Musiqimizin yorulmaz əsgəri Cavanşir Quliyev...
Featured

22 Noyabr 2018

Bu gün Azərbaycanın dünyaca ünlü bəstəkarı Cavanşir Quliyevin doğum günüdü.

Cavanşir Rəhim oğlu Quliyev 1950-ci il noyabrın 22-də Şəkidə doğulub. Orta rus məktəbini 1967-ci ildə, Şəki Musiqi Texnikumunu 1968-ci ildə bitirib. Həmin il Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri Fakültəsinin Tar Şöbəsinə daxil olub. İki ildən sonra Konservatoriyanın Bəstəkarlıq Fakültəsinə keçib və 1975-ci ildə görkəmli bəstəkar, professor Cövdət Hacıyevin sinifini bitirib.

Diplom işi – böyük simfonik orkestr üçün “Birinci Simfoniya” olub. Hələ tələbə ikən, C.Quliyev bəstəkarlıqda eksperimentlərinə başlamışdı. 2-ci kursda oxuyarkən yazdığı “Birinci Kvartetdə”, gələcəkdə əsas yaradıcılıq prinsipi olan milli musiqinin çağdaş bəstəkarlıq texnikası ilə sintezləşdirərək, yeni musiqi tərzinin üzə çıxmasına nail olmuşdu.

Əsər dinləyənlər tərəfindən böyük maraqla qarşılanmış, bəyənilmiş və uzun müddət “millilik və müasirlik” baxımından yaradıcı mübahisələrin səbəbi olmuşdur. Bir sıra Konsrvatoriyalararası konfranslarda, o zamanki SSRİ Bəstəkarlar İttifaqında (Moskva) səsləndirilmiş, və böyük maraq doğurmuşdur. Sonralar C.Quliyevin bu üslubda bəstələdiyi bir sıra başqa əsərləri Avropanın çeşidli ölkələrində və Amerikada ifa olunaraq, böyük rəğbət görmüşdür.

Cavanşir Quliyev müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir. C.Quliyev ilk dəfə sazı kamera musiqisində kamanla, violonçellə, fleyta ilə bərabər şəkildə tədbiq etmişdir. C.Quliyev ilk dəfə sazı və zurnanı simfonik və simfo-caz orkestrlərin tərkibinə daxil edərək, əsas alətlər şəklində işlətməyə nail olub.

1973-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində səs rejissoru işləməyə başlayıb və həmin vəzifədə 17 il çalışıb.

Daha sonra Azərbaycan Dövlət Konsert Birliyinin bədii rəhbəri olub. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında – Bakı Musiqi Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib. Paralel olaraq Akademik Milli Dram Teatrında musiqi hissə müdiri işləyib.

2003-cü ildən Azərbaycən Milli Konservatoriyasının dosenti, 2005-ci ildən professoru, 2005-ci ildən – Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitəsinin Səhnə Sənətləri Fakultəsinin professorudur.

Top
JoomlaLock.com All4Share.net