İki ayda 29 milyon manat əməkhaqqı azaldı-AZƏRBAYCANDA
Featured

17 Aprel 2018
İqtisadçı Nemət Əliyev deyir ki, bu ilin ilk iki ayı ərzində əməkhaqqı alanların pul kisəsi 29 milyon manat boşalıb: "Tendensiya davam edərsə, ilin sonunadək işləyənlərin əməkhaqqı gəlirləri 174 milyon manat, pensiya fonduna daxilolmalar isə 44 milyon manata qədər azalacaq".
 
Müəllif vurğulayır ki, orta aylıq əmək haqqı göstəricisi bu ilin yanvar-fevral aylarında 17 manat 40 qəpik azalıb, bu azalma yanvar ayında 8 manat 40 qəpik, fevral ayında isə daha 9 manat olub, iki ay ərzində isə ölkə üzrə orta əməkhaqqı səviyyəsi 3,3% azalaraq 528,2 manatdan 510,8 manata düşüb.
 
İqtisadçı Dövlət Statistika Komitəsinə istinadən bu ilin yanvar-fevral aylarında muzdla çalışanların sayının 1512,45 min nəfər, 2017-ci ilin yanvar-dekabr dövründə 1517,65 min nəfər təşkil etdiyini, orta hesabla bu il bu sayda 5 min 200 nəfər azalma olduğunu bildirir: "Əgər muzdla çalışanların ölkə üzrə ümumi əməkhaqqı fondunun bir aylıq həcmini hesablasaq, məlum olar ki, bu göstərici ötən il 801,6 milyon manat, bu il isə 772,6 milyon manat olub. Aradakı fərqi hesablasaq, məlum olur ki, ölkə üzrə bir aylıq əməkhaqqı fondunun həcmi iki ayda 29 milyon manat azalıb".
 
N.Əliyev təhlillərə istinadən deyir ki, bu azalmanın 9%-i və ya 2,7 milyon manatı iş yerlərinin bağlanması hesabına, 91%-i və ya 26,4 milyon manatı isə əməkhaqqı səviyyəsinin düşməsi hesabınadır: "Beləliklə, aydın olan budur ki, bu ilin əvvəlindən ötən müddətdə işləyənlərin sosial vəziyyəti ağırlaşıb. Əgər bu iki ayda əmələ gəlmiş bu mənfi tendensiya davamlı olarsa, o zaman ümumi əməkhaqqı gəlirləri ilin sonunadək 174 milyon manat məbləğində azalacaq".
 
Müəllifə görə, belə bir bir arzuolunmaz hal heç şübhəsiz ki, pensiya alanların da həyat səviyyəsinə mənfi təsir göstərəcək.
 
Müəllif deyir ki, buna səbəb Sosial Sığorta Fonduna daxilolmalar əmək haqlarının azalması ilə cari ilin yanvar-fevral aylarında 7,3 milyon manat (29 milyon manat x 25%) azalıb.
 
İqtisadşı deyir ki, buna görə də əmək haqqından tutulmalar hesabına Fonda daxilolmalar ilin sonunadək 44 milyon manata qədər azala bilər.
 
İqtisadçının sözlərinə görə, inflyasiyanın alıcılıq qabiliyyətinə mənfi təsiri də bura əlavə olunarsa, o zaman ilin əvvəlindən ötən müddətdə ölkədə həyat səviyyəsinin daha çox pisləşməsi qənaətinə gəlmək olar.(azadlıq.info)
Top
JoomlaLock.com All4Share.net