Azərbaycan səhiyyəsi daha bir ailəni məhv etdi
Featured

05 Avqust 2018

Lənkəranda doğuş zamanı ana və körpə ölüb.

Lerik rayonunun Veri kənd sakini, 1983-cü il təvəllüdlü Sadıqova Elnarə Rasim qızı avqustun 2-də Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

İki övlad anası olan Elnarə Sadıqovanın yaxınlarının bildirdiyinə görə, qadın hamiləlik zamanı mütəmadi olaraq həkim nəzarətində olub, heç bir problem qeydə alınmayıb. Lakin doğuş gecikdiyinə görə həkimlər körpəni qeysəriyyə əməliyyatı ilə götürməyə çalışıblar. Lakin məlum olub ki, körpə tələf olub. Ana isə kəskin qanaxma nəticəsində ölüb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkimin köməkçisi Əbülfəz Məmmədov bildirib ki, ana qanaxma səbəbindən dünyasını dəyişib: "Elnarə Sadıqova qanda laxtalanma səbəbindən əməliyyat şəkilində doğuşa alınıb. Səylərə baxmayaraq, uşaq ölü dünyaya gəlib. Ana isə bu gün səhər saat 10 radələrində qanaxma səbəbindən dünyasını dəyişib".

Lakin xəstənin yaxınları bildirib ki, Sudabə adlı həkim hamilə qadına doğumu sürətləndirmək üçün iynə vuraraq onun koma vəziyyətinə düşməsinə səbəb olub: "Südabə hamilə qadının doğuzdurub, yaxınlarından pul almaq üçün iynə vurub ki, qadın onun növbədə olduğu saatda doğsun ki, pulu ondan sonra növbəyə gələn digər həkimə çatmasın. İynənin təsirindən şoka düşən Elnarə xanım koma vəziyyətinə düşüb və avqustun 4-də qanaxma nəticəsində dünyasını dəyişib".

Elnarə xanımın qohumlarının xəstəxanaya etirazını görən həkimlər polis çağıraraq Südabə adlı həkimi xəstəxanadan xəlvətcə çıxararaq uzaqlaşdırıblar ki ona xətər toxunmasın.

Xəstəxanaya hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, araşdırma aparılır.

Top
JoomlaLock.com All4Share.net