İrana qarşı sanksiyalar Bakıda evlərin qiymətini artıracaq
Featured

06 Noyabr 2018

Sanksiyaların aid olmadığı səkkiz ölkə arasında Azərbaycan yoxdur.

"İrana qarşı sanksiyalar Azərbaycanda mənzil satışı və kirayə bazarında qiymətlərə artıcı təsir göstərəcək".

Bu barədə noyabrın 5-dən ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsi ilə bağlı "Facebook" sosial şəbəkəsindəki profilində iqtisadçı Qubad İbadoğlu yazıb.

Onun sözlərinə görə, sanksiya Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisində çətinliklər yaradacaq:

"Azərbaycan üzərindən Rusiya-İran ticari-investisiya münasibətlərinə mənfi təsir göstərəcək. Eləcə də İranla-Azərbaycan arasında rəsmi iqtisadi əlaqələr zəifləyəcək".

Q.İbadoğlu hesab edir ki, bu sanksiya İran mənşəli sərmayələrin və köçürmələrin Azərbaycan üzərindən həyata keçirilməsini stimullaşdırmaqla, Azərbaycan iqtisadiyyatına müsbət impulslar verəcək:

"Xüsusilə də Bakı şəhərinin əmlak və kapital bazarına İrandan sərmayələr artacaq. Bu, təbii ki, torpaq, mülk, mənzil satışı və kirayə bazarında qiymətlərə artırıcı təsir göstərəcək, amma valyuta bazarında sabitləşdirici rol oynayacaq. Bununla yanaşı, Azərbaycanda İran mənşəli biznes fəaliyyətləri də genişlənəcək. Bir sözlə İrandan "qaçan" kapital Azərbaycanda bazar axtaracaq".

ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların ikinci mərhələsi noyabrın 5-dən qüvvəyə minib.

ABŞ administrasiyası sanksiyaların cəmi səkkiz ölkəyə aid olmayacağını bəyan edib. ABŞ rəsmiləri bildiriblər ki, bunlar Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyədir.

ABŞ dövlət katibi Mayk Pompeo bəyan edib ki, bu ölkələr də öz növbəsində İranla əməkdaşlığın həcmini azaldacaqlar.

ABŞ analitikləri hesab edirlər ki, sanksiyalar nəticəsində İranın neft hasilatı 30 faiz azalacaq. Ölkədə işsizlik artacaq, milli valyuta ucuzlaşacaq.

ABŞ İran qarşısında 12 maddədən ibarət tələb irəli sürüb. Bunların da arasında uranın zənginləşdirilməsindən imtina etməsi, İran həbsxanalarındakı ABŞ vətəndaşlarının azadlığa buraxılması, Yəməndə husilərə, Livanda "Hizbullah"a dəstəkdən imtina, İsrailə qarşı heç bir təhdidin səsləndirilməməsi və Suriyadan iranlı hərbiçilərin çıxarılması var.

Siyasi icmalçı Zərdüş Əlizadə Meydan TV-yə bildirmişdi ki, belə bir durumda Azərbaycan İranla iqtisadi münasibətləri inkişaf etdirsə, yaxşı qazanc götürər:"Sanksiyalara gəlincə, İran 1979-cu ildən təzyiq altında yaşadığından buna da dözəcək. Yaxud Kuba ötən əsrin 60-cı illərindən cəza tədbirləri altındadır, Rusiya isə 6 ilə yaxındır sanksiyalar altındadır. Təbii ki, müəyyən narazılıqlar yaranır, amma sistem teokratik olduğundan dayanıqlıdır, hələlik Qurani-Kərimə qalib gələn heç bir ideologiya yoxdur".

Trend agentliyi Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayevaya istinadən xəbər verib ki, ABŞ tərəfindən İrana qarşı tətbiq edilən sanksiyalar və onların mümkün təsir və nəticələri ekspertlərimiz tərəfindən ətraflı şəkildə araşdırılır.

"İran Azərbaycanın yaxın qonşu ölkəsidir və bir çox sahələrdə mühüm tərəfdaşıdır. Eyni zamanda, Azərbaycanla ABŞ arasında mövcud olan çoxşaxəli münasibətlər bizim üçün əhəmiyyət kəsb edir".

Top
JoomlaLock.com All4Share.net