Azərbaycanda güclü zəlzələ baş verdi- Şamaxıda qazın verilişi dayandırıldı
Featured

06 Fevral 2019

Ötən gecə baş vermiş zəlzələ ilə bağlı Şamaxı şəhərində təbii qazın verilişi dayandırılıb.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib. O bildirib ki, hazırda qazın verilişinin bərpası istiqamətində işlər aparılır:

"Şamaxıda baş vermiş zəlzələ ilə bağlı divarların uçması halları qeydə alınıb. Bu səbəbdən təhlükəsizlik baxımından şəhərdə təbii qazın verilişi gecə saat 00:35 radələrindən dayandırılıb. Səhər saatlarından fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır".

İ.Kərbəlayev qeyd edib ki, zəlzələ baş vermiş digər rayon və şəhərlərdə qazın verilişində heç bir problem olmayıb.

Zəlzələ zamanı "Şamaxı Astrofizika Rəsədxanasının bəzi yerlərində üz daşlarında çatlar əmələ gəlib, bir-iki daş qopub".

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov deyib: "Güclü zəlzələ idi, bir neçə dəfə təkrarlandı, üçüncü zəlzələ isə digərlərindən güclü oldu. Biz əraziyə daha yaxınıq, zəlzələ ocağından 10 kilometr məsafədəyik, təbii ki, rəsədxanada hiss olundu. Ancaq binalarımız yenidən qurulduğu üçün çox möhkəmdir, bu səbəbdən də elə bir ciddi ziyan dəyməyib. Sadəcə, bəzi yerlərdə üz daşlarında çatlar əmələ gəlib, bir-iki daş qopub. Amma içəridə heç nə yoxdur".

X.Mikayılov qeyd edib ki, teleskoplar yoxlanılıb və narahatlıq üçün səbəb yoxdur. 

Təhsil Nazirliyi ötən gecə Şamaxıda baş verən zəlzələnin məktəblərə vurduğu ziyanla bağlı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, zəlzələ nəticəsində İsmayıllı rayonunda 1, Şamaxı rayonunda isə 4 məktəbdə çatlar əmələ gəlib.

Hazırda Təhsil Nazirliyinin nümayəndələri həmin məktəblərə baxış keçirirlər.(trend)

Top
JoomlaLock.com All4Share.net