Unudulmayan şairin doğum günü
Featured

14 Oktyabr 2018

Bu gün sevimli şairimiz Məmməd Arazın doğum günüdür. O, 14 oktyabr 1933-cü ildə Şahbuzun Nursu kəndində dünyaya göz açıb.

Azərbaycan şairi,tərcüməçi, publisist, Azərbaycan SSR Əməkdar mədəniyyət işçis, Azərbaycan Əməkdar incəsənət xadimi, Azərbaycan SSR dövlət mükafatı laureatı, Azərbaycanın xalq şairi Məmməd Araz Azərbaycan Pedaqoji İnstitutunda təhsil aldığı illərdə yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edir. Burada bəyənilən "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib.

Ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini, "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru vəzifələrində çalışıb.

Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilib. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır. Onun adına "Məmməd Araz" mükafatı təsis olunub.

2004-cü ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

Məmməd Arazın adının əbədiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti iki dəfə Sərəncam imzalayıb. Bakının "Gənclik" metro stansiyası yaxınlığında, Atatürk prospekti ilə kəsişən Teymur Əliyev küçəsi Məmməd Arazın adını daşıyır.

"Sevgi nəğməsi", "Üç oğul atası", "Araz axır", "Mən səni taparam", "Anamdan yadigar nəğmələr", "Ömür karvan, "İllərdən bəri", "Qanadlı qayalar", "Atamın kitabı", "Həyatın və sözün rəngləri", "Oxucuya məktub, "Aylarım, illərim", "Dünya sənin, dünya mənim", "Dünya düzəlmir, "Daş harayı", "Qayalara yazılan səs", "Yol ayrıcında söhbət", "Sənətdə son mənzil olmur", "Ağlayan qayalar", "Vətən deyin", "Əsgər andı" və digər kitabların müəllifidir.

Məmməd Araz eyni zamanda dünya ədəbiyyatından dilimizə etdiyi tərcümələrlə də Azərbaycan oxucusunun zəngin mütailə sahibi olmasına kömək edib. Onun rus dilindən ana dilimizə çevirdiyi Mixalkovun, Ağacanyanın, Svetlovun, Nekrasovun, və dünya şairlərinin şeirlərindən ibarət "Ocaq başında" kitabları sovet dönəmində oxucular arasında geniş yayılmışdı.

Top
JoomlaLock.com All4Share.net