"Çudo Peçka"nın sahibinin 7 milyon 300 minlik əmlakına həbs qoyulub

11 Yanvar 2018

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Mənimsəmədə təqsirləndirilən "Çudo Peçka"nın sahibi Çingiz Cəlilovun məhkəməsi başlayıb. 

Hakim Əhməd Quliyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilir. 

Qeyd edək ki, "Çudo Peçka" və "ÇP Aqro" MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu "Bank Standard" QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdiriblər.

Daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüblər. 

İclasda anket məlumatları dəqiqləşdirilib. İşdə ləğv edilmiş "Bank Standard" zərərçəkmiş kimi tanınıb. Məhkəmədə bankı nümayəndə Azər Tanrıverdiyev təmsil edir. 

Ç.Cəlilovun vəkili Janna Bağırova  müvəkkili barəsində ev dustaqlığı seçilməsi haqda vəsatət verib. 

Vəkil bildirib ki, Ç.Cəlilovun özünün və ailə üzvlərinin bütün əmlaklarına, bağ evləri, yaşadıqları mənzil, həmçinin 1 milyon manatlıq torpaq sahəsinin üzərinə həbs qoyulub.

Ç.Cəlilovun üzərinə həbs qoyulan bütün əmlakının dəyəri 7 milyon 300 min manat qiymətləndirilib.

Vəsatət təmin edilməyib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses yanvarın 18-də davam etdiriləcək.(report)

Top
JoomlaLock.com All4Share.net