Azərbaycanın xarici borcu niyə artır?
Featured

30 İyun 2018

Azərbaycanın xarici borcunun artmasının üç əsas səbəbi var. Bunlar devalvasiya ilə bağlı xarici borcun ümumi daxili məhsula (ÜDM) nisbətin artması, maliyyə-bank sisteminin sağlamlaşdırılması üçün görülən tədbirlər və "Cənub Qaz Dəhlizi" layihəsi ilə bağlı verilən dövlət zəmanətidir".

Bu barədə ötən günlərdə maliyyə naziri Samir Şərifov açıqlama verib. O deyib ki, Maliyyə Nazirliyi kifayət qədər ehtiyatlı borclanma siyasətinin həyata keçirilməsinin tərəfdarıdır: "Dövlət başçısı müvafiq göstərişlər verib ki, xarici borcumuz artmasın, əksinə azalsın".

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin (İRÖM) sədri Ruslan Atakişiyev xarici dövlət borcunun artmasını Sputnik Azərbaycan-a şərh edərkən deyib ki, Azərbaycan hökuməti bir sıra layihələrin icra olunması üçün xarici dövlət borcuna müraciət edir: "Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı ilə əməkdaşlıq davam etdirilir. Xarici borcun müvafiq normalardan yuxarı olması xərclərin artmasına gətirib çıxarır. Çünki xarici borclanmadan yaranan öhdəliklər, o cümlədən faiz ödəmələri var".

İqtisadçının sözlərinə görə, xarici təcrübədə bunun alternativ yolu kimi daxili maliyyələşmə mənbələrindən istifadə olunur: "Məsələn, bir sıra layihələrdə daxili investisiya mənbələrinə müraciət edilir. Xüsusən də daxili borclanmadan biri dövlət istiqrazlarının buraxılmasıdır. Belə vəziyyətdə sırf dövlət istiqrazı buraxılaraq daxili mənbələrdən istifadə olunur.

Tutalım, SOCAR istiqrazlarının buraxılması buna nümunədir. Daxili maliyyələşmədə bu kimi istiqrazlardan istifadə olunması həm ölkə daxilində qiymətli kağızlar bazarının inkişafına kömək göstərir, həm də qiymətli kağızların təkrar satış bazarında yenidən dəyər qazanmasına və əlavə maliyyələşmə imkanlarının artmasına gətirib çıxarır".

Ekspert bildirib ki, 2018-ci il 1 yanvar tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9 milyard 398,3 milyon ABŞ dolları təşkil edib: "Azərbaycan manatı ilə 15 milyard 978 milyon manat (ölkə üzrə adambaşına 2 manata yaxın — red.) deməkdir. Ümumi daxili məhsulda bunun payı 23 faizdir. Dövlətin xarici borcunun qalxması devalvasiya prosesi ilə bağlıdır. Əvvəl manat güclü idi, xarici dövlət borcu elə də hiss olunmurdu".

R.Atakişiyevin sözlərinə görə, xarici dövlət borcunun çox artması bir sıra mənfi nəticələrə səbəb olur: "Xarici dövlət borcu çox artan zaman beynəlxalq maliyyə təşkilatları qarşısında öhdəliklərin yerinə yetirilməsi çətinləşir. İkincisi, bunlar üzrə faiz ödəmələri var və onların məbləği artır. Belə olanda dövlət büdcəsinin xərcləri artmağa başlayır. Digər tərəfdən, beynəlxalq təşkilatların iqtisadi-siyasi baxımdan da dövlətə təsiri artır".

İqtisadçı-ekspert Sabit Bağırov isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, xarici dövlət borcunu azaltmaq üçün yeganə yol dövlət xərclərinə qənaət etməkdir: "Hələ ki, Azərbaycanın dövlət borcunun səviyyəsi təhlükəli deyil. Çünki bir çox ölkələr var ki, onların dövlət borcunun ÜDM-ə nisbəti Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbətindən dəfələrlə çoxdur. Bizim Dövlət Neft Fondu kimi "təhlükəsizlik yastığı"mız var. Amma bununla belə mümkün qədər dövlət xərclərinə qənaət etmək lazımdır".

Maliyyə naziri Samir Şərifov sözügedən açıqlamasında onu da bildirib ki, son 2 ildə Azərbaycanda həyata keçirilən islahatlar makroiqtisadi vəziyyətin sabitləşməsinə, dayanıqlı büdcə siyasətinin aparılmasına münbit şərait yaradıb: "Bunun hesabına sosial məsələlərin həlli mümkün olub. Etiraf etmək lazımdır ki, son iki-üç il Azərbaycan üçün çox ağır və sınaq illəri olub. Həmin illər ərzində biz müəyyən xərclərə getməli idik".

"Maliyyə-bank sektorunda yaranmış problemlərin həlli üçün böyük məbləğdə vəsait xərclənib. Bizim borcumuz xarici valyutada götürülür. ÜDM isə 3 il bundan əvvəl manatla ifadə olunurdu, məzənnə də bəlli idi. Devalvasiyadan sonra bizim ÜDM dollarla ifadədə azalıb. Xarici borcumuzun ÜDM-ə nisbəti iki dəfə artıb" — nazir əlavə edib.

Top
JoomlaLock.com All4Share.net