İlqar Məmmədovun vəkili ilə görüşünə imkan verilməyib
Featured

30 Sentyabr 2017

Respublikaçı Alternativ (REAL) Hərəkatının sədri İlqar Məmmədovun saxlandığı 2 saylı cəzaçəkmə müəssisəsində vəkili ilə görüşünə imkan verilməyib. Bu haqda REAL üzvü Zöhrab İsmayıl məlumat verib.

Məlumatda bildirilir ki, sentyabrın 29-da vəkil Fuad Ağayev Ilgar Mammadovla görüşmək üçün Binə qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsinə gedib. Vəkili təxminən 50 dəqiqə gözlətdikdən sonra görüşə icazə verməyiblər. Səbəb kimi isə görüş otağında istintaq aparıldığını göstəriblər.

Görüşə imkan verilməməsi İlqar Məmmədovun durumu ilə bağlı narahatlıq yaradıb.

İlqar Məmmədov 2013-cü ilin fevralından həbsdədir. REAL sədri həmin ilin yanvarında İsmayıllıda keçirilən etiraz aksiyalarının təşkilində ittiham edilərək həbs olunub. CM-nin 220-ci (kütləvi iğtişaşların təşkili) maddəsi ilə təqsirləndirilən İlqar Məmmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.

Lakin yerli və beynəlxalq insan haqları təşkilatları ona qarşı ittihamların saxta olduğunu hesab edir. Elə Avropa İnsan Haqları Məhkəməsi də öz qərarında bu nəticəyə gəlib.

Qərarda açıq şəkildə yazılıb ki, İlqar Məmmədovun həbsi siyasi motivlidir. Dəfələrlə beynəlxalq təşkilatlar Azərbaycan hökumətini Avropa Məhkəməsinin qərarını icra etməyə, REAL sədrini həbsdən buraxmağa çağırıb.

Bu yaxınlarda bəyan edilib ki, Avropa Məhkəməsinin qərarının icra olunmaması ilə əlaqədar oktyabrda keçiriləcək iclasda Azərbaycanla bağlı məsələyə baxılacaq.

Top
JoomlaLock.com All4Share.net