Turizmin durumu ilə bağlı 6 qənaət
Featured

02 May 2018

Tanınmış iqtisadçı ekspert Qubad İbadoğlu Azərbaycanda turizmin durumunu şərh edib.

İqtisadçının sosial şəbəkədə paylaşdığı şərhini olduğu kimi təqdim edirik:

Turizmin durumu ilə bağlı 6 qənaət

Hoteldə 1 gecənin orta qiyməti 124,7 manat və ya təxminən 75 dollar təşkil edib

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə bu ilin ilk rübündə ölkə üzrə mehmanxanalarda 586,0 min gecələmə keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,0 faiz çoxdur. Gecələmələrin 58,0 faizi Bakıda, 9,7 faizi Qəbələdə, 8,6 faizi Qusarda, 4,8 faizi Naftalanda, 3,8 faizi Naxçıvan Muxtar Respublikasında, 3,7 faizi Qubada, 1,0 faizi Gəncədə, hər birində 0,8 faiz olmaqla Lənkəranda və Masallıda, hər birində 0,5 faiz olmaqla Tovuzda və Qazaxda, 7,8 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.

DSK-nın açıqlamasında o da qeyd olunur ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı 439,8 min təşkil etmişdir ki, bu da ümumi gecələmələrin 75,1 faizini təşkil edir. Gecələmələrin 18,3 faizi Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları, 14,0 faizi Rusiya Federasiyası vətəndaşları, 9,4 faizi İran vətəndaşları, 4,9 faizi Türkiyə vətəndaşları, 4,4 faizi ABŞ vətəndaşları, 3,7 faizi Qətər vətəndaşları, 3,3 faizi Böyük Britaniya vətəndaşları, 3,1 faizi Küveyt vətəndaşları, 1,6 faizi Ukrayna vətəndaşları, 1,5 faizi Almaniya vətəndaşları, 0,8 faizi İtaliya vətəndaşları, 0,7 faizi Gürcüstan vətəndaşları, 34,3 faizi digər ölkələrin vətəndaşlarının payına düşüb.

Məlumatda həmçinin bildirilir ki, cari ilin birinci rübündə mehmanxanaların gəlirləri 73,1 milyon manat olmuşdur ki, onun 64,5 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 23,5 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 4,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 7,1 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Bu məlumatların təhlili nəticəsində aşağıdakı qənaətlər hasil olunur.

Birincisi, Azərbaycanda hostel və gündəlik ev kirayəsi biznesi geniş yayılmadığına görə, Azərbaycana gələn turistlərin sayı hesablanarkən mehmanxanalarda gecələyənlərin sayı əsas götürülməlidir. Bu hesabla, hətta nəzərə alsaq ki, mehmanxanada gecələyənlərin hamısı turistlərdir (halbuki onlar arasında Azərbaycana işgüzar səfərlərə gələnlər də vardır) yenə də bu il ərzində ölkəni ziyarət edəcək turistlərin sayının 2 milyon nəfəri ötməyəcəyini demək olar. Halbuki, Gürcüstan bu il 7,5 milyon nəfər turist cəlbini hədəfləyir.

İkincisi, regionlara kifayət qədər investisiya qoyulmasına, infrastruktur (hava limanları tikilməsi və s.) yaradılmasına baxmayaraq Bakı yenə də tursitlər üçün cəlbediciliyini saxlayır. DSK-nın məlumatı da göstəririr ki, mehmanxlanalarda gecəmələrin 60 faizə qədəri Bakının payına düşür. Beləliklə də Azərbaycanda paytaxt hotel biznesində hökmran mövqeyini hələ də qoruyub saxlayır. Regionlar arasında daha çox sərmayə yatırılmış Qəbələ, Qusar və Naftalanın birlikdə hotel bazarında payı 23,1 faiz təşkil edib. Güman edirəm ki, yay mövsümündə paytaxt və regionlar arasında hazırkı nisbət ikincinin xeyrinə dəyişəcək.

Üçüncüsü, mehmanxanalarda gecələyən əcnəbilərin milli tərkibinə görə ərəblər, ruslar, farslar və türklər üstünlük təşkil edib. Bu isə son zamanlar müşahidə olunan ərəb axının effekti hesab oluna bilər. Belə ki, yalnız 1 ölkədən gələn ərəblər ruslardan birinciliyi alaraq, mehmanxanalarda gecələyən əcnəbilər arasında 18,3 faizlə önə çıxıb. Burdan çıxan digər nəticə isə Azərbaycana Qərbdən (ABŞ, Avropa) və Şərqdən (Yaponiya, Çin və Hindistan) gələn turistlərin sayının azlıq təşkil etməsidir.

Dordüncüsü, mehmanxana gəlirlərinin üçdə biri əsas fəaliyyətdən deyil, əlavə xidmətlərdən əldə edilib. Onlar arasında müalicə və sağlamlıq xidmətləri və digər xidmətlərin də müəyyən xüsusi çəkiyə malik olub. Görünür ki, müalicə və sağlamlıq xidmətləri sahəsində Naftalanın rolu artır. Bununla yanaşı digər xidmətlərin nədən ibarət olması da maraq doğurur.

Beşincisi, nəzərə alsaq ki, bu ilin 1-cü rübündə mehmanxanaların gəlirləri 73,1 milyon manat və orda gecələmələrin sayı 439,8 min təşkil edib, onda 1 gecənin orta qiyməti 124,7 manat və ya təxminən 75 dollar təşkil edib ki, bu da Azərbaycanda hotel qiymətlərinin hələ də baha olmasını təsdiq edir.

Nəhayət, altıncısı bu ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə mehmanxanada gecələyənlərin sayının 24,0 faiz artması bu sektordan bələdiyyə büdcəsinə də ödəmələrin çoxalmasını da şərtləndirməlidir. Çünki, yerli (bələdiyyə) vergi və ödənişlərin mənbələrindən biri də bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişdir.

Qanuna görə, bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş burada qalan hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla həmin xidmətləri göstərən şəxslər tərəfindən hesablanıb bələdiyyə büdcəsinə köçürülməlidir. Bu isə o deməkdir ki, bu ilin birinci rübündə bələdiyyə büdcəsinə yalnız bu mənbədən 600 min manata qədər vəsait daxil olmalıdır. Amma əslində bələdiyyə büdcəsində bu mənbədən daxil olmalar da ciddi artım qeydə alınmayıb. Bu isə o deməkdir, mehmanxanalar yerli (bələdiyyə) vergi və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununa düzgün əməl etmirlər.

Top
JoomlaLock.com All4Share.net