənclər Avropa Məhkəməsinə saxlanma və həbs müddətindən üzləşdikləri hallardan şikayət göndərib;

Saxlanılma zamanı işgəncə
Qeyri-insani rəftara məruz qalma
Axtarış və götürmənin qanunsuzluğu
Məhkəməyə qədər həbsin qanunsuzluğu
İddia nədir: "Heykəl məhbusu" kimi tanınan gənclər AİHM-ə göndərdikləri şikayətlərdə iddia edirlər ki, onların işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, şəxsi həyatın toxunulmazlığı, ifadə azadlığı hüquqları pozulub. Məhkəmədən həmçinin 5-ci, 8-ci və 10-cu maddələrlə birlikdə götürülməklə 18-ci maddənin pozuntusunun tanınmasını tələb edirdilər.

AİHM nə deyir: Məhkəmə hesab edib ki, gənclərin 3-cü, 5-ci, 10-cu və 18-ci (5-lə birgə) maddələrlə təminat altına alınan hüquqları pozulub. Hökumət gənclərə birlikdə 72 min avro təzminat ödəməlidir.

Bayram və Qiyas kimdir: Bayram Məmmədov və Qiyas İbrahimov 2016-cı il mayın 10-da keçmiş prezident Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək" və "Fuck the system" sözləri yazdıqdan sonra həbs olunub. Rəsmi açıqlamada deyilirdi ki, Bayram Məmmədovdan 2.904 qram, onun evindən isə 1 kiloqram 150 qram heroin aşkar edilib. Qiyas İbrahimovdan 2.607 qram, onun yaşadığı evdən isə 1 kiloqram 10 qram heroin tapılıb.

Hansı hökm oxunub: Bakı Ağır Cinayətlər Məhkəməsi 2016-cı il oktyabrın 25-i Qiyas İbrahimovu, həmin il dekabrın 8-də isə Bayram Məmmədovu 10 il azadlıqdan məhrum edib.

Gənclər 2019-cu ilin martında İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıblar.(mikroskopmedia)

Top
JoomlaLock.com All4Share.net