Süpürgəçi: "Axşama kimi küçə süpürüb, ayda 52 manat alırdım"
Featured

27 İyul 2018

Küçə təmizləyən qadın: "Müdir maaşın yarısını özünə götürürdü"
Röyalə Əzimova deyir, 122 manat maaşa imza atıb, faktiki 52 manat alırmış

"5 ay səbr etdim, dedim, bəlkə özləri dinə-imana gələrlər, halal-haram bilərlər. 3 uşaq anasına küçə süpürtdürüb maaşının yarısını əlindən almağın günah olduğunu anlarlar.

Nəhayət, dözə bilmədim, bir gün dilə gəldim, maaşının tam ödənilməsini tələb etdim. Məni işdən çıxartdılar".

Röyalə Əzimova Qazax rayonunda yaşayır. 3 uşaq anasıdır. Uzun müddət iş axtarışında olub. Nəhayət, 5 ay əvvəl Qazax Rayon İcra Hakimiyyətinin başçısının qəbuluna gedib. Ailənin sosial durumunun acınacaqlı olduğunu deyib. İcra başçısı onun Mənzil Kommunal Təsərrüfat İstismar Birliyində işlə təmin olunmasına görə tapşırıq verib. Beləcə, Röyalə xanım təmizlikçi işinə götürülüb. Elə ilk maaşöncəsi Birliyin müdiri Arif Heydərovdan xəbərdarlıq alıb.

Axşama kimi küçə süpürüb, ayda 52 manat alırdım

"Maaş vaxtı müdir yanına çağırdı, dedi: "Əmək haqqı kartın məndədir, məndə qalacaq, özüm maaşını çıxarıb sənə verəcəm. Buranın qaydası belədir". Çıxarıb 52 manat verdi, dedim, axı mənə 122 manat maaş vəd olunmuşdu, dedi, 70 manatı mənə çatır. Beləcə, səhər o başdan evdən çıxırdım, gəlib süpürgəni götürüb düşürdüm küçələrin canına, süpürürdüm, maaş vaxtı gələndə çağırıb 52 manat verirdi, 70 manatı özünə götürürdü", - şikayətçi deyir.

Röyalə xanım 5 ay səbr edib, işləyib, 122 manatlıq maaş cədvəlinə imza atıb, 52 manat alıb və susub. Bu yaxınlarda növbəti maaş vaxtı çatanda səsini qaldırıb:

"Bu dəfə müdir çağırıb maaşımın yarısını verəndə dedim, maaşımı bütöv istəyirəm. Evdə üç körpə uşağım var, əlil ərim var, əmək qabiliyyəti yoxdur. Nə vaxtadək mən küçə süpürəcəm, siz maaşımı yeyəcəksiz? Dedi, buranın qaydası budur, xoşun gəlmir, xoş getdin".

Röyalə xanım iddia edir ki, yenə maaşı ona tam verilməyib. Əvəzində isə işini itirib. Növbəti gün müdir onu yanına çağıraraq deyib ki, küçə süpürməyi qane etmir:

"Dedi, süpürgəni də qoy yerinə, xudahafiz... Küçə süpürməyin xoşuma gəlmir. İndi yoldaşım da, özüm də icra hakimiyyətinə gedib-gəlirik ki, həm şikayətmizi bildirək, həm də məni maaşımı tam şəkildə ödəmək şərtilə işə bərpa etsinlər. Başçının qəbuluna düşə bilmirik".

Röyalə xanımın həyat yoldaşı deyir, o, maaşın tutulmasına görə birliyin müdiri ilə görüşüb:

"Dedim, mən əlil canımla uşaqları saxlayıram, əmək qabiliyyətim yoxdur, yoldaşım gedir küçə süpürür, niyə bunun maaşından 70 manat kəsirsən? Dedi, bu, müvəqqəti haldır, Qazax rayonunun abadlıq işlərinə görə tutulur. Dedim, axı prezident özü abadlıq işlərinə görə pul ayırır, bir süpürgəçinin qəpik-quruşuyla Qazaxmı abadlaşacaq?

Bu qədər süpürgə, xəkəndaz satırsız, pulunu qoyursunuz cibinizə, süpürgəçi küçəni az qala qırx ilin üzülmüş süpürgəsi ilə süpürür. Cibinizə qoymayın, abadlıq işlərinə xərcləyin. Yoldaşımın maaş tələbindən, üstəlik də mənim müdirin üstünə getməyimdən sonra onu işdən çıxartdılar".

Cəfəngiyyatdır
Meydan TV Arif Heydərovla əlaqə saxlaya bilməyib. Mənzil Kommunal Təsərrüfat İstismar Birliyinə məxsus telefona cavab verən olmayıb. Qazax Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, işlə bağlı vətəndaşların müraciətləri imkan daxilində təmin edilir. Əgər vətəndaşa uyğun iş varsa, mütləq işlə təmin olunur. Yoxdursa, rayondakı Məşğulluq Mərkəzinə yönləndirilir.

Röyalə xanım da başçıya müraciət edəndən sonra Mənzil Kommunal Təsərrüfat İstismar Birliyində işə götürülüb. Lakin ötən ay işdən azad edilib. Səbəbsə öhdəsinə düşən vəzifəni yerinə yetirə bilməməsi ilə bağlıdır: "Hamısı cəfəngiyyatdır. Niyə o xanım 5 ayda gəlib quruma bildirmirdi ki, kartı özündə deyil, maaşı tam ödənilmir? İşdən çıxarılandan sonra təbii ki, belə deyəcək. Quruculuq-abadlıq işlərinə pul ayrılır və həmin vəsaitlə də bu işlər görülür. Fəhlədən, süpürgəçidən, sürücüdən pul tutulması ilə bağlı deyilənlər yalandır".

Röyalə xanım üç övladını saxlamaq üçün yenə iş axtarışındadır. Elə bir iş axtarır ki, maaş kartı cibində, maaşı da tam şəkildə kartında olsun.

Top
JoomlaLock.com All4Share.net